03:25 14 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0220
  • EUR2.0215
TƏHLİL
Qısa URL
11 0 0

Təqribən səkkiz milyard insanın dünya hökumətinin tabeliyinə keçməsinin necə həyata keçiriləcəyi məsələsi qaranlıq olaraq qalır.

BAKI, 7 aprel — Sputnik, Viktoriya Nikiforova. Bu günlərdə Böyük Britaniyanın Baş naziri Boris Conson, Almaniyanın Kansleri Angela Merkel, Fransa Prezidenti Emmanuel Makron, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru və bir sıra, əsasən Avropa ölkələri rəhbərlərinin birgə bəyanatı xüsusi diqqətə layiqdir.

Milli hökumətlərin ayrı-ayrılıqda pandemiyanın nəticələri ilə bacara bilmədiklərini bildirərək onlar bəşəriyyətdən dünya hökumətinin tabeliyinə keçməyi tələb ediblər.

Əslində, söhbət "pandemiyaya qarşı birgə ümumdünya mübarizəsi haqqında müqavilədən" gedir. Lakin kollektiv məktubda yer alan remarkalar göstərir ki, müraciət müəlliflərinin ambisiyaları daha da artıqdır. Belə ki, koronavirus pandemiyasını sənəddə "1940-cı illərdən bəri ən böyük çağırış" adlandırırlar. Onunla bağlı nəzərdə tutulan müqavilə isə birbaşa "1945-ci il müqaviləsi" (yəni Yalta müqaviləsi) ilə müqayisə olunur.

…Bir insan kimi onların bu təşəbbüsü başadüşüləndir. Belə ki, Merkel artıq dekabr ayında siyasi arenadan gedəcək. Makronun yaxın vaxtlarda baş tutacaq prezident seçkisində qalib gəlməsi inandırıcı görünmür. İngilislərin əksəriyyəti Consonu baş nazir vəzifəsində görmək istəmirlər. Amma axı bu şəxslər hələ idarə etmək istəyirlər?!

Maraqlı olan başqa məsələdir. Axı bu siyasətçilər dünyaya nə təklif edə bilərlər ki? Öz idarəetmə təcrübələrini? Axı öz ölkələri səviyyəsində vəzifələrinin öhdəsindən həddən artıq pis gəliblər. Mənasız lokdaunlar bir çox orta və kiçik biznesi müflis, turizm sektorunu isə demək olar ki, məhv edib.

Peyvəndləmə məsələsi isə sonsuz dava-dalaşa çevrilib. Əhali hələ də küçələrə çıxır, dağıntılar törədir, polislə davaya girişir. Cavabında isə hökumətlər cərimələri bir qədər də artırır, COVID pasportları şəklində aşkar seqreqasiyaya yol açır və əhalinin sağlamlığını təhlükəyə ataraq inadla rus peyvəndindən imtina edirlər.

Bununla eyni vaxtda isə nifrətlə "inkişaf etməkdə olan" adlandırılan ölkələr koronavirusu uğurla dəf edir, rus peyvəndini alır, avropalı tərəfdaşların tənəzzülündən istifadə edərək öz iqtisadiyyatlarını inkişaf etdirirlər.

Ötən il Avropa liderləri üçün epik bir iflas olub. Amma onlar üzr istəyərək təqaüdə getmək əvəzinə özlərini dünya lideri təyin etmək eşqinə düşüblər.

Dünya liderliyinə namizədlər özləri etiraf edirlər ki, onların tabeliklərindəki ölkələr İkinci Dünya müharibəsindən bu günə qədər ən güclü tənəzzülə uğrayıblar. Məsələnin incəliyi bundadır ki, bu tənəzzül onların elə özləri tərəfindən təşkil olunub – heç bir koronavirus bunu təkbaşına bacarmazdı. Nəticədə əhali işsiz, heç bir perspektivsiz və hökumətin hansısa sosial ödənişlərinin ümidinə qalıb.

Nəzərdə tutulan dünya hökumətinin ən maraqlı cəhəti odur ki, heç kim heç kimi seçməyəcək. İngilis və Amerika mediası məsələnin necə rəsmiləşəcəyini artıq izah edib. Məsələn, "The Week" məcmuəsi dünya hökumətinin başına bir nəfəri təyin etməyi, onu sadəcə olaraq "imperator" adlandırmağı təklif edib.

Amma imperator əvəzinə bütöv bir "siyasi büro"nun da təşkil olunma ehtimalı var. Lakin təcrübə göstərir ki, istənilən halda heç kim bizim rəyimizi heç soruşmayacaq da. Sadəcə olaraq hörmətli adamlar bir yerə toplaşıb kimisə hara lazımsa, ora təyin edəcəklər. Nə demokratiya? Nə seçki? Heç eşitməmişik də...

Dünya hökumətinin potensial üzvləri öz fəaliyyət proqramlarını açıqlamamağı üstün tutublar. Ancaq onu bildiriblər ki, bundan sonra pandemiyalar bir-birini əvəz edəcək və peyvəndlənmə və COVID pasportları bizimlə əbədi qalacaq.

Təqribən səkkiz milyard insanın dünya hökumətinin tabeliyinə keçməsinin necə həyata keçiriləcəyi məsələsi qaranlıq olaraq qalır.

Bəs məcburiyyət tədbirlərini kim həyata keçirəcək? BMT-nin NATO hərbçiləri ilə qarışdırılmış keçmiş sülhməramlıları? Bəlkə, Merkel və Makronun haqqında uzun-uzadı danışdıqları birləşmiş alman-fransız ordusu? Cavab isə yoxdur.

Bu tragikomik bəyanatın müəlliflərinin siyahısını oxumaq ayrıca zövq verir. Gəlin əvvəlcə kimlərin adının orada olmadığına baxaq. Orada nə ABŞ, nə Çin, nə Rusiya, nə Hindistan, nə Braziliya, nə Meksika, nə Kanada, nə Yaponiya var. Düzünü desək, həmin siyahıda təqribən 170-ə qədər BMT-yə üzv ölkənin adı yoxdur.

Nə olsun ki? ÜST-ün baş direktoru Tedros Adhanom Gebreyesus ki sənədi imzalayıb. Məsələ bundadır ki, ÜST yaradıcısı Brok Çisxol dünya hökuməti ideyasının aşkar fanatı olub. Budur, heç yüz il keçməmiş, bu ideyanın həyata keçməsi üçün imkan yaranıb.

Bəs gələcək dünya hökumətinin üzvlüyünə namizədlər arasında kimlər var? İnanılmaz olsa da, burada Fici, Albaniya, Trinidad və Tobaqo kimi geosiyasi nəhənglər və hətta Ukrayna rəhbərinin də imzası var.

Elə bu məqamda maraqlı bir fikir meydana çıxır. Bəlkə, bütün bu fantaziyalar elə Ukrayna üçün uydurulub? Axı özünü yoxsulluğa məhkum etmiş Avropa üçün hətta bu cür kiçik ərazi də koloniya kimi görünür. Ukraynada həm qara torpaq, almalar, salo, ucuz və tələbkar olmayan işçi qüvvəsi o qədərdir ki?! Bax bu boyda ərazini necə tabeçilikdə saxlamaq isə artıq başqa məsələdir.

Əsas mövzular