08:56 16 İyul 2018
Canlı yayım
  • RUB0.0273
  • USD1.7000
  • EUR1.9817
Kredit mütəxəssisi və müştəri, arxiv şəkli

Bankların müştərilərə qarşı davranışlarını dəyişəcək mühüm addım

© Sputnik / Murad Orujov
TƏHLİL
Qısa URL
4207 0 0

Ekspertlər Azərbaycanda milli reytinq agentliklərinin yaradılmasını mütərəqqi addım hesab edirlər

BAKI, 20 dek — Sputnik. "Azərbaycanda milli reytinq agentliklərinin yaradılması mütərəqqi, struktur islahatları baxımından irəliyə doğru addım olar. Ümumiyyətlə, maliyyə bazarlarının inkişaf etdirilməsindən söhbət gedirsə, bu zaman müxtəlif tərəflərin maraqlarını müdafiə edən qurumların və bütün elementlərin öz yerində olmasına ehtiyac var. O cümlədən də müasir maliyyə bazarında reytinq agentliyi mühüm predmet hesab olunur".

İqtisadçı-ekspert Rəşad Həsənov
İqtisadçı-ekspert Rəşad Həsənov

Bunu iqtisadçı-ekspert Rəşad Həsənov Sputnik-ə açıqlamasında deyib. O bildirib ki, bu addım, xüsusilə də kreditorların maliyyə vəziyyətinin qiymətləndirilməsi, fəaliyyətində şəffaflığın, hesabatlılığın təmin olunması, eyni zamanda, bank və digər kredit təşkilatları üçün daha dolğun informasiya mənbəyinin və sağlam kredit portfelinin formalaşdırılması üçün mühüm əhəmiyyət daşıyır.

"Düzdür, kredit büroları da bu baxımdan əhəmiyyətlidir. Kredit büroları informasiya baxımından növbəti dövrlərdə bankları təmin edəcək. Amma eyni zamanda, milli kredit reytinq agentlikləri yaradılarsa, bu, Azərbaycanda fəaliyyət göstərən rezident və qeyri-rezidentlər üçün bir reytinq formalaşdıra biləcək. Bu reytinqlər də imkan verəcək ki, banklar müştəriləri ilə hansı formada davranışlarını əvvəlcədən planlaşdıra, kredit səviyyəsini, faizlərini, risk dərəcəsini müəyyənləşdirə bilsin", — ekspert bildirib.

"Eyni zamanda, bu reytinqlər bankların kredit siyasətində effekt verərsə, özünü dolğun şəkildə ifadə edə bilərsə, bu, iqtisadi subyektlər arasında da rəqabət mühitinə, şəffaflığa cəhdə müsbət təsir göstərəcək, hesabatlılığı artıracaq. Yəni, Azərbaycanda biznes subyektlərinin davranışlarında öz izini qoyacaq", — R. Həsənov əlavə edib.

O, qeyd edib ki, bu zaman milli kredit reytinq agentliklərində əsas keyfiyyət göstəricisi şəffaflıq olacaq: "Çünki, müəssisələrin və yaxud da iqtisadi subyektin kredit reytinqi onun real maliyyə vəziyyətinə, iqtisadi davranışlarına, strategiyasına uyğun olmayacaqsa, bir neçə bu kimi hallarda banklar ciddi risklərlə üzləşəcəksə, növbəti dövrlərdə banklar reytinq agentliklərinin xidmətlərindən istifadə etməyə üstünlük verməyəcək, xidmətlərinə müraciət etməyəcək. Bu da artıq reytinq agentliklərinin etibarsızlaşmasına və öz fəaliyyətində uğursuzluğa gətirib çıxarda bilər".

Qubad İbadoğlu - İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri
facebook/ Qubad İbadoğlu
Qubad İbadoğlu - İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri

"Bu baxımdan düşünürəm ki, hələlik "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"ndə bu istiqamətdə imkanların qiymətləndirilməsi nəzərdə tutulub. Amma bunun reallaşması və reytinq agentliklərinin yaradılması maliyyə bazarlarında struktur islahatları baxımından əhəmiyyətli addım kimi diqqətdə saxlanılmalı və ən qısa müddətdə bu proses öz həllini tapmalıdır", — deyə Həsənov fikrini yekunlaşdırıb.

İqtisadçı-ekspert Qubad İbadoğlu isə hesab edir ki, əsas məsələ beynəlxalq və milli olmasında deyil, əsas məsələ reytinq agentliyinə etimadın olmasındadır. "Yəni, onun müstəqil olmasından söhbət gedir. Həmin agentliyi beynəlxalq birlik, investorlar icması, iş adamları, eyni zamanda, bankın müştəriləri müstəqil hesab edəcəklərsə, bu halda onun effekti olacaq. Əgər hansısa bir korporativ marağa xidmət edəcəksə, bankların mövcud vəziyyətini gerçək deyil, istəklərinə uyğun təqdim edəcəksə, onun heç bir effekti və səmərəsi olmayacaq", — o, Sputnik-ə açıqlamasında bildirib.

İqtisadçının sözlərinə görə, ümumiyyətlə, nə qədər milli agentliklər olsa da, beynəlxalq səviyyədə tanınmış, qəbul olunmuş agentliklərlə rəqabətə girə bilməyəcək: "Yəni, yenə də Azərbaycana gələn investor beynəlxalq agentliyin reytinqinə əsasən qərarını verəcək. Amma istənilən halda, demək istəyirəm ki, milli agentlik müstəqil, alternativ olmalıdır. Eyni zamanda, milli agentlik fəaliyyəti, cədvəli ilə etibar qazanmalıdır. Onun fəaliyyəti banklardan, maliyyə bazarlarından, institutlardan asılı olmalı deyil".

Qeyd edək ki, Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"ndə deyilir ki, kredit risklərinin idarə olunması üçün istifadə olunan daha qabaqcıl alətlərdən biri şirkətlərə verilən kredit reytinqidir. Kredit reytinqlərindən qiymətli kağızların emitentləri, investisiya strategiyasının müəyyənləşdirilməsi zamanı fərdi və institusional investorlar, habelə tənzimləmə və nəzarət məqsədilə aidiyyəti qurumlar faydalanırlar. Belə ki, fərdi reytinq əsasında kredit riskinin qiymətləndirilməsi kapital və ehtiyatlanma tələblərinin daha dəqiq müəyyən olunmasına imkan verir. Bu da ayrı-ayrı maliyyə institutlarının və bank sektorunun maliyyə dayanıqlılığının və rəqabət qabiliyyətinin artırılmasına, resursların daha səmərəli istifadəsinə zəmin yaradır. Milli reytinq agentliklərinin olmaması ilə əlaqədar bu xidmətlər yalnız beynəlxalq reytinq agentlikləri tərəfindən göstərilir. Nəticədə, az sayda iri şirkət qeyd edilmiş xidmətlərə çıxış əldə edir.

Yol xəritəsində bildirilir ki, Maliyyə Bazarlarına Nəzarət Palatası qabaqcıl beynəlxalq təcrübələri nəzərə almaqla milli reytinq agentliklərinin yaradılması imkanlarını qiymətləndirəcək. Müvafiq qərara uyğun tədbirlər planı hazırlanacaq və icrasına başlanacaq. Bu prioritetin həyata keçirilməsi nəticəsində borcalanlar barədə daha geniş məlumat bazası yaradılacaq. Bu prioritetin 2020-ci ildə real ÜDM-ə və məşğulluğa ölçülə bilən birbaşa təsiri gözlənilmir.

Əlaqədar

Samir Əliyev: Bu gün bağlanmaq riski ilə üzləşən banklar var
Bankların gizli "qara bazar" əməliyyatları üzə çıxdı
Azərbaycanda dollara qarşı dirənən, sadəcə bir bank qaldı
Mərkəzi Bank bu qərarı verməsə, bütün əmanətlər batacaq
“Fitch” "DəmirBank"a reytinq verib
Azərbaycanın reytinqi aşağı düşdü
Teqlər:
Qubad İbadoğlu, ekspert, iqtisadçı, Rəşad Həsənov, müştəri, bank, Agentlik, reytinq, milli reytinq agentlikləri

Əsas mövzular