Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Hərbi bazalar, yaxud Müttəfiqlik haqqında Bəyannamə qonşuları niyə narahat edib

© © Murat Cetinmuhurdar/Presidential Press Office/Handout via REUTERSВстреча президентов Азербайджана Ильхама Алиева и Турции Реджепа Тайипа Эрдогана в Шуше, 15 июня 2021 года
Встреча президентов Азербайджана Ильхама Алиева и Турции Реджепа Тайипа Эрдогана в Шуше, 15 июня 2021 года - Sputnik Azərbaycan, 1920, 20.06.2021
Abunə olmaq
Peskov hesab edir ki, istənilən addımlar Qafqazda vəziyyətin sonrakı sabitləşməsinə, infrastrukturun, logistikanın inkişafına, ümumiyyətlə vəziyyətin düzəlməsinə xidmət etməli, gərginliyin artmasına səbəb olan hansısa elementləri ehtiva etməməlidir.

İyunun 14-ü Yasamal Rayon Məhkəməsində Qarabağda döyüşən livanlı muzdlu terrorçu Eulcekcian Viken Abrahamın cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb.

Hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin qərarına əsasən Eulcekcian Viken Abraham 20 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, o cəzanın ilk 5 ilini həbsxanada, digər hissəsini ilə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Xatırladaq ki, prokuror çıxışında məhkəmədən Eulcekcian Viken Abrahamın 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

İttiham aktı

Mayın 25-də Bakı Hərbi Məhkəməsində Qarabağda döyüşən livanlı muzdlu terrorçu Eulcekcian Viken Abrahama hakim Elbəy Allahverdiyevin sədrlik etdiyi prosesdə ittiham aktı elan olunub.

Daha sonra təqsirləndirilən şəxs sərbəst ifadə verib.

Cinayət işində Eulcekcian Viken Abrahamın muzdlu kimi Ermənistan tərəfindən döyüşlərdə iştirakını sübut edən foto və videogörüntülər də var.

Ərdoğanın tarixi Şuşa səfəri və Müttəfiqlik haqqında Bəyannamə

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 15-də Şuşada rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və birinci xanım Əminə Ərdoğanı qarşılayıblar.

Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verib. Türkiyə Prezidenti Azərbaycan əsgərlərini salamlayıb. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Türkiyə Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səslənib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşısından keçib.

Şuşa Bəyannaməsi imzalanıb

İyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşündən sonra "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" imzalanıb.

Azərbaycan üçün çox önəmli bir tarixdə - Milli Qurtuluş Günündə, Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsini prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan imzalayıblar.

Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşada təkbətək və geniş tərkibdə görüşlərdən sonra bəyanatla çıxış ediblər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisdə çıxış etdi

"Bu Zəfərlə Qafqazda qanayan bir yara qapanmış, bölgədə davamlı sülh və sabitlik üçün böyük fürsət yaranmışdır. Qafqazdakı sülh və sabitlikdən təkcə Azərbaycan deyil, Ermənistan da daxil olmaqla, bütün bölgə ölkələri, hətta bütün dünya qazanacaq. Biz də azərbaycanlı qardaşlarımızla bölgənin tamamilə inkişafı, rifahın yüksəlməsi, sabitliyin möhkəmlənməsi üçün üzərimizə düşəni yerinə yetirməyə bütün səmimiyyətimizlə hazırıq.

Geridə qoyduğumuz otuz ildə - Qarabağda yaşanan böhranlı dövrdə kimlərin əlinə nə keçdiyi, kimlərin bu işdən qazanclı çıxdığı, kimlərin də itirdiyi çox yaxşı bilinir. Canı yananlar, qanı tökülənlər, acı çəkənlər, maddi və mənəvi olaraq itirənlər ancaq Qarabağda yaşayan insanlardır. Asan deyil, otuz il. Mənim azərbaycanlı qardaşlarım öz məskənlərindən təəssüf ki, otuz ildir köçkün düşüblər. O torpaqlar işğal altında idi. İşğal altındakı həmin torpaqlar otuz il sonra, çox şükür, yenidən sahiblərinə qovuşdu", - Prezident Ərdoğan çıxışında qeyd edib.

Onun sözlərinə görə, Qarabağda otuz ildir davam edən münaqişənin həll olunmamasına müşahidəçi qalanlar, daha doğrusu, münaqişənin davam etməsi üçün səy göstərənlər daim qazananın tərəfində olublar: "Davamlı sülhə gedən yolun bölgədəki bütün xalqların və dövlətlərin qarşılıqlı etimada əsaslanaraq inkişaf etdirəcəkləri əməkdaşlıqdan keçdiyinə inanırıq. Böyük bir liderlik göstərərək bu Zəfəri və sülhü Azərbaycana qazandıran Azərbaycan Ordusunun Ali Baş Komandanı və Azərbaycan Prezidenti hörmətli qardaşım İlham Əliyevi bir daha təbrik edirəm. Liderlərinin arxası ilə Qarabağda Zəfər qazanmaq üçün tək yumruq, tək ürək olan, milli birlik və bərabərlik hisslərini ən yüksək səviyyədə nümayiş etdirən Azərbaycan xalqını təbrik edirəm. Gözlərini qırpmadan Vətən üçün, Qarabağ üçün, Qarabağın azadlığı üçün qəhrəmancasına mübarizə aparan Azərbaycan Silahlı Qüvvələrini təbrik edirəm. Şəhidlərimizin hər birinə Allahdan rəhmət diləyir, yaxınlarına başsağlığı verirəm".

İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış vəziyyət barədə danışan Türkiyə Prezidenti deyib: "Qafqazda sülh və sabitlikdən təkcə Azərbaycan deyil, Ermənistan da daxil olmaqla, bütün bölgə ölkələri, hətta bütün dünya qazanacaq. Biz də azərbaycanlı qardaşlarımızla bölgənin tamamilə inkişaf etdirilməsi, rifahın yüksəlməsi, əmin-amanlığın kök salması üçün üzərimizə düşəni yerinə yetirməyə bütün səmimiyyətimizlə hazırıq".

Türkiyə Prezidenti qeyd edib ki, Zəngəzur dəhlizinin bölgəyə gətirəcəyi faydaların və zənginliyin sözlə ifadəsi mümkün deyil: "Bütün bunlar Azərbaycanla birlikdə Ermənistan üçün də yeni bir dönəmin başlanğıcıdır. Məsələn, Zəngəzur dəhlizi ilə çəkiləcək dəmiryolu ilə ermənilər də hərəkət edə, Moskvaya, bütün dünyaya gedə biləcək, bununla özlərini saldıqları blokadadan qurtulacaqlar. Ermənistan Azərbaycanla problemlərini həll etdikcə biz də lazımi addımlar atacağıq. Türkiyə ilə sərhədlərin açılmasının Ermənistan üçün faydalarını saymaqla bitməz".

Dünyanın gözlədiyi Putin – Bayden görüşü

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Baydenin ilk görüşünə diqqət böyük idi. Xüsusi ilə nəzərə almaq lazımdır ki, ABŞ Prezidenti rusiyalı həmkarını "qatil" adlandırdıqdan sonra onunla görüşməyə razılıq vermişdi. Danışıqların asan keçməyəcəyi əvvəldən bəlli idi. ABŞ və Rusiya Administrasiyası görüşdən qabaq bunun siqnallarını verirdilər. Belə ki, hələ görüşdən qabaq Rusiya-ABŞ sammiti çərçivəsində hər hansı birgə sənədin imzalanmayacağı, hətta prezidentlər Vladimir Putin və Co Baydenin görüşün yekunlarına dair birgə deyil, ayrı-ayrılıqda mətbuat konfransı keçirəcəyinə dair məlumatların yayılması görüşün gərgin keçəcəyinin xəbərçisi idi.

Rusiya və ABŞ liderlərinin görüşü gözlənilənlərin əksinə 5 saat deyil, 3,5 saat çəkdi. Bu vaxta görüş zamanı edilən fasilənin müddəti də daxil idi. Görüşün yekunlarına dair keçirilən mətbuat konfransında Rusiya Prezidenti Vladimir Putin bildirib ki, amerikalı həmkarı Co Baydenlə qurumlararası səviyyədə strateji sabitliyə dair məsləhətləşmələrə dair razılığa gəliblər. O vurğulayıb ki, hər iki ölkə dünyada strateji sabitliyə dair xüsusi məsuliyyətin olduğunu anlayır. Tərəflər, həmçinin Rusiya və ABŞ səfirlərinin müvafiq olaraq Vaşinqton və ya Moskvaya geri qayıtmaları barədə razılığa gəliblər.

"La Qranj" iqamətgahında keçirilən görüşdən sonra Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Cozef Bayden birgə bəyanat veriblər.

"Bu gün biz nüvə müharibəsində qalibin olmadığı və onun ümumiyyətlə heç bir zaman başladılmaması prinsipinə sadiqliyimizi nümayiş etdirdik.

Bu məqsədlərə çatmaq üçün Rusiya və ABŞ yaxınlarda strateji sabitlik üzrə predmetli və enerjili ikitərəfli kompleks dialoq başladacaqlar. Bu cür dialoq vasitəsilə biz gələcək silahlanmaya nəzarət və risklərin azaldılması tədbirlərinin əsasını qoymağa can atırıq", - deyə birgə bəyanatda bildirilib.

Türkiyə millisinin Bakıdakı ilk oyunu və gözlənilməz məğlubiyyət

Bakıda futbol üzrə Avropa çempionatının qrup mərhələsinin ikinci turu çərçivəsində Türkiyə-Uels oyunu keçirilib. Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmada Uels millisi 2:0 hesabı ilə qalib gəlib.

Hesabı 42-ci dəqiqədə Aaron Remzi açıb. Matçın son dəqiqəsində isə Konnor Robert komandasının üstünlüyünü iki topa çatdırıb.

Azərbaycan üç erməni şirkət sahibini axtarışa verdi

Bir sıra kütləvi informasiya vasitələri və sosial media səhifələrində Ermənistan Respublikasına və oradan Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinə qaçaq yolla xüsusilə külli miqdar dəyərində silah sursatların, hərbi texnikanın qanunsuz olaraq daşınması barədə dərc edilmiş məlumatlar üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğunda araşdırma aparılıb.

Müəyyən edilib ki, biznes fəaliyyəti ilə məşğul olan, "Taşir" şirkətlər qrupunun rəhbəri Karapetyan Samvel Sarkisoviç, Ermənistanda "boz biznesmen" kimi tanınan və "Royalsys Engineering" şirkətinin sahibi David Qalustyan, "KOMEX" şirkətinin baş direktoru Abramyan Ara Arşaviroviç və qeyriləri Ermənistan Respublikasının Silahlı qüvvələrini qanunsuz olaraq silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz edilməsi üçün 2001-2021-ci illər ərzində müxtəlif vaxtlarda hava yolu ilə "Beynəlxalq yük daşımaları haqqında" Gömrük Konvensiyasının, "Avropada Adi Silahların Məhdudlaşdırılması" haqqında Müqavilənin tələblərinə zidd olmaqla müxtəlif reyslərlə uçan sərnişin təyyarələri, habelə Ermənistan Hərbi Hava Qüvvələrinin İL-76 TD tipli yük təyyarəsi ilə, eləcə də Ara Abramyan tərəfindən alınmış "İLYUSHİN-76TD" tipli, yük daşıma təyinatlı təyyarə ilə - ayırdıqları maliyyə vəsaiti hesabına hərbi təyinatlı iri çaplı odlu silah, döyüş sursatı, hərbi təyinatlı partlayıcı maddələr və qurğuları, o cümlədən raketləri qanunsuz əldə edib Ermənistan Respublikasına və Ermənistanın işğalına məruz qalmış Azərbaycan Respublikasının Dağlıq Qarabağ və ətraf rayonlarına qaçaq yollarla daşınmasını təşkil edib.

Faktla bağlı 28 aprel 2021-ci il tarixdə Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Qeyd edilən əməllərə görə Karapetyan Samvel Sarkisoviç, David Qalustyan və Ara Abramyan CM-nin 100.1 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama və ya başlama), 218.1 (ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə), 279.1 (Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə), 206.4-cü ( qaçaqmalçılıq mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarış elan edilib.

Hal-hazırda qeyd edilən cinayət işi ilə əlaqədar Baş Prokurorluq tərəfindən xarici ölkələrin aidiyyəti dövlət qurumlarına hüquqi yardımın göstərilməsi haqqında vəsatətlər göndərilib.

Baş Prokurorluq bəyan edir ki, qeyd edilən və bu kimi digər cinayət faktlarına görə təqsirkar şəxslərin beynəlxalq hüquq normalarına əsasən məsuliyyətə cəlb edilməsindən ötrü mümkün olan bütün tədbirlərin görülməsi davam etdirilir.

Azərbaycan və Rusiya arasında Xəzər dənizi məsələləri ilə bağlı məsləhətləşmələr keçirilib

İyunun 18-i Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Xəzər dənizi məsələləri üzrə ikitərəfli məsləhətləşmələr keçirilib.

Məsləhətləşmələrdə Azərbaycan tərəfini xarici işlər nazirinin müavini, Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov, Rusiya tərəfini isə Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, Rusiya Federasiyası Prezidentinin MDB üzv dövlətləri ilə Rusiya Federasiyasının dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi Mixail Petrakov təmsil edib.

Görüşdə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın implementasiyası ilə bağlı məsələlər, dövlət başçıları səviyyəsində növbəti Xəzər Zirvə Toplantısına hazırlıqla əlaqədar tədbirlər müzakirə edilib, eləcə də Xəzəryanı dövlətlər arasında hazırda razılaşdırma mərhələsində olan sahəvi əməkdaşlıq məsələləri ilə bağlı saziş layihələri danışıqların mövzusu olub.

Görüşdə, həmçinin Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun növbəti iclasının keçirilməsi və gündəliyinə dair məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Türkiyənin Azərbaycanda hərbi bazaları

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış Şuşa Bəyannaməsi çərçivəsində Azərbaycan ərazisində Türkiyə SQ hərbi bazasının yaradılmasından söhbət gedə biləcəyini deyib.

"Bu, (bazanın yaradılması - red.) bəyannamənin çərçivəsindən kənara çıxmır. Bu məsələnin inkişafı mümkündür. Bu mövzu Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putinin məsləhətləşmələrində müzakirə edilə bilər. Və bizim danışıqlarımızda da o, özünəməxsus şəkildə reallaşdırıla bilər", - Azərbaycanda Türkiyə bazasının yaradılması barədə sualı cavablandırarkən Türkiyə lideri söyləyib.

Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov isə bildirib ki, NATO ölkələrinin hərbi infrastrukturlarının Rusiya sərhədləri yanında qurulması Moskvanın xüsusi diqqəti üçün səbəb olacaq.

"İstənilən halda Alyansa üzv olan ölkələrin hərbi infrastruktur obyektlərinin bizim sərhədlərimizin yaxınlığında yerləşdirilməsi bizim xüsusi diqqətimizə, eləcə də bizim təhlükəsizliyimizi və maraqlarımızı təmin edən sonrakı addımlarımıza əsas verir", - Peskov jurnalistlərə deyib.

Onun sözlərinə görə, bu məsələni Rusiya diqqətdə saxlayır.

"Biz Qafqazda vəziyyətin stabilləşdirilməsi məsələsində Türkiyə Respublikası ilə qarşılıqlı fəaliyyətdəyik. Biz Ankara, Bakı, Yerevanla sıx təmasdayıq və hesab edirik ki, istənilən addımlar Qafqazda vəziyyətin sonrakı sabitləşməsinə, infrastrukturun, logistikanın inkişafına, ümumiyyətlə vəziyyətin düzəlməsinə xidmət etməli, gərginliyin artmasına səbəb olan hansısa elementləri ehtiva etməməlidir", - Putinin sözçüsü əlavə edib.

Xəbər lenti
0