03:29 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
TƏHLİL
Qısa URL
19 0 0

Əksər peyvəndlərdə olduğu kimi "Sputnik-V" vaksini də şpris vasitəsi ilə qol əzələsinə inyeksiya edilir. İynənin yeri bir az ağrıya bilər, nadir hallarda isə dəridə qızartı və qaşınma müşahidə olunur.

BAKI, 26 dekabr — Sputnik, Tatyana Piçugina. Rusiyanın Qamaleya Mərkəzinin yaratdığı "Sputnik V" peyvəndi ilə artıq iki yüz mindən çox insan - ilk növbədə həkimlər, müəllimlər, sosial işçilər vaksinasiya olunub. Peyvənd kampaniyasına bölgələrdən başlanılıb: indiyə kimi əyalətlərə 30 min doza peyvənd göndərilib, yaxın üç ayda isə təxminən üç milyon vaksin də göndəriləcək. COVID-19 pandemiyasının qarşısının alınacağına ümid var. Bununla belə, çoxları bu qədər qısa müddətdə hazırlanmış preparatla peyvənd olunub-olmamaqda qərarsızdır. Çünki peyvəndin onların sağlamlığına necə təsir göstərəcəyini bilmir, fikirləşirlər ki, bəlkə elə xəstəliyə yoluxub sağalaraq təbii immunitet qazanmaq daha yaxşıdır? Rusiya İctimai Rəy Fondunun tədqiqatlarına görə, bu ölkənin özündə belə vətəndaşların yalnız 42 faizi yaxın vaxtlarda peyvənd oluna biləcəklərini istisna etməyiblər.

Peyvəndlə bağlı ən çox verilən sualların cavabı "RİA Novosti"nin növbəti materialında.

"Sputnik V" peyvəndinin tərkibi nədən ibarətdir?

İki insan adenovirusundan – geni dəyişdirilmiş ad 26 və ad 5-dən. Adenoviruslar adi halda kəskin respiratorlu viruslu infeksiyalara, badamcıqların və adenoidlərin iltihabına səbəb olur. Peyvənd etmək üçün mikrobun çoxalma genlərini "bağlayırlar", başqa sözlə, onu "axtalayırlar". Beləliklə, virus hüceyrəyə daxil olsa da, orada çoxala bilmir. Yəni, zərərsiz daşıyıcıya – yalnız "göndərişi" dəqiq ünvana çatdırmağa qadir vektora çevrilir.

Bu "göndəriş" rolunda isə SARS-CoV-2 spayk-zülalının sintezi ilə bağlı təlimat daşıyan gen çıxış edir. Onu sadəcə olaraq "axtalanmış" adenovirusun genomuna daxil edirlər. Vektor hüceyrəyə girir və spayk-zülal da daxil olmaqla, müxtəlif zülallar sintez etməyə başlayır. Orqanizm isə ona xüsusi immunitet yaratmaqla reaksiya verir. Nəticədə immun hüceyrələri vektoru parçalayaraq bədəndən xaric edir.

Peyvəndin tərkibində təhlükəli nəsə varmı?

Yoxdur. Hətta adenoviruslar özləri də yüngül yoluxucu iltihaba səbəb olur. Bundan başqa, onların bir neçə üstünlüyü var. Məsələn, DNT genomunun böyük olması. Bu, bir neçə geni "bağlamaqla" onları zərərsizləşdirməyə imkan verir. Üstəlik, adenoviruslar mutasiyalara da səbəb olmur.

Peyvənddə koronavirus varmı?

Peyvəndi təşkil edən adenoviral vektorlarda SARS-CoV-2 yoxdur. Orada onun yalnız bircə geni mövcuddur - spayk-zülalın sintezi üçün təlimat daşıyan kiçik bir nükleotid ardıcıllığı. Virus onun köməyi ilə hüceyrə membranına yapışır və içəri girir. O züllalardan təkcə biri belə insan hüceyrəsinə düşərək bədəndə immunitet reaksiyasına səbəb ola bilər, ancaq onun xəstəliklərə yol açması mümkün deyil.

Peyvənd necə olunur? Bu ağrılı prosesdir?

Əksər peyvəndlərdə olduğu kimi "Sputnik-V" vaksini də şpris vasitəsi ilə qol əzələsinə inyeksiya edilir. İynənin yeri bir az ağrıya bilər, nadir hallarda isə dəridə qızartı və qaşınma müşahidə olunur, ancaq xüsusi müalicəyə ehtiyac qalmadan öz-özünə keçib gedir.

"Sputnik V" iki mərhələdə vurulur. Əvvəlcə serotip 26 adenovirus vektorundan ibarət ilk doza dəri altına yeridilir. 21 gündən sonra isə adenovirus əsaslı beşinci serotipin ikinci dozası vurulur. Bu məqsədli şəkildə edilir: əgər dozalardan biri zəif işləsə (çünki bədənin bu növ adenovirusa qarşı immuniteti var), ikincisi tam müdafiəni təmin etsin. Bu cür iki mərhələli immunizasiya sxemi dünyada yaxşı bilinir və çox təsirli üsul sayılır.

Peyvənd hansı yan təsirlərə səbəb ola bilər?

"Lancetd" jurnalını dərc olunmuş klinik tədqiqatların birinci və ikinci mərhələlərinin nəticələrinə dair məqalədə Qamaleya Mərkəzinin alimləri peyvəndin ən çox müşahidə olunan aşağıdakı yan təsirlərini sadalayıblar: iynənin yerində ağrı, qızartı, baş ağrısı, əzginlik, əzələ və oynaq ağrıları, hərarətin 37-38,4, maksimum 38,5-38,9 dərəcəyə qədər yüksəlməsi.

Birinci və ikinci mərhələlərin sınaqları 18-60 yaş arası 120 sağlam insan üzərində aparılıb. Bütün yan təsirlər yüngül olub, ciddi problem qeydə alınmayıb. Nəticələr insan adenoviral vektorlarına əsaslanan peyvəndin təhlükəsizliyini təsdiqləyib və Rusiyada qeydiyyata alınmasına əsas verib. Qeydiyyatdan sonrakı testlər təxminən 40 min könüllünün iştirakı ilə davam etdirilib.

Gam-COVID-Vac-2020 ("Sputnik V" preparatının kommersiya adı belədir) ilə peyvənd olunanlarla bağlı qeydlərdə insanların 5,7 faizində hərarət, üşütmə, baş ağrısı, bədən ağrılarının olduğu bildirilir. Zəiflik və halsızlıq, ürək bulanması isə 10 faiz təşkil edib. İynə yerində ağrı və qaşınma, burun tutulması və boğaz ağrısı da müşahidə oluna bilər. Bunlar fərdi reaksiyalardır və bir, maksimum üç gündən sonra keçib gedir.

COVID-19-a məruz qalmış insanlar da peyvənd oluna bilərmi?

Peyvəndin artıq xəstəliyə məruz qalmış insanlar üzərində necə işlədiyi məlum deyil - bu cür tədqiqatlar aparılmayıb. Ancaq sağlam düşüncə bunu göstərir: koronavirus infeksiyasından sonra bədəndə təbii immunitet yaranmalıdır. Bu immunitetin nə qədər davam edəcəyi isə bəlli deyil. Ancaq nadir hallarda təkrar yoluxma hallarının baş verdiyi nəzərə alsaq, bunun bir neçə ay, bəlkə də yarım il davam etdiyi haqqında mülahizə yürütmək olar. Beləliklə, xəstəlikdən sağalmış insanların peyvənd olunması üçün həmin müddətin keçməsini gözləmək lazımdır. Məsələn, yaz aylarında virusa yoluxmuş insanlarda yaranmış immunitet artıq zəifləmiş ola bilər.

Müalicə və Profilaktik Səhiyyə üzrə Milli Tibbi Tədqiqatlar Mərkəzinin direktoru Oksana Drapkina bu barədə KİV-ə belə deyib: "Xəstəlikdən sağalanların peyvənd olunmasına ehtiyac yoxdur. Qanda G sinfi antikor səviyyəsinin yüksəlməsi müşahidə olunursa, bu pasiyentin artıq həmin xəstəliyə məruz qaldığını və immunitet yarandığını göstərir. Peyvənd olunmamışdan əvvəl bunu istənilən klinikada qan analizi verməklə müəyyənləşdirmək olar".

Peyvənd olunduqdan sonra maska taxmağa ehtiyac varmı?

Mütləq! Çünki immunitet yalnız peyvəndin ikinci dozasından üç həftə sonra (ilk inyeksiyadan sonrakı 42-ci gün) tam formalaşır. Bu dövrdə insan hələ tamamilə müdafiə olunmur, buna görə bütün profilaktik tədbirlərə əməl edilməlidir. COVID-19 peyvəndinin vurulub-vurulmamasından asılı olmayaraq, izdihamlı yerlərdə hamı maska taxılmalıdır.

KİV peyvənd olunandan sonra COVID-19-a yoluxanlardan yazır

Belə hallar mümkündür və burada səbəb-nəticəni anlamaq vacibdir. Qamaleya peyvəndində COVID-19 patogeni yoxdur, bu səbəbdən də peyvənd xəstəliyə səbəb ola bilməz. Bir şəxs peyvənddən sonra xəstələnsə, deməli, o, peyvənd olunduğu vaxt artıq virusa yoluxubmuş, ancaq xəstəlik simptomsuz keçdiyindən bundan xəbəri olmayıb.

Əgər yoluxma yeni və ya elə peyvənd olunan gün baş veribsə, əvvəl koronavirus və ona qarşı antikorların olması üçün aparılan testlər mənfi nəticə gösətərə bilər. İlk peyvənddən sonra COVID-19-un baş verməsi təsadüfi hadisədir və bu, insanın vaksinasiyadan əvvəl və ya dərhal sonra virusa yoluxduğunu göstərir. Qış aylarında yoluxma hallarının yüksək olduğunu nəzərə alsaq, bu bir o qədər də inanılmaz hadisə deyil.

Gamaleya Mərkəzinin rəsmi internet saytında bildirilir ki, "Sputnik V" peyvəndinin effektivliyi 91,4 fazi təşkil edir. Mərkəzin direktoru Aleksandr Gintsburq isə "YouTube" kanalındakı "Solovyov LIVE" verilişində preparatn 96 faiz effektli olduğunu bildirib. Onun sözlərinə görə, peyvənddə sonra virusa yoluxma ehtimalı 4 faiz təşkil edir. Alimin fikrincə, fizioloji xüsusiyyətlərinə görə, bu 4 faizin içinə düşənlər də xəstəliyi daha yüngül formada keçirir: burun axıntısı, öskürək və bəlkə, bir az hərarət. Ancaq xəstəliyin törədicisi ağciyərlərə gedib çata bilmir.

Bəlkə, peyvəndənsə, xəstəliyə yoluxmaq yaxşıdır?

Hər kəs mövcud xəstəliklərinə və vəziyyətinə əsasən peyvəndlə bağlı qərarı təkbaşına, yaxud onu müalicə edən həkimlə birlikdə verə bilər. Əks göstəriş yoxdursa, sağlamlıq üçün risklər qiymətləndirilməlidir: Hər bir halda peyvənd bu riskləri azaldır ki, artırmır. Üstəlik, peyvənddən dərhal sonra daha güclü immunitetin yarandığına dair konkret dəlillər var.

Təcrübə göstərir ki, dünya əhalisinin 22 faizi COVID-19 riskini artıran ən az bir xəstəliyə sahibdir. Ancaq bu xəstəliyin yüngül forması belə orqanizm üçün böyük zərbədir, çünki insanlarda bir sıra arzuolunmaz nəticələrə gətirib çıxa bilir. Eyni zamanda, minimum iki həftəlik əmək qabiliyyətinin itirilməsi və dərmanlara çəkilən yüksək xərc də nəzərə alınmalıdır. Və ən əsası, yaddan çıxarmayın ki, ailə üzvlərinizi, xüsusilə də yaşlıları yoluxdurmaq ehtimalınız çox yüksəkdir.

Əsas mövzular