19:47 19 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
TƏHLİL
Qısa URL
230 0 0

Dəfələrlə qeyd olunub ki, vətəndaş müharibəsindən daha amansız müharibə yoxdur. Qərb beş il bundan əvvəl Rusiya ilə mübarizənin ən kəskin mərhələsində belə ən amansız tədbirlərə əl atmayıb. Lakin görünür indi onların vaxtı yetişib

BAKI, 7 sentyabr — Sputnik, İrina Alksnis. Son günlərin qlobal informasiya mənzərəsi 2014-2015-ci illərdə Qərbin planetar miqyasda və qızğın şəkildə apardığı anti-Rusiya kampaniyasını xatırladır.

Təəccüblü deyil ki, çoxları hazırkı hadisələrdə məhz Rusiya ilə Qərb fövqəldövlətləri arasında həmin proseslərin və kəskin qarşıdurmanın davamını görürlər. Son illərdə gərginliyin azalmasını nəzərə alsaq, bu, kimisə xüsusilə məyus edə bilər: axı deyəsən, hər şey az-çox qaydaya düşmüşdü, indi isə hər şey yenidən başlayır.

Həyəcan keçirənlərə təsəlli vermək lazımdır: mövcud zahiri oxşarlıqlara baxmayaraq, hazırkı hadisələr və onilliyin ortalarında baş verənlər, əslində, köklü şəkildə fərqlənir.

Son beş-altı ildə dünyanın siyasi düzənində çox böyük dəyişikliklər baş verib. 2010-cu illərin ortalarında planet ənənəvi "Pax Americana" sistemində – yəni başında ABŞ-ın yeganə qlobal fövqəldövlət kimi durduğu Qərb dominantlığı şəraitində yaşayırdı. Həmin dövrdə bu sistem artıq çox ciddi böhran hallarını yaşasa da, bütövlükdə onun möhkəmliyinə və əvəzolunmazlığına elə də şübhə yox idi.

Əslində, Qərbin getdikcə artan problemləri yumşaltmaq, zəifləyən qüdrətini möhkəmləndirmək, üstəlik, həddindən artıq iddialı rəqibini boğmaq istəyi münaqişənin və Rusiya ilə şiddətli qarşıdurmanın əsas səbəbi olub.

Həmin vaxt Rusiya Qərbin əsas hədəfinə çevrilib və Qərb bu hədəfə qarşı vahid cəbhədə yekdilliklə çıxış edib. O zaman baş verənlər — Qərb siyasətçilərinin isterikaları, sərsəm ittihamlar, mediada rusofob xəbər axını, sanksiyalar Moskvadan tam geosiyasi kapitulyasiyaya nail olmaq məqsədini daşıyırdı. Digər məsələlərlə yanaşı, bu, hökmranlığı saxlamaq və uzatmaq üçün məğlub edilmiş rəqibi resurs mənbəyinə çevirməyə də imkan verə bilərdi.

Lakin Rusiya dözdü. Bununla da o, dünya düzəninə güclü zərbə vurdu.

İndi isə biz fərqli bir dünyada yaşayırıq.

Hazırda sistemin ən ağır böhran dövrünü yaşadığı barədə inamla danışmaq olar. Müasir mərhələnin əsas xarakteristikası Qərbin özünün daxilində açıq-aşkar eskalasiyanın yaşanmasıdır. Özü də söhbət yalnız ölkələr arasında münasibətlərin kəskinləşməsindən (Böyük Britaniya və Aİ, Almaniya və ABŞ və s.) deyil, həm də Qərb ölkələrinin daxilində ictimai-siyasi qarşıdurmanın kəskin şəkildə artmasından gedir.

Altı il bundan əvvəl Rusiyaya qarşı çıxış etmiş kollektiv Qərb artıq, sadəcə olaraq, yoxdur. 2010-cu ilin ortalarında məqsədlərinə nail olmayan kollektiv Qərb artıq özü özünü yandırmağa başlayıb. Onun üçün xarici siyasət daxili çəkişmələrdən törəyən bir gündəmə çevrilib. Onun zirvəsi isə, şübhəsiz ki, ABŞ-da baş verənlər – aylarla davam edən küçə iğtişaşları və çirkin seçki kampaniyası olub.

Aleksey Navalnının zəhərlənməsi məsələsi, ilk növbədə Almaniya elitasının Amerika yönümlü və milli yönümlü hissələri arasında şiddətli daxili siyasi mübarizənin təzahürüdür – bu mübarizə "Şimal Axını 2" layihəsinin taleyi uğrunda gedir. Eyni hal Çinin "Huawei" şirkəti və ya Avropa-İran əməkdaşlığı ətrafında da baş verir.

Sadəcə olaraq, öz ölkələrinin suverenlik hüququnu müdafiə edən Qərb qüvvələri əvvəlki dövrdə yaradılmış tələyə düşüblər – hələ o vaxt ki, vahid Qərb səy göstərərək "yad ölkələr"ə təzyiq edib və öz təbliğatı ilə onları istənilən cinayətə qadir bədheybətə çevirib.

Nəticədə hazırda Qərbdə heç bir siyasi qüvvə bütün maraqlı tərəflərin iştirakı ilə açıq tədqiqat aparılmayanadək rusiyalı blogerin "Noviçok"la zəhərlənməsi haqqında Bundesver laboratoriyasının nəticələrinə inanmadığını açıq şəkildə deyə bilmir.

Xatırladaq ki, hətta 2010-cu illərin ortalarında Rusiya ilə qarşıdurmanın pik həddində belə Qərb ən radikal tədbirlərə əl atmayıb. Tətbiq edilən sektoral sanksiyalar Moskva üçün çox həssas olsa da, qorxulu olmayıb.

Amma ehtiyatda o zaman daha ağrılı qərarlar da var idi. Məsələn, Rusiyanın SWIFT sistemindən çıxarılması Rusiya iqtisadiyyatına həqiqətən ağır zərbə olardı. Amma buna əl atmayıblar – ona görə yox ki, Moskvaya kiminsə yazığı gəlib. Qərbin özünə yazığı gəlib: zərbə nə qədər güclü olarsa, onun əks təsiri də bir o qədər ciddi olur — ilk onluğa daxil olan iqtisadiyyatın beynəlxalq maliyyə kommunikasiyası sistemindən çıxarılması həddindən artıq böyük vəsaitin itirilməsi demək olardı.

Və qərara gəliblər ki, hər şey bunsuz olsun. Nəticə isə məlumdur: alınmadı.

İndi isə istər "Şimal Axını 2" layihəsindən imtina, istərsə də Avropada "Huawei" şirkətinin fəaliyyətinə tam qadağa olsun, bu, Rusiya və ya Çin üçün ölümcül olmayacaq. Bu, Qərb dünyasının milli iqtisadiyyatlarının bütöv sahələri və elitalar üçün fəlakətli olacaq.

Dəfələrlə qeyd olunub ki, vətəndaş müharibəsindən daha amansız müharibə yoxdur. Qərb beş il bundan əvvəl Rusiya ilə mübarizənin ən kəskin mərhələsində belə ən amansız tədbirlərə əl atmayıb.

Lakin görünür, indi onların vaxtı yetişib. Amma əsas hədəf geosiyasi rəqiblər deyil (hətta səslənən şüarlardan belə görünsə də), daxili düşmənlərdir.

Qərb məhv etmək üçün – daha doğrusu özünü məhv etmək üçün müharibəyə başlamağa hazırdır.

Əsas mövzular