Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Vaşinqton cocuqları" və demokratiyanın qəbirqazanını tənqid etmək cəsarəti

© AFP 2023 / SAUL LOEB Kapitoli
Kapitoli - Sputnik Azərbaycan
Abunə olmaq
Düşünmək lazımdır, düşünə bilməyənlərin düşüncəsinə məhəl qoymamaq da olar

BAKI, 19 avqust — Sputnik. Ötən əsrin 80-ci illərində Azərbaycanda Qərbə bir pərəstiş mövcud idi. Çoxları hesab edirdi ki, ABŞ Qarabağ münaqişəsinin həllində Bakının yanında olacaq. Bu baş vermədi və "Sem dayı"dan məyusluq yarandı.

Azad olmayan və əsrlər boyunca əsarətdə yaşayan millətlərin yanaşması elə belə də olmalıdır. Rusiya və Türkiyə vətəndaşı özünün imperiya keçmişi ilə fəxr edir. Başqaları isə özlərinə ayrı-ayrı paltarlara yamaq hesab edir.

Prinsip etibarilə, Yaxın Şərqi qan içində boğan, islam dünyasını öz vassalına çevirmək uğrunda əsrlər boyunca mübarizə aparan ABŞ-ın, "güc varsa, ağla ehtiyac yoxdur" devizi ilə qonşularını qan gölündə boğan digər ölkələrdən heç bir fərqi yoxdur. Hər iki halda niyyət işğalçılıqdır. Cənubi və Şimali Koreya nümunəsi əlbəttə ki, ABŞ-ın xeyrinə işləyir. Lakin böyük mənada bu ölkələrdən heç biri Koreya xalqının özünün arzuladığı cəmiyyət deyil. Şimali Koreya insanların saç düzümünə belə müdaxilə edən, milyonları robota çevirən bir sistemə malikdir, Cənubi Koreya isə iqtisadi baxımdan inkişaf edib. Lakin bu ölkə də müstəqil siyasət yürüdə bilmir. ABŞ-ın forpostu olmaqdan uzağa gedə bilmir. Bir sözlə, biri bahalı otellərdə "işləyən" eskort xanımları, digəri isə kasıb məhəllələrdə çalışan "gecə kəpənəkləri"ni xatırladır. Hər ikisi arzuolunmazdır.

Quantanama kimi konslager yaradan, özününkü hesab etdiyi ölkələrə desant göndərən Vaşinqtonla, müstəmləkəçilik xəyalları ilə yaşayan digər güclər arasında mahiyyətcə heç bir fərq yoxdur. Müstəmləkəçiliyin istənilən forması iyrəncdir və eyni tərkibli konfetin fərqli kağızlara bürünməsini xatırladır.

ABŞ kimlər üçünsə demokratiya qibləsidir. Kimlər üçün isə "səlib yürüşü" həyata keçirən, demokratiyanı neftə qurban verən, maraqları naminə diktatorları bəsləyən bir ölkədir. Kimlər üçünsə Rusiyanı tənqid etmək mümkün deyil. Başqaları ABŞ-a səcdə edir. Hamını yıxıb-sürümək olar, yüz minlərlə insanı məhv edən, Yaponiyaya atom bombası atan, Yaxın Şərqə qoşun yeridən ABŞ barədə isə bir kəlmə də yazmaq olmaz. Demokratiya ABŞ-a tənqidi münasibətə şamil oluna bilməz. Azərbaycanda demokratiyanın qəbirqazanı olan amerikalıları tənqid etmək "Vaşinqton cocuqları" üçün yolverilməzdir. Karyera və maliyyə axını kəsilə bilər. Kimlər üçün isə İsrail müqəddəsdir. Dünyanın maliyyə və siyasi mərkəzlərini əllərində saxlayanlara qarşı adi bir tənqid linç olunmaq təhlükəsi yaradır. Digərləri üçün isə İsrail kiçik şeytandır. Hətta onun dünyada ən güclü olan səhiyyəsini də təqdir etmək olmaz.

Kimlər üçünsə İran adlı ölkə mövcud deyil. Başqaları üçün isə İran torpağının hər qarışı səcdə edilməyə layiqdir. İran əhalisinin əksəriyyətini təşkil edən türklərin təqibindən bir kəlmə yazsan, daşqalaq oluna bilərsən.

Azərbaycan diplomatiyasının kursu barədə fərqli fikrə malik olmaq olar, lakin ölkəni kiminsə müstəmləkəsi kimi görmək əbləhlikdir.

Son 30 ildə Azərbaycan qonşularının təhdidlərinin, ABŞ-ın demokratiyanı dəfn etməsinin şahidi olub. Bu fonda Türkiyə də müstəqil siyasət apara bilməyib. Ankaranın Azərbaycana münasibəti Vaşinqtonun çıxaracağı verdikdən asılı olub. Çünki Türkiyə özü tam mənada müstəqil olmayıb. Siyasi kursu ABŞ-dan asılı olub. SSRİ 1960-1980-ci illər ərzində Türkiyə kommunistlərinə hər tərəfli yardım göstərməklə Ankaranı qırmızı rəngə boyamaq istəyib. Əvəzində ABŞ Türkiyədəki digər siyasi və ideoloji cinahlara hər cür yardım edib və bunun qarşısını alıb. SSRİ və ABŞ Türkiyədə nüfuz savaşı aparıb, bunun qurbanı kimi isə sadə türklər seçilib. 20 il ərzində solçu və sağçı tələbələr oynanılan oyunun mahiyyətini anlamadan bir-birlərinin qanını töküblər. Bunu izah etmək istəyənlərin isə səsi kəsilib.

Böyük siyasi oyunlara kənar baxışla baxmaq, müdaxilə etmək, insanları azad düşünməyə səsləmək olmaz. Bunun cəzası ağır ola bilərdi. Türkiyə indi ABŞ-ın bir ştatı olmaq istəmədiyini nümayiş etdirir. Bunun isə cəzasını çəkir.

Ayrı-ayrı ölkələrə səcdə edənlər sabahın iqtidarı, nazirləri, müxalifət liderləridirlər. Ölkədə yeni, azad düşüncəli, sırf ölkənin gələcəyini düşünən, kimlərinsə "beşinci kolonu" olmaq istəməyin sosial qrupların formalaşdırılması zərurəti yaranıb. Fərqli düşünmək, alternativ paradiqmalar təklif etmək, bütləri sındırmaq elə bu məqsədə xidmət edir. Proseslərə fərqli yanaşan hər bir məqalə, kitab, müsahibə, bəyanat sabah milyonlarla azad düşünən insanın yetişdirilməsinə xidmət edir. Azərbaycanı Rusiyanın, İranın, ABŞ və ya hər hansı bir ölkənin müstəmləkəsi etmək istəmiriksə, bunu etməliyik. Azad olmayan, siyasətçiləri öz liderlərinə, vətəndaşları başqa ölkələrə səcdə edən bir ölkəni Şimali Koreyaya çevirmək daha asandır. Düşüncəsiz robota çevirmək isə böyük fəsadlar törədir. Bunu Şimali Koreya təcrübəsindən bilirik. Odur ki, düşünmək lazımdır. Düşündüyünü cəmiyyətə çatdırmaq lazımdır. Düşünə bilməyənlərin düşüncəsinə isə məhəl qoymamaq da olar. Əsas məsələ düşüncəyə malik olmaqdır…

Xəbər lenti
0