Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 12 mart — Sputnik. Əmək Məcəlləsinə dəyişikliklər parlamentdə ikinci oxunuşda qəbul edilib. Qanun layihəsində Azərbaycanda qeyri-rəsmi məşğulluğun rəsmiləşdirilməsi məsələləri, əmək münasibətləri prosesində mülki-hüquqi müqavilələrin hansı hallarda rəsmiləşdirilməsinin yolverilməz olduğu, həmçinin əmək müqaviləsi ilə bağlı meyarlar müəyyənləşdirilir. Dəyişikliklər əmək münasibətlərində mülki-hüquqi münasibətlər formasından sui-istifadə hallarının qarşısının alınması məqsədi daşıyır. "Azərbaycanda qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı"na uyğun olaraq həyata keçirilən bu qanunvericilik təşəbbüsü işçilərin əmək hüquqlarının möhkəmləndirilməsinə, onların istirahət, məzuniyyət, sosial təminat, habelə gələcəkdə pensiya təminati məsələlərinin müsbət həll edilməsinə yönəlib.
İqtisadçı Qalib Toğrul bu dəyişiklikləri Sputnik Azərbaycan üçün şərh edib.
Onun sözlərinə görə, layihədə əmək münasibətlərini xarakterizə edən (mülki-hüquqi münasibətlərdən fərqləndirən) 8 meyar müəyyənləşdirilib:
1. Əgər işəgötürənlə işçi arasındakı münasibətlər Əmək Məcəlləsində təsbit olunmuş əmək müqaviləsinin şərtlərinə və məcəllənin əlavəsindəki nümunəvi formaya uyğundursa, o zaman tərəflər arasında əmək münasibətləri yaranır.
2. Tərəflər arasında münasibətlərin rəsmiləşdirilməsi və müvafiq qeydlərin aparılması üçün əmək kitabçası təqdim edilirsə, əmək münasibətləri yaranır.
3. Tərəflər arasında münasibətlər müvafiq peşə və ya vəzifəyə qəbul (təyin) edilmə, o cümlədən ödənişli seçkili və ya təyinatlı, habelə müsabiqə əsasında vəzifəni tutma, kvota üzrə işə düzəlmə, məhkəmənin qərarı ilə işə bərpa olunma ilə bağlı yaranırsa, demək, əmək münasibətləridir. Məsələn, ştat cədvəlində olan elektrik vəzifəsinin funksiyalarını həyata keçirmək üçün qarşı tərəflə mülki-hüquqi müqavilə bağlamaq olmaz. Bu meyara digər misal olaraq təşkilat müsabiqə yolu ilə hər hansı vəzifəyə işçi seçirsə, onunla əmək müqaviləsi bağlamalıdır. Məşğulluq orqanı tərəfindən sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin işlə təmin edilməsi məqsədilə (kvota çərçivəsində) təşkilata göndərilmiş işçi ilə münasibətlər əmək müqaviləsi ilə tənzimlənməlidir.
4. Əgər müqavilənin predmeti sifariş verənin (işəgötürənin) əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsidirsə, mülki-hüquqi müqavilənin bağlanılmasına yol verilmir. Məsələn, saytın (qəzetin) rəhbəri saytda (qəzetdə) işləyən jurnalistlə (davamlı yazılar yazan, saytın rəhbərinin tapşırıqlarını həyata keçirən) mülki-hüquqi müqavilə bağlaya bilməz, çünki məqalə hazırlamaq saytın əsas fəaliyyətidir. Bu, tələb təkcə sayta yox, bütün Kütləvi İnformasiya Vasitələrinə aiddir.
5. Əvəzçiliklə və ya müvəqqəti əvəzetmə qaydasında işləri (xidmətləri) yerinə yetirənlərlə əmək müqaviləsi bağlanılmalıdır. Məsələn, təcrübədə çox rast gəlinən hallardan biri işçinin əsas iş yeri ilə yanaşı, digər iş yerində və ya yerlərində işləməsi halıdır. Qanunvericilk buna qadağa qoymur. Adətən, mühasiblər bir neçə yerdə işləyirlər. Yeni dəyişiklik qüvvəyə minəndən sonra mühasib əsas iş yerində əmək müqaviləsi ilə, əvəzçilik üzrə isə mülki-hüquqi müqavilə ilə işləyə bilməz. Bu meyara digər misal olaraq bəzən olur ki, məzuniyyətə çıxan və ya əmək qabiliyyətini müvəqqəti, ancaq uzun müddətə (6 ayadək) itirən, uşağa qulluqla bağlı qismən ödənişli sosial məzuniyyətdə olan işçilərin yerinə müvəqqəti işçi götürülür. Bu hallarda yaranan münasibətlər əmək münasibətləridir.
6. Yerinə yetirilməsi şərtlərinə görə iş (xidmət) müvəqqəti xarakterə malik olduğu halda müqavilənin müddətinin uzadılması Əmək Məcəlləsinin 73-cü maddəsinə uyğun tənzimlənəndə yaranan münasibətlər əmək müqaviləsi ilə rəsmiləşdirilməlidir. Məsələn, təcrübədə olur ki, işəgötürən müvəqqəti bir işin görülməsi üçün işçi ilə müddətli əmək müqaviləsi bağlayır, sonradan ona xitam verərərək eyni predmet əsasında mülki-hüquqi müqavilə bağlayır. Dəyişikliklərin təsdiqindən sonra bu da mümkün olmayacaq. Digər tərəfdən, bu müddəanın qüvvəyə minməsi hazırda çox geniş yayılmış bir halın da qarşısını alacaq. Belə ki, hazırda mülki-hüquqi müqavilələr qısa müddətə (bir neçə aylıq) bağlanır, daha sonra eyni predmetlə (eyni işin (xidmətin) yerinə yetirilməsi şərti ilə) növbəti müddətə yeni müqavilə bağlanır. Əslində mülki-hüquqi müqavilənin müddəti uzadılır. Bu halın da aradan qalxacağı gözlənilir.
7. Yerinə yetirilən işə (xidmətə) görə ödənilən haqqın tərkibi Əmək Məcəlləsinin 157-ci maddəsinin 3-cü hissəsində göstərilən aylıq tarif (vəzifə) maaşından, əlavədən və mükafatdan ibarət olduqda əmək müqaviləsi bağlanılmalıdır. Məsələn, əgər tərəflər müqavilədə nəzərdə tuturlarsa ki, gördüyü işin (xidmətin) müqabilində qarşı tərəfə ödənilən haqqın tərkibinə mükafat və ya hər hansı bonus və əlavə veriləcək, demək, bu, əmək müqaviləsidir.
8. Müqavilədə Əmək Məcəllənin 10-cu (Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri), 77-ci (Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları), 112-ci (Məzuniyyətin növləri), 179-cu (İşçilərin iş yerinin və orta əmək haqqının saxlandığı hallar) və 186-cı (Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri) maddələrində nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi nəzərdə tutularsa, bu, əmək münasibətləridir. Əgər müqavilənin bir tərəfi qarşı tərəf qarşısında Əmək Məcəlləsi ilə müəyyən olunmuş təminatları ödəmək öhdəliyi (məsələn, əmək məzuniyyəti, təhsil məzuniyyəti, işdənçıxma müavinəti, istifadə olunmamış əmək məzuniyyətinə görə kompensasiya və sair) götürürsə, bu, əmək münasibətləridir.
Yeni dəyişiklikdə mütərəqqi bir yanaşma nəzərdə tutulub. Məsələn, əmək müqaviləsi bağlanılmalı halda qanunvericiliyə zidd olaraq mülki-hüquqi müqavilə imzalanıb və bu, 1 il davam edib. 1 ildən sonra Dövlət Əmək Müfəttişliyi Xidməti bunu aşkara çıxarıb. Bu halda əmək müqaviləsi bağlanılması təmin ediləcək və mülki-hüquqi müqavilə bağlanılan əvvəlki 1 il üçün hər hansı cərimə tətbiq olunmayacaq.
Bu dəyişikliklər qüvvəyə mindikdən sonra KİV-lərdə və QHT-lərdə (vətəndaş cəmiyyəti sektorunda) işçini mülki-hüquqi müqavilə ilə çalışdırmaq praktikasına son qoyulacaq. Yeni dəyişikliklərdə nəzərdə tutulur ki, tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda əmək münasibətləri hesab edilir və bu münasibətlərin mülki-hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir.
Mülki-hüquqi müqavilə hamımızın xidmət müqaviləsi kimi tanıdığımız razılaşma formasıdır. İndiyədək demək olar ki, bütün qəzet və saytlarda, eyni zamanda QHT-lərdə (Şuranın layihələri xaric) çox az işçinin rəsmiləşdirilməsi əmək müqaviləsi vasitəsilə reallaşdırılırdı. Belə qurumlarda çalışan işçilər rəhbərliyin tövsiyəsi ilə özlərinə VÖEN açaraq əmək haqqı deyil, xidmət haqqı alırlar.
Vergi Məcəlləsinə uyğun olaraq onlar əhaliyə yox, vergi ödəyicisinə (qəzetə, sayta, TV-yə, QHT-yə) xidmət göstərdikləri üçün sadələşdirilmiş vergi ödəyicisi ola bilmir, gəlir vergisi ödəyicisinə çevrilirlər. Və aldıqları xidmət haqqı məbləğindən büdcəyə 5 faiz, məbləğdən asılı olmayaraq DSMF-yə aylıq 62,50 manat (1 yanvar 2021-ci ildən etibarən güzəşt ləğv olunduğuna görə) və icbari tibbi sığorta haqqı kimi 10 manat (1 yanvar 2021-ci ildən qüvvəyə minib) ödəyirlər.
Yeni dəyişikliklərdən sonra sadaladığım sektorlarda işəgötürən bütün işçilərlə əmək müqaviləsi bağlamalı və iş vaxtının rejiminə uyğun olaraq onlara sabit məbləğdə əmək haqqı ödəməlidir. QHT sektorundakı işəgötürənlər xidmət müqaviləsi bağlamasını layihə müddətinin qısa olması, ekspertin kənardan cəlb olunması ilə əsaslandırırlar. Dəyişikliklər təsdiqləndikdən sonra qanunvericiliyin tələblərinə uyğun olaraq belə şəxslərlə müddətli əmək müqaviləsi bağlanılmalıdır.
Onu da qeyd edim ki, Əmək Məcəlləsində müddətli əmək müqaviləsinin müddəti ilə bağlı minimum müddət müəyyənləşdirilməyib. İşəgötürən işçi ilə razılaşdırmaqla, hətta 10 günlük əmək müqaviləsi də bağlaya bilər. Çünki qanunvericilik buna məhdudiyyət qoymur.