19:24 18 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0231
TƏHLİL
Qısa URL
56441

"Bu baxımdan Baydenin bu qərarı bizim üçün bir uğur olaraq dəyərləndirilməlidir. Çünki Co Bayden vitse-prezident olduğu vaxt dəfələrlə 907-ci düzəlişin ləğvinin əleyhinə olub. İndi isə o, bir növ özü-özünü inkar edərək bu düzəlişin dayandırılmasının müddətini uzadıb".

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 4 may — Sputnik. Xəbər verdiyimiz kimi, Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden Azərbaycana hərbi yardım edilməsinə icazə verib. Belə ki, Bayden Konqresi məlumatlandırıb ki, Administrasiya "Azadlığa Dəstək" Aktının 907-ci hüquqi qüvvəsini dayandırmağı uzadır. Baydenin qondarma erməni "soyqırım" ifadəsi işlətməsindən qısa müddət sonra belə bir qərar verməsi olduqca maraqla qarşılanıb. Belə ki, Co Bayden hələ özü ABŞ-ın vitse-prezidenti olduğu dövrdə dəfələrlə "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin ləğvinin əleyhinə çıxıb. Təbii ki, ABŞ Prezidentinin bu qərarı Bakı ilə Vaşinqton arasında münasibətlərə müəyyən mənada təsir edəcək. Sputnik Azərbaycan ABŞ rəhbərliyinin bu qərarı, onun nəticələri barədə hərbi ekspert Ədalət Verdiyevlə həmsöhbət olub.

Ədalət Verdiyev bildirib ki, bu qərar qəbul olunmasaydı, Azərbaycanla ABŞ arasında müxtəlif sahələrdə, o cümlədən sərhədlərin təhlükəsizliyi, hərbi, hərbi-texniki sahədə əməkdaşlığı məhdudlaşdıra bilərdi: "Bilirik ki, Co Bayden özü vitse-prezident olduğu müddətdə bu düzəlişin ləğvinə qarşı çıxanlardan biri olub. Əslində, mən prezident Baydenin belə bir qərar verəcəyini gözləmirdim. Təbii ki, Azərbaycan hazırda hərbi sahədə ABŞ-ın yardımından o qədər də asılı deyil. ABŞ tərəfindən hərbi yardım qismində ayrılan vəsait olduqca simvolikdir. Lakin bu işin beynəlxalq imic, prestij tərəfi də var".

© Photo : Courtesy of Adalyat Verdiev
Hərbi ekspert Ədalət Verdiyev

Hərbi ekspert bildirib ki, Baydenin əks addımı ABŞ-ın dövlət səviyyəsində Azərbaycanla əməkdaşlığına maneə yaradacaqdı: "Bu isə ABŞ orbitində olan digər dövlətlərin, xüsusilə NATO və digər qərb dövlətlərinin Azərbaycanla əməkdaşlığında inamın itməsi ilə nəticələnə bilərdi.

Yəni bu ölkələr adətən Birləşmiş Ştatların ağzına baxırlar. Əgər ABŞ hər hansı bir məsələ ilə bağlı mövqe bildirirsə, bu ölkələr onun iradəsinin əksinə hərəkət etmirlər. Bu baxımdan Baydenin bu qərarı bizim üçün bir uğur olaraq dəyərləndirilməlidir. Çünki Co Bayden vitse-prezident olduğu vaxt dəfələrlə 907-ci düzəlişin ləğvinin əleyhinə olub. İndi isə o bir növ özü-özünü inkar edərək bu düzəlişin dayandırılmasının müddətini uzadıb".

Ədalət Verdiyev vurğulayıb ki, rəsmi Vaşinqton "Azadlığa Dəstək" Aktının 907-ci düzəliş qəbul edərkən yanlışlıq etdiyini anlamağa başlayıb: "Belə ki, onlar bu düzəlişi qəbul edərkən artıq Azərbaycanın Şuşa, Laçın və Xocalı şəhərləri işğal olunmuş, Xocalı soyqırımı isə törədilmişdi. Belə bir şəraitdə ABŞ Azərbaycana qarşı 907-ci düzəlişi qəbul edir. Bu bir gecədə qəbul olunan ədalətsiz qərar idi. Halbuki bu qərar Azərbaycana yox, işğalçı Ermənistana qarşı qəbul olunmalı idi.

İndi Baydenin bu qərarı həm də demokratların öz səhvlərini qəbul etməsi anlamına da gələ bilər. Artıq onlar da azərbaycanlılara, türklərə qarşı "erməni soyqırımı" məsələsində haqsızlıq etdiklərinin fərqindədirlər. Birləşmiş Ştatlar, həmçinin yaxşı anlayır ki, regionda, Qafqazda Azərbaycan və Türkiyə olmadan, bu ölkələrin maraqları nəzərə alınmadan hər hansı bir ciddi layihəni həyata keçirə bilməz. Azərbaycan və Türkiyə regionun əsas söz sahibləridir. Birləşmiş Ştatlar öz qoşunlarını Əfqanıstandan çıxarmağa hazırlaşır və proses 5-6 ay çəkəcək. Bu müddətdə də Azərbaycan rəsmi Vaşinqtona hava-su kimi lazımdır".

Ekspert, həmçinin qeyd edib ki, Birləşmiş Ştatların başı Qarabağda gedən Vətən müharibəsi zamanı öz daxili işlərinə - seçkilərə və koronavirusla mübarizəyə qarışdığından regiona diqqət ayırmadılar: "Lakin Vaşinqton haqlı davasında Azərbaycana dəstək nümayiş etdirmədi. Rəsmi Bakı sülhməramlı missiyalarda, həmçinin Avropanın enerji təhlükəsizliyi məsələsində ABŞ-a verdiyi dəstəyə adekvat cavab ala bilmədi".

Ədalət Verdiyev vurğulayıb ki, Bayden sözdə erməni "soyqırımı" çıxışından sonra Azərbaycanla bağlı bu qərarı verməklə regionda bir növ balansı qorumaq, həmçinin Türkiyə ilə münasibətləri sona qədər pozmamaq üçün belə bir qərar verib.

Teqlər:
təhlil, ekspert, hərbi yardım, Konqres, ləğv, 907-ci düzəliş, ABŞ, Azərbaycan

Əsas mövzular