18:46 23 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0264
  • RUB0.0233
TƏHLİL
Qısa URL
97

Buleq bir tərəfdən yazır ki, Rusiya tamamilə tükənib, digər tərəfdən də ABŞ-ın xarici siyasətində Çinin deyil, məhz Rusiyanın prioritet olaraq qalmasının vacibliyini vurğulayır. "Tükənmiş" vəziyyətdə olan rəqibə görə narahat olmağa dəyərmi?

Qərbin "qırğı"ları çox həyəcanlıdırlar. Məsələ burasındadır ki, son illər ABŞ və Rusiya prezidentləri arasında keçirilən istənilən görüş onu pozmaq cəhdi və təxribatlarla müşayiət olunur. 2018-ci ildə Donald Trampla Vladimir Putinin Helsinki sammitinə bir neçə saat qalmış ABŞ-da Rusiya vətəndaşı Mariya Butinanın həbs olunuduğu barədə xəbərin yayılmasını yada salmaq kifayətdir. Yaxud Ukraynanın Buenos-Ayresdə G20 sammiti çərçivəsində keçirilməsi nəzərdə tutulan prezidentlərin görüşünü ləğv etmək üçün bəhanə kimi istifadə edilən Kerç boğazında törətdiyi təxribatı xatırlamaq olar.

RİA Novosti-nin analitiki Vladimir Kornilovun yazdığına görə, şübhə yoxdur ki, indi Putinlə Baydenin Cenevrə görüşü ərəfəsində bu görüşü pozmaq üçün olmasa belə, ən azından çətinləşdirmək, dözülməz fon yaratmaq üçün cəhdlər və təxribatlar olacaq.

Aydın məsələdir ki, hamıdan çox demokratların özlərinə və dörd illik prezidentlik dövründə Rusiya-pərəst olmaqda günahlandırdıqları Trampa edilən hücumlara görə daha çox amerikalı respublikaçılar canfəşanlıq edirlər. Bir vaxtlar bütün demokratik mətbuatın "Putinin marionetkası" adlandırdıqları senator Ted Kruz indi bundan zövq aldığını gizlətmədən hər yerdə Baydenin necə "Putinin, Rusiyanın və Amerikanın düşmənlərinin yatağına süründüyündən" dəm vurur.

Ancaq bir qisim insan da var ki, qarşıdakı sammitlə bağlı narahatlıq keçirərək əllərindən gələn hər şeyi edirlər ki, onun işini pozsunlar. Bu kateqoriyaya çoxsaylı "Rusiya üzrə ekspertlər və ya belə demək mümkündürsə, kremlenoloqlar aiddir.

Onlar hər belə görüşü özlərinə qarşı ekzistensial təhdid kimi qiymətləndirərək münasibətlərin yenidən qurulması fikrindən dəhşətə qapılırlar. Halbuki heç kim ABŞ və Rusiya arasındakı münasibətlərin yenidən qurulacağına inanmır (Sergey Lavrov demişkən, "o qədər problem yığılıb ki, onları həll edib başa çıxmaq asan olmayacq"), Qərb kremlenoloqları hətta münasibətlərdə hər hansı bir istiləşmə barədə eyhamdan belə qorxuya düşürlər.

Onlar gözlənilən görüş ətrafında dözülməz informasiya atmosferi yaratmaq cəhdində bir qədər də uzağa gedərək Trampın öz xarici siyasətini Baydenin indiki siyasətindən daha ağıllı şəkildə qurduğunu söyləməkdən belə çəkinmirlər.

Bu mənada "The Times"-da Britaniyanın əsas kremlenoloqu Edvard Lukasın ən son köşə yazısı daha çox diqqəti çəkir. Edvard Lukas uzun illər Qərb mətbuatında Rusiyaya qarşı "xaç yürüşü"nə liderlik edib.

O indi bəyan edir ki, Rusiyaya münasibətdə "Baydenin komandası Obama administrasiyasının səhvlərini təkrarlayır". Daha sonra Lukas son vaxtlara qədər Qərbin liberal mətbuatı üçün ağlasığmaz görünən açıqlamalar verir:

"Əksinə, belə təəssürat yaranır ki, Donald Tramp tutarlı xarici siyasətə sahib insan kimi öz dəyərini almayıb. O, Çinlə bağlı söylədiklərində haqlı idi. Almaniyanı müdafiəyə lazımı qədər vəsait ayırmamaqda, səriştəsizlikdə və bu işə təkəbbürlə yanaşmaqda qınayanda da ədalətli davranırdı. O, həmçinin ABŞ-ın Avropada hərbi mövcudluğunu da artırdı".

Və bütün bunları yazan bir müddət əvvəl Trampın Rusiyanın Qərbə qarşı mübarizəsində Putinin müttəfiqi olduğunu iddia edən şəxsdir.

Əgər Rusiyanı müntəzəm şəkildə tənqid edən şəxs Trampın dünya tarixindəki rolunu düşünməyə başlayıbsa, onun Cenevrə görüşündən əvvəl nə qədər qorxuya düşdüyünü anlamaq olar.

Kreml əleyhinə daha bir əbədi mübariz – ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol da həmkarının münasibətlərin yenidən qurulacağı ilə bağlı fərziyyəsindən duyduğu əndişəni bölüşür. Əlbəttə, amerikalı demokrat britaniyalı həmkarından fərqli olaraq Trampın ünvanına komplimentlər yağdırmır. Ancaq bu yaxınlarda "The Washington Post" üçün yazdığı köşə yazısında o, açıq-aşkar konfrontasiyaya çağırır:

"Baydenin məqsədi Rusiya ilə münasibətləri qaydaya salmaq deyil. Bayden və onun komandası bunun yerinə təhlükəsizlik, iqtisadiyyat və əldə etmək istədikləri dəyərlər üçün xüsusi hədəflərini müəyyənləşdirməli, daha sonra məyusluqlara hazırlıqlı olmalıdırlar".

Makfon MSNBC-yə müsahibəsində daha açıq danışır: Ümid edirəm ki, prezident Bayden Putinlə sabit və əvvəlcədən proqnozlaşdırıla bilən münasibətlərdən danışmayacaq. Ümid edirəm ki, belə bir şey baş verməz".

İstefada olan diplomat müntəzəm şəkildə Baydenin Cenevrədə Moskva ilə heç vəchlə yaxınlaşmayacağına, yalnız "sərt mesajlarla kifayətlənəcəyinə" ümid etdiyini bildirir.

Əgər özlərini "Rusiya üzrə ekspert" adlandıran şəxslərin açıqlamalarına nəzər salsaq, onların fikirlərinin üst-üstə düşdüyünü görərik. Fransız kremlenoloqu Britaniyanın "Çatem-xaus" mərkəzinin bu yaxınlarda açıqladığı qalmaqallı hesabatın müəlliflərindən biri, Rusiya ilə əbədi izolyasiyaya çağıran Metyi Buleq Cenevrə sammitinin mümkün yekunlarını proqnozlaşdıraraq açıq-aşkar yazır: "Əslində, hazırda Moskva ilə münasibətlərin normallaşmaması daha yaxşıdır".

O da münasibətlərin yenidən qurulmasına nifrətlə yanaşaraq belə hesab edir ki, Qərb siyasətçilərinin Moskva ilə yenidən danışıqlara başlamaq cəhdi onların yaddaşının zəifliyinə, eləcə də "keçmiş təcrübədən dərc çıxara bilməmək qabiliyyətinə dəlalət edir.

Buleq "Çatem-haus" hesabat xəttini davam etdirərək ruslarla açıq-aşkar əbədi konfrontasiya siyasətinə çağırış edir. O eyni məqalədə öz-özünü təkzib etdiyinin belə fərqində deyil. Bir tərəfdən yazır ki, Rusiya tamamilə tükənib, digər tərəfdən də ABŞ-ın xarici siyasətində Çinin deyil, məhz Rusiyanın prioritet olaraq qalmasının vacibliyini vurğulayır. "Tükənmiş" vəziyyətdə olan rəqibə görə narahat olmağa dəyərmi?".

Buleq bütün bu mülahizələrini Avropa Siyasətinin Təhlili Mərkəzinin (Center for European Policy Analysis– CEPA) saytında dərc edib. Bu mərkəz son vaxtlar Rusiya əleyhinə analitik materialların əsas istehsalçılarından birinə çevrilib.

Mərkəzin mütəxəssisləri son zamanlar açıq şəkildə "Rusiyanın nəzarət altında parçalanmasına" çağırış edirlər. Yuxarıda adı çəkilən Edvard Lukas da özünü həmin quruma aid hesab edir.

ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi, Donbas münaqişəsini qızışdırmaq üçün əlindən gələni əsirgəməyən Kurt Volker də həmin saytda aktiv şəkildə çıxış edir.

Cenevrə görüşünün mümkün yekunlarını analiz edən amerikalı da Baydenin komandasını münasibətlərin stabilləşdirilməsi və proqnozlaşdırıla bilən hal almasından çəkinərək, əksinə görüş ərəfəsində Rusiyaya qarşı yeni sərt sanksiyalar tətbiq etməyə çağırır.

Onun fikrincə, bu, "danışıqların güc mövqeyindən aparılması" mənasına gələr. Anlamaq olmur ki, yeni sanksiyalar tətbiq ediləcəksə, görüşün keçirilməsinə nə ehtiyac var? Sanki ABŞ indiyə kimi sammitlərsiz-filansız sanksiya tətbiq etməyib.

Öz vəzifəsinin münaqişələrdən çıxış yolu göstərmək deyil, onları qızışdırmaq olduğunu düşünən peşəkar kremlenoloqların məntiqi budur. Onlardan bir çoxunun (yaşca daha böyük olanlarının) yaddaşında 90-cı illərin "dəhşətləri" hələ də qalır. SSRİ-nin dağılmasından sonra, aralarında, həqiqətən, öz işinin peşəkarı olan insanların da yer aldığı Qərb sovetoloqlarının xeyli hissəsi işsiz qalmışdı. "Rus məsələsi" üzrə ixtisaslaşmış analitik mərkəzlərin fəaliyyəti məhdudlaşdırıldı və Sovet İttifaqı əleyhinə təbliğat azaldıldı. Beləliklə, onlardan çoxuna ehtiyac qalmadı və yaddan çıxdılar.

2014-cü ilin hadisələri mətbuatda və ekspert dairələrində Rusiya əleyhinə əhval-ruhiyyəni qızışdırmaq üzrə ixtisaslaşmış bu insanlara tələbatı yenidən artırdı. Beləliklə, kremlenoloqların intibah dövrü başladı ki, sızan xəbərlərə görə, onlar Böyük Britaniyanın Integrity Initiative institutunun layihələri kimi işlərdən heç də pis pul qazanmırlar.

Əlbəttə ki, bu cür layihələrdə iştirak edənlər hər hansı bir rahatlaşmanın qarşısını almaq üçün əllərindən gələni edəcəklər.

Düzdür, "Rusiya üzrə mütəxəssislərə" artan tələb nə Rusiya, nə də postsovet məkanı ilə heç bir əlaqəsi olmayan insanların da bu cərgəyə qoşulmasına gətirib çıxardı. Odessanın Krımda olduğuna inanan və ya Ukraynanı Krım körpüsünə raket zərbəsi endirməyə çağıran kremlinoloqlar belə peyda oldular.

Hətta onlardan biri (amerikalı köşə yazarı Tom Roqan) bir az da uzağa gedərək Baydenin "Rusiya prezidentinin kuryerinə çevrildiyindən" dəm vurmağa başlayıb. Daha bir amerikalı jurnalist Qlenn Qrinvald liberal mətbuatın Tramp barədə oxuduğu köhnə mahnını təkrarlamağa başlayıb: "Putinin əlində prezident Baydenə qarşı hansı kozırlar var: maddi, siyasi, yoxsa şəxsi? Sualın cavabını bilmirəm, amma burada qəribə nəsə baş verir". Yeni Qərb "analitikasının" səviyyəsi bax budur.

Yaxın günlərdə belə materiallardan hələ çox görəcəyik. Əlbəttə, mətbuatın Baydenə təzyiqinin səviyyəsi hələ "Raşaqeyt" məsələsi ətrafındakı Trampa qarşı isterika ilə müqayisə olunacaq həddə deyil. Ancaq münasibətlərimizdə eskalasiya səviyyəsinin azalmasına dair hər hansı bir eyham olarsa, onun get-gedə artacağına şübhə yoxdur.

Kremlinologiyanın getdikcə daha qrotesk formalar qazanmasına baxmayaraq, bu, özlərini mütəxəssis və jurnalist elan edənlərin böyük bir kateqoriyası üçün çox qazanclı işə çevrilib. Odur ki, belə bir perspektiv olsa belə, onlar heç vaxt münasibətlərdə gərginliyin azalmasını istəməyəcəklər.

Əsas mövzular