Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Azərbaycanda keçirilən hərbi təlimlərin sərhəd mübahisələri ilə əlaqəsi varmı?

© AFP 2023 / STRINGERАзербайджанский военнослужащий, фото из архива
Азербайджанский военнослужащий, фото из архива - Sputnik Azərbaycan, 1920, 18.05.2021
Abunə olmaq
Ermənistan lideri Nikol Paşinyanın mayda dilə gətirdiyi emosional bəyanatlarına Paris və Vaşinqtonun operativ reaksiyası tamamilə sürrealist təsir bağışlayır – Fransa Yerevana dərhal hərbi yardım göstərməyə hazırdır (BMT-nin mandatı əsasında).

BAKI, 18 may — Sputnik. Aleksandr Xrolenko, hərbi şərhçi. Azərbaycan ordusunun əvvəlcədən elan olunmuş taktiki təlimləri Ermənistanın ərazi bütövlüyü və təhlükəsizliyinə qarşı heç bir təhdid kəsb etmir. Təlimlərlə eyni vaxta düşmüş iki ölkə arasında dövlət sərhədinin demarkasiyası (yerlərdə işarələrin və postların yerləşdirilməsi) atəşsiz, Sovet dövrünün hərbi xəritələri əsasında və Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr üçtərəfli razılaşması əsasında aparılır. Təbii ki, hərbi manevrlər və sərhəd demarkasiyası iki, tamamilə ayrı-ayrı tədbirlərdir və onları hansısa "təcavüz" adı altında birləşdirmək mümkün deyil.

Azərbaycan ordusu mayın 16-dan 20-nə qədər planlı təlimlər keçirir. Azərbaycanla Ermənistan arasında Sünik (Zəngəzur) vilayətində dövlət sərhədinin demarkasiyası fonunda baş verən xarici siyasi təlatüm isə ayrıca bir intriqa doğurur.

Demarkasiya həmişə çətin, lakin vacib işdir. Üçtərəfli danışıqlar SSRİ dövrünün xəritələrində inzibati sərhəd kimi qeyd olunmuş hissələrdə fikir ayrılığıını aradan qaldırmağa imkan verəcək. Uydurma bəhanə ilə KTMT-nin qüvvələri ilə hərbi əməliyyatları bərpa edərək Ermənistan daxilində siyasi böhranı aradan qaldırmaq cəhdləri səmərəsiz və perspektivsizdir.

Ermənistan lideri Nikol Paşinyanın mayda dilə gətirdiyi emosional bəyanatlarına Paris və Vaşinqtonun operativ reaksiyası tamamilə sürrealist təsir bağışlayır – Fransa Yerevana dərhal hərbi yardım göstərməyə hazırdır (BMT-nin mandatı əsasında). Ehtimal ki, sərhəd "kombinasiyasının" əsas məqsədi elə adı çəkilən təşkilatın nüfuzdan salınmasıdır.

Hərbi-siyasi oyunlar

Azərbaycan Silahlı Qüvvələrinin manevrlərində 125 min nəfər şəxsi heyətdən 15 min hərbi qulluqçu iştirak edir ki, bu da şəxsi heyətin 12%-i deməkdir. Təlimlərə zirehli texnika parkının 1/3-dən az hissəsi cəlb olunub. Hava məkanında da tapşırıqları yerinə yetirmək üçün uçuş aparatlarının 1/3-nə qədəri iştirak edir. Bu qüvvələr ciddi tapşırıqları həll edirlər, lakin Ermənistanın bütövlüyünə apriori heç bir təhlükə kəsb edə bilməz (özü də 2020-ci il 10 noyabr üçtərəfli razılaşmasından sonra). Bahar fəsli bir çox ölkələrdə hərbi təlimlər vaxtıdır.

ABŞ-ın Yerevandakı səfiri Linn Treysi mayın əvvəlində bildirib ki, "Ermənistanın KTMT-də təmsil olunması bu ölkəyə ABŞ tərəfindən hərbi yardım göstərilməsinə müəyyən məhdudiyyətlər yaradır". Buna paralel olaraq ABŞ Prezidenti Co Baydenin administrasiyası "Azadlığa dəstək aktına" 907-ci düzəlişin təxirə salınması müddətini uzadıb. Yəni Azərbaycana birbaşa hərbi yardım göstərilməsinə icazə verib. Belə təəssürat yaranır ki, Ermənistanı incə şəkildə KTMT-dən çıxmağa, "cazibə orbitini" dəyişməyə təhrik edirlər.

Digər tərəfdən Parisin Yerevanın xeyrinə bəyanatları (Fransa prezidenti Emmanuel Makron Azərbaycanı qoşunlarını Ermənistan ərazisindən çıxarmağa çağırıb) Cənubi Qafqazdakı kifayət qədər sakit vəziyyəti Ermənistan-Azərbaycan hərbi münaqişəsinin yenidən qızışmasına - münaqişə iştirakçılarının sayının ABŞ, Fransa, Türkiyə, İran və başqa ölkələr hesabına artmasına təhrik edir. Bunun kimə sərfəli olmasından asılı olmayaraq, hadisələrin bu cür inkişafı hökmən Rusiyanın maraqlarına zərbə olacaq. Yeri gəlmişkən, KTMT-də Sünik (Zəngəzur) vilayətində yaranmış münaqişəli vəziyyəti "üç gün ərzində" qiymətləndirməyə söz veriblər, aşkar hərbi təcavüz olmadığı üçün Ermənistana hərbi yardım barədə söhbət getmir. Bunun fonunda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov mayın 16-da çox sülhsevər şəkildə Ermənistanın KTMT-yə müraciətini "yerindəcə" həll edilə bilən problemin əsassız şəkildə siyasiləşdirilməsi cəhdi adlandırıb və qeyd edib ki, Azərbaycanın sərhəd qoşunları "öz ölkəsinin ərazisində" yerləşir.

Sərhəd kombinasiyası

Mayın 17-də Nikol Paşinyan növbəti dəfə kollektiv təhlükəsizlik müqaviləsi və Rusiya ilə strateji sistemində nəzərdə tutulmuş prosedurları aktivləşdirmək niyyətini dilə gətirib, belə ki, Ermənistan-Azərbaycan sərhədinin ayrı-ayrı hissələrində "gərginliyin artması tendensiyası" müşahidə olunur. Bəs həqiqətdə nə baş verir?

Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr üçtərəfli razılaşmasına müvafiq olaraq Ermənistanla həmsərhəd olan Kəlbəcər və Laçın rayonları ərazisində Azərbaycanın sərhəd qoşunları yerləşdirilir. Həmin ərazilər 30 ilə qədər Ermənistanın nəzarətində olub. Bu gün sərhəd xətti bərpa olunur – razılaşma (onu nəzərə almamaq mümkün deyil) və SSRİ Baş Qərargahının 1970-ci illərdəki xəritələri əsasında. Çətin olan demarkasiya prosesində "kartoqrafik" problemlərin olması qaçılmazdır, lakin Ermənistan, Azərbaycan və Rusiyanın mütəxəssisləri tərəfindən tamamilə həll oluna biləndir (Vaşinqton və Parisi bu işə cəlb etmədən).

Ermənistan Müdafiə Nazirliyinin məlumatlarına görə, mayın 12-si səhər saatlarında "Azərbaycan Silahlı Qüvvələri "sərhədlərin dəqiqləşdirilməsi" bəhanəsi ilə sərhədyanı ərazilərdən birində müəyyən işlər görməyə çalışıblar. Ermənistan bölmələrinin gördüyü tədbirlərdən sonra Azərbaycan hərbçiləri bu işləri dayandırıblar". Bundan dərhal sonra vəziyyətin nizamlanmasına dair danışıqlar başlanıb. Çox vacib bir məqam – hərbi nazirlik yoxlanılmamış məlumatları yaymamağa çağırıb, xüsusilə də bu təlaşın yayılmasına gətirib çıxara bilərsə (təəssüf ki, heç də hamı buna riayət etməyib).

Danışıqlarda iştirak edən Azərbaycanın Dövlət Sərhəd Xidməti bunları qeyd edib:

"10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanata əsasən işğaldan azad edilmiş Laçın və Kəlbəcər rayonlarının Ermənistan ilə həmsərhəd bölgələrində çətin dağ relyefi quruluşuna və iqlim şəraitinə malik olan məntəqələrdə hava şəraitinin yaxşılaşması ilə Azərbaycan sərhəd qüvvələri ölkəmizə aid mövqelərdə yerləşdirilir. Bu proses adi rejimdə və sistematik qaydada icra edilir".

Azərbaycan Xarici İşlər Nazirliyi mayın 13-də bəyan edib: "Müstəqilliyini bərpa etdiyi vaxtdan etibarən iki dövlət arasında məlum səbəblərdən dövlət sərhədi olmayıb və bu səbəbdən hazırda tərəflərin fikir ayrılığı ilə müşayiət olunan qəliz texniki prosesdən söz gedir".

Bəs bu qədər hay-küy haradandır? Əslində, guya ki, tərəflərin mövqelərində təlaş üçün heç bir səbəb yoxdur. Bakının da erməni tərəfinə heç bir iradı yoxdur. Regionda olan Rusiya hərbçiləri isə ümumiyyətlə heç bir səs-küylü bəyanat vermirlər – adi rejimdə əhalinin təhlükəsizliyini təmin edirlər, Ermənistanın Sünik (Zəngəzur) vilayətində üçtərəfli danışıqlarda iştirak edirlər.

Rusiyalı sərhədçilər, razılaşmaya əsasən, avtomobil yolunun Sünik vilayətindən keçən problemli hissəsində hərəkətin təhlükəsizliyinə və fasiləsizliyinə cavabdehdirlər (Gorus – David Bek və Gorus – Qafan). Burada həmçinin Rusiyanın 102-ci hərbi bazasının iki dayaq məntəqəsi yaradılıb ki, bu da Ermənistanın cənub hissəsinin təhlükəsizliyinə əlavə zəmanətdir.

Azərbaycan qoşunlarının Sünikdə (Zəngəzur) ehtimal olunan irəliləməsini Rusiya qoşunları ilə birbaşa hərbi toqquşma variantı kimi təsəvvür etmək olar. Uydurma ssenaridir.

Tarixən belə olub ki, MDB məkanında sərhədyanı münaqişələr adi günlərin qaydasıdır, daha müharibəyə başlamaq üçün səbəb deyil. Demarkasiya problemləri KTMT və ya NATO-nun virtual bayraqlarının yellədilməsini deyil, ikitərəfli danışıqların aparılmasını, diplomatik və texnoloji qərarların qəbul edilməsini tələb edir. Ermənistan və Azərbaycan sadəcə olaraq demarkasiya fazasını "yaşayıb" keçməlidirlər, axı yerlərdə qeyd olunmuş sərhəd olmasa, dövlət də olmur.

KTMT-nin güc ilə təsirinə gəldikdə isə, kəskin hərəkətlər üçün əsas və faktlar yoxdur. Azərbaycan sərhədçilərinin Ermənistan ərazisinə 3500 metr irəliləməsi barədə məlumatlar aşkar olaraq qəribə görünür. Burada kim kimi çaşdırmağa çalışır? KTMT-də müharibə və sülh problemləri ilə ciddi və məsuliyyətli mütəxəssislər məşğul olur. Ermənistana qarşı real təhlükə olmayacağı təqdirdə KTMT-nin hərbi reaksiyası da olmayacaq.

KTM haqqında müqavilənin 2-ci maddəsində deyilir: "İştirakçı – dövlətlər onların maraqlarına toxunan beynəlxalq təhlükəsizliyə dair bütün vacib məsələlərlə bağlı bir-biri ilə məsləhətləşmələr aparacaq və bu məsələlərlə bağlı mövqelərini razılaşdıracaqlar. Bir və ya bir neçə iştirakçı dövlətin təhlükəsizliyinə, ərazi bütövlüyünə və suverenliyinə və ya beynəlxalq sülh və təhlükəsizliyə qarşı təhdid yarandığı təqdirdə, iştirakçılar dərhal mövqelərinin əlaqələndirilməsi və yaranmış təhlükənin aradan qaldırılması məqsədilə müştərək məsləhətləşmələr mexanizmini işə salacaqlar".

Xəbər lenti
0