Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Türkiyə "Kürdüstan"a qoşun yeridə bilər

© REUTERS / Revolutionary Forces of Syria Media Office/HandoutTürk tankları
Türk tankları - Sputnik Azərbaycan
Abunə olmaq
"Türkiyənin İraqa müdaxilə etmə haqqı var, bu haqq türklərə 1926-cı ildə imzalanan Ankara sazişində verilib"

Fuad Həsənov, Sputnik Azərbaycan

BAKI, 27 sentyabr — Sputnik. "Kürdlərin müstəqillik referendumu real müstəqilliyə çevrilə bilməz. Çünki dövləti qurmaq üçün baza lazımdır, onlarda isə bu baza yoxdur".

© Sputnik / Murad OrujovToğrul İsmayıl
Toğrul İsmayıl - Sputnik Azərbaycan
Toğrul İsmayıl

Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında, Türkiyənin TOBB İqtisadiyyat və Texnologiya Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Toğrul İsmayıl deyib. Onun sözlərinə görə, dövlətin qurulması üçün onu tanıyan başqa dövlətlər olmalıdır: "Ancaq dünyanın heç bir ölkəsi bu referendumu qəbul etmir, tanımır. İraq qanunvericiliyinə görə də referendum qanunsuzdur".

Toğrul İsmayıl, Türkiyənin mümkün hərbi müdaxiləsi haqda da danışıb: "Türkiyə indiki mərhələdə müharibə variantına əl atmayacaq. Hazırda masada iqtisadi təzyiq, ticarətin azaldılması, quru və hava məkanının Şimali İraqa qapadılması kimi variantlar var. Düşünürəm ki, İran, İraq və Türkiyə regional kürd muxtariyyətinə qarşı ortaq tədbirlər görəcək. Çünki bənzər sanksiyaları rəsmi Bağdad və Tehran da tətbiq eləməyi düşünür".

"Amma, əgər İraqın ərazi bütövlüyü pozulsa, onun torpağında ikinci bir dövlət qurulsa, o zaman Türkiyənin İraqa müdaxilə etmə haqqı var. Bu haqq türklərə 1926-cı ildə imzalanan Ankara sazişində verilib" — professor bildirib.

Toğrul İsmayıl deyib ki, İraqın şimalında keçirilən referendum Türkiyə cəmiyyətində çox neqativ qarşılanır: "Çox cüzi təbəqə buna dəstək verir. Xalqların Demokratik Partiyası (HDP), referendumu kürdlərin müstəqilliyi kimi göstərməyə çalışsa da, ictimaiyyət qəbul etmir".

© Photo : APAPolitoloq Araz Əlizadə
Politoloq Araz Əlizadə - Sputnik Azərbaycan
Politoloq Araz Əlizadə

Mövzunu Sputnik Azərbaycan-a millət vəkili Araz Əlizadə də şərh edib. "ABŞ-ın İraq planı, bu ölkənin parçalanması ilə tamamlanmış olacaq. Vaşinqtonun ərəb ölkələrində izlədiyi siyasətin adı "parçala, böl, hökmranlıq et" siyasətidir. Referendum da məhz buna xidmət edir — İraqın parçalanmasına. Suriyada da eyni siyasət işə salınıb" — deputat bildirib.

Araz Əlizadə, Türkiyənin Şimali İraqa müdaxilə edə bilməyəcəyini deyib. O, öz fikrini belə əsaslandırıb: "Türkiyə vaxtilə bunu fikirləşmədi. 2003-cü il işğalından sonra ABŞ tərəfindən İraqın şimalında kürdlərə geniş muxtariyyət verilməsi Türkiyənin altına qoyulmuş bomba idi. O vaxt türklər bu işə qarışmadılar və çox böyük tarixi səhv etdilər".

"İndi artıq gecdir. Çünki referendumun arxasında, hər nə qədər özünü açıq göstərməsə də, Amerika durur. Türkiyə isə Amerikanı qarşısına almağı heç zaman istəməz. Ona görə hesab edirəm ki, Türkiyə İraqın şimalına hərbi müdaxilə etməyəcək" — Əlizadə vurğulayıb.

Qeyd edək ki, dünən İraqın şimalındakı Kürdüstan Muxtar Vilayətində müstəqilliklə bağlı referendum keçirilib. Səsvermə siyahısında 5,2 milyon insan olub və onların 78 faizi səs verib. Səsvermədə iştirak edənlərin 93,29 % referendumun lehinə, 6,71 % isə əleyhinə səs verib.

Nəticələr açıqlandıqdan sonra muxtar vilayətin rəhbərliyi açıqlama verərək, bütün etnik azlıqları qoruyacaqlarına söz verib. Rəsmi nəticələrin 3 gün içində elan ediləcəyi bildirilir. İsrail istisna olmaqla, dünyanın heç bir dövləti İraqın şimalında keçirilən müstəqillik referendumunu tanımır.

Xəbər lenti
0