BAKI, 2 aprel — Sputnik, Viktoriya Nikiforova. 2004-cü ildə Roland Emmerixin "Birisigün" adlı ekran işi dünya ekranlarına çıxdı. Bu ekran əsərində fəlakət filmlərində sevdiyimiz hər şey var idi: xüsusi zövqlə çəkilmiş kütləvi ölüm və dağıntı səhnələri, melodramatik hekayə, gözəl musiqi və finalda bütün çətinliklərin dəf edilməsi...
"Birisigün" filmi bu gün də maraqla izlənir, bununla belə, mənəvi cəhətdən əhəmiyyətini itirib və hətta "ziyanlı" hesab oluna bilər. Məsələ burasındadır ki, filmdə bəşəriyyəti məhvə sürükləyən fəlakətdən – qlobal soyuqlaşmadan bəhs olunur. Film "Dünyanı gözləyən güclü fırtına" ("The Coming World Superstorm" kitabı əsasında çəkilib ki, 30 il bundan əvvəl planetin buz bağlayacağı ilə bağlı belə kitablar hər yerdə satılırdı.
Yaşlı insanlar yaxşı xatırlayırlar, 1970-90-cı illərin ən qorxulu ssenarilərindən biri "yeni buz dövrü"nün başlayacağı ilə bağlı idi. Bu ssenarilər də indi bizi qlobal istiləşmə proqnozları ilə qorxudan eyni nəşrlər və televiziya kanalları tərəfindən səsləndirilirdi.
Bu mövzu 1960-cı illərin sonlarında ortaya atıldı və bu gün olduğu kimi intensiv şəkildə təbliğ edilməyə başlandı. "The New York Times", 1969-cu il: "Sonumuza iyirmi il qaldı".
"The Guardian", 1974: "Buz dövrü sürətli templə gəlir. Tezliklə bütün buğda ehtiyatı tükənəcək və yeməyə heç nə tapa bilməyəcəyik. Ancaq bundan əvvəl içməli sudan məhrum olacağıq. Venesiya, Maldiv adaları su altında qalacaq, Nyu-York Yeni Atlantida kimi okeanın dibinə gedəcək. 2000-ci ilə qədər bütün planet buzla örtüləcək".
Bəs elm adamları bu məsələyə necə yanaşdılar? Onlar da qlobal soyuqlaşmanın tezliklə başlayacağı və çox dəhşətli nəticələrə gətirib çıxaracağı barədə elə hey yeni dəlillər tapırdılar: "Hamımız öləcəyik!"
Alimlər monoqrafiyalar yazandan, seminarlar keçirəndən sonra hakimiyyətə müraciət etdilər: "Əziz cənab prezident! Bütün planetin gələcəyi ilə bağlı narahatlıq keçirdiyinizi bildiyimiz üçün sizi bəşəriyyətin hələ indiyə kimi görünməmiş miqyasda qlobal iqlim dəyişikliyi ehtimalı ilə qarşı-qarşıya qaldığı barədə məlumatlandırmağa borcluyuq. Soyuqlaşma sürətlə davam edir..." – 1972-ci ildə Braunovski Unuversitetinin görkəmli alimləri ABŞ prezidenti Niksona yazmışdılar.
"Qlobal soyuqlaşma" dərhal soyuq müharibədə "silah"a çevrildi. Məhz həmin dövrdə Sovet İttifaqı neft emalını rekord miqdarda artıraraq qaz hasilatına da başladı. 1973-cü ildə Qərb neft qiymətlərinin birdən-birə kəllə-çarxa qalxmasından ziyan gördü ki, bu vəziyyəti yaradan da ərəb ölkələri idi. Halbuki həmin vaxt rus kommunistləri maneəsiz şəkildə Sibirdə neft çıxarır, üstəlik, onu bütün dünyaya satırdılar. Prezident Nikson isə amerikalıları çətin iqtisadi vəziyyətə alışdırmağa – maşına benzini bir gündən bir vurmağa, şosedə saatda 100 kilometrdən sürətlə getməməyə, evdə temperaturu 18 dərəcədən yuxarı qaldırmamağa və tez-tez təyyarə ilə uçmamağa çağırırdı. Sonradan "Nüvə qışı" bu əfsanənin bir qoluna çevrildi və SSRİ-yə qarşı siyasi təzyiq məqsədilə istifadə olundu.
Bəs bütün bu qorxunc nağıllar hara yoxa çıxdı?
2006-cı ildə, "Birisigün" filminin premyerasından cəmi iki il sonra "Təşviş doğuran həqiqət" adlı sənədli film Kann Festivalında təqdim olundu. Bu filmin sponsoru və baş qəhrəmanı Amerikanın məşhur siyasi klanının nümayəndəsi, ABŞ-ın eks-prezidenti Albert Qor idi. Növbəti il Qor bu filmə görə Nobel mükafatı aldı. "Həqiqət" isə ondan ibarət idi ki, bizim bütün bəlalarımızın səbəbi qlobal istiləşmədir.
Ve yenə elə həmin "The New York Times", "The Guardian", CNN və BBC Amerika administrasiyasının yeni gündəm mövzusunu təbliğ etməyə başladılar: İnsan fəaliyyəti atmosferə atılan istixana qazlarının çoxalmasına gətirib çıxarır. Bu isə istiləşməyə səbəb olur. İstiləşmə isə yaxşı əlamət deyil. Niyə? Səbəbini soruşmayın.
Bir sözlə, yenə belə məlum oldu ki, hamımızın axırı çatıb. 2009-cu ildə Böyük Britaniya şahzadəsi Çarlz bəşəriyyətin sonuna cəmi 8 il qaldığını elan etdi. 2013-cü ildə isə "The Guardian" Arktikadakı buzlaqların iki ildən sonra əriyəcəyini xəbər verdi.
Alimlər gündəmdə olan məsələni daha da geniş müzakirə etməyə tələsdilər. Yenidən seminarlar, konfranslar keçirildi, prezidentlərə müraciətlər ünvanlandı. Bütün bunlar Kioto protokolunun və iqlim haqqında Paris müqaviləsinin imzalanması ilə nəticələndi. Halbuki bir çox ekspertlər indiyə qədər də qlobal istiləşmə haqqında mifi kəskin tənqid edirlər.
Amerikanın yeni mifinin, qlobal soyuqlaşma haqqında əfsanədə olduğu kimi, iqtisadi məntiqi var. Bu, rəqibləri sıradan çıxarmaq cəhdidir. Bundan asan nə var ki! Rusiyadan gətirilən buğdanı və qazı qaralayıb bazardan sıxışdırıb çıxarmaq, bunun əvəzində öz məhsullarını sırımaq.
Və qlobal istiləşmənin geosiyasi əsasları "iqlim kralı" Con Kerri tərəfindən açıq şəkildə ifadə edildi: "Heç bir dövlət bu problemi (iqlim problemini - red.) təkbaşına həll etməyə qadir deyil. Məsələnin həlli yolunu özəl sektor göstərəcək. Hökumətlərin vəzifəsi isə onlara şərait yaratmaqdır. Biz bunun üçün müharibədə olduğu kimi döyüşəcəyik".
Qısacası, suveren dövlətlərə səlahiyyətləri özəl şirkətlərə vermək təklif olunurdu. Məsələn, varisi Con Kerrinin həyat yoldaşı olan "Heinz" şirkəti kimi.
Milli dövlətlərə hamının iradı var, hakimiyyəti mətbəxdə tənqid etmək milyarderlərin ən sevimli hobbisidir. Amma bu gün özlərini dünya lideri kimi təqdim edən şirkət sahibləri son vaxtlar qeyri-adekvatlıq nümayiş etdirirlər.
Məsələn, İlon Mask bir neçə ildən sonra dilin ünsiyyət vasitəsi kimi ləğv olunacağını vəd edir. Mormon-milyarder Trevor Milton isə dünyadakı ən partlayıcı qazlardan biri olan hidrogeni dəbli yanacaq vasitəsi kimi fəal şəkildə təbliğ edir.
Bill Qeyts qlobal istiləşmə ilə mübarizə üçün ekzotik layihələri maliyyələşdirir. Məsələn, atmosferə tonlarla təbaşir buraxması üçün minlərlə təyyarəni eyni anda uçuşa göndərməyi təklif edir. Nəticədə bu təbaşir pərdəsi Günəşi örtəcək və dünya həqiqətən soyuqlaşacaq. Beləliklə, torpaqda heç nə bitməyəcək, yeməyə də bir şey tapmayacağıq. Əvəzində, qlobal istiləşməyə son qoyulacaq! Xeyr, xeyr, bu heç də zarafat deyil! Bu və buna bənzər layihələr Harvard Universitetinin alimləri tərəfindən ciddi şəkildə araşdırılır.
İndi bu milyarderlərin təşəbbüsləri sadəcə əyləncəli səfehlik təsiri bağışlayır. Yaxşı, bəs onlar həqiqətən dünyanı idarə etməyə başlasalar, necə? Onda heç kimin gülməyə həvəsi qalmayacaq.
Bu ilin aprel ayında keçirilməsi planlaşdırılan iqlim sammiti ərəfəsində bütün bunları yada salmağa dəyər. Çünki amerikalı tərəfdaşlarımız hər hansı bir fikri, o cümlədən, təbiəti qorumaqla bağlı köhnə məlum ideyanı kütləvi qırğın silahına necə çevirəcəklərini yaxşı bilirlər.