16:10 22 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0256
  • USD1.7000
  • EUR2.0024
Nikol Paşinyan

Paşinyan üçün "edam kötüyü" hazırlanır

© Sputnik / Asatur Yesayants
TƏHLİL
Qısa URL
Azər RƏŞİDOĞLU
1006810

Zviad Qamsaxurdiya və Əbülfəz Elçibəyi yalnız qoyan Qərb, böyük ehtimalla hazırki baş naziri də təkbaşına buraxacaq

BAKI, 12 sentyabr — Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə görüşündə verdiyi bəyanatlar İrəvanın Moskvaya qarşı demarşından xəbər verir. Paşinyanın hikkəsinə baxmayaraq, Ermənistanın ticarət dövriyyəsinin 25%-dən çoxunun Rusiyanın payına düşməsini, erməni iqtisadiyyatına kapital qoyuluşunun 35%-nin rus investorlarına məxsus olduğunu ermənilər də anlayırlar.

Bu barədə Ermənistanın yeni baş nazirinə RF prezidenti də xəbərdalıq etdi. Paşinyan Amerikayönümlü qüvvələr tərəfindən hakimiyyətə gətirilsə də, o, ən azı iqtisadi faktora görə Kreml qarşısında ağ bayraq qaldırmağa məcburdur. İrəvanın sərt bəyanatlarına baxmayaraq, bəllidir ki, Paşinyan Rusiyanın qarşısında əzilə-əzilə Qərbə yönəlik müəyyən reveranşlar edəcək.

Paşinyanın Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə verdiyi bəyanatlar da ATƏT-in Minsk Qrupunun həmsədri olan Rusiyaya qarşı atılan addımdır. Ermənistanın baş naziri nə qədər iddia eləsə də ki, ölkədə baş vermiş "inqilab"ın geosiyasi əsası yoxdur və "inqilab" sırf daxili problemlərlə, ağır iqtisadi durumla, korrupsiya ilə bağlıdır, reallıq bunun əksini deyir və küçə hərəkatının həm də Kremlə qarşı olmasını son günlərin hadisələri sübuta yetirir.

Unutmaq olmaz ki, Paşinyan baş nazir postuna oturan kimi bir çox mühüm dövlət postlarında Rusiyaya qarşı loyal olan məmurları vəzifələrindən kənarlaşdırdı. Paşinyan Rusiyanın maraqlarına cavab verməyən, onu qıcıqlandıran kadr siyasəti aparır və bu baxımdan, onun Putinlə görüşü zamanı verdiyi bəyanatlar Rusiya siyasi dairələrində qəzəblə qarşılanır.

Moskvada da anlayırlar ki, Paşinyan Rusiya əleyhinə açıq siyasət aparır. Məsələn, Ermənistanın yeni təhsil naziri Araik Arutunyan ölkədə rus dilinin sıxışdırılması ilə bağlı fəaliyyət göstərir. Yeni nazir qeyri-erməni dilində, xüsusən də rus dilində edilən müraciətlərə cavab verilməyəcəyini bəyan edib.

Digər dövlət postlarının yeni rəhbərləri də Kremlə, yumsaq desək, dost olmayan, qərbpərəst kadrlardır. Məsələn, baş nazirin müavini Ararat Mirzoyan, xarici işlər naziri Zoqrab Mnasakanyan, ədliyyə naziri Artak Zeynalyan, kənd təsərrüfatı naziri Artur Xaçatryan, mədəniyyət naziri Lilit Makunts, iqtisadi inkişaf və investisiya naziri Artsvik Minsyan anti-Rusiya mövqeyində olan məmurlardır.

Müdafiə naziri vəzifəsinə isə Paşinyanın konkret olaraq, NATO və ABŞ kəşfiyyatına işləmiş David Tonoyanı təyin etməsi Rusiyaya qarşı açıq savaş anlamına gələ bilər. Tonoyan 1998-ci ildən NATO əməliyyatlarının birgə komandanlığında müxtəlif vəzifələrdə çalışıb. 2004-dən 2007-ci ilədək Ermənistan silahlı qüvvələrinin NATO-dakı nümayəndəsi olub.

Bu yaxınlarda Ermənistandakı "məxməri inqilab" ərəfəsində isə xüsusi xidmət orqanlarına yaxınlığı ilə tanınan KİV-də təsdiq olunurdu ku, NATO-da işlədiyi vaxt Tonoyan 2005-ci ildə Amerika xüsusi xidmət orqanlarına işləməyə başlayır və məhz bundan sonra onun karyerasında yüksək sıçrayış baş verir. Hətta Tonoyanın kuratorunun adı da çəkilib: ABŞ hərbi attaşesinin əməkdaşı mayor Erik Larsen.

O da təsdiq olunub ki, hazırkı müdafiə naziri Ermənistanda Amerikaya məxsus biolaboratoriyalar şəbəkəsinin yaradılması üzrə layihənin koordinatorudur. Bu cür laboratoriyalar artıq Gürcüstan və Ukraynada uğurla fəaliyyət göstərir və məlumatlara görə, bioloji silah yaradılması üzərində işləyirlər.

Nikol Paşinyan Təhlükəsizlik Şurasının katibi postuna qərbpərəst Armen Qriqoryanı təyin edib və iqtisadi məsləhətçi qismində məşhur amerikalı Daron Acemoğlunu Ermənistana dəvət edib.

Lakin Paşinyan anlayır ki, Kreml onu cəzalandıra bilər. Onun üçün başlıca məqsəd yeni parlament seçkiləri keçirmək və hakimiyyətini möhkəmləndirməkdir. Paşinyan xalqa verdiyi vədlərin heç birini yerinə yetirə bilmədi. Bu baxımdan, onun vəziyyəti günü-gündən ağırlaşır.

Bir sözlə, Nikol Paşinyan Zviad Qamsaxurdiya və Əbülfəz Elçibəyi yamsılayır. Əksər siyasi araşdırmaçılar əmindirlər ki, onun hakimiyyəti uzun çəkməyəcək. Zviad Qamsaxurdiya və Əbülfəz Elçibəyi yalnız qoyan Qərb, böyük ehtimalla Nikolu da təkbaşına buraxacaq və bununla da onun edam kötüyünə çıxmasının əsası qoyulacaq…

Əlaqədar

Paşinyan Putinin səfər anonsunu verdi
Paşinyan Putinin dostunu həbs etmək niyyətindən geri durmayacağını bəyan etdi
XİN Paşinyanın Moskva bəyanatına cavab verdi
Putin-Paşinyan görüşünün ilk nəticələri bəlli oldu
Rusiya prezidentinin köməkçisi Putin-Paşinyan danışıqlarına aydınlıq gətirdi
Teqlər:
Nikol Paşinyan, Qərb, Ermənistan, Rusiya, ABŞ, baş nazir

Əsas mövzular