17:33 25 Fevral 2018
Canlı yayım
Şanxay

Azərbaycan öz xarici siyasət kursunu dəyişir?

TƏHLİL
Qısa URL
15010

Ekspertlər ölkəmizin Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığının müsbət perspektivlər vəd etdiyi qənaətindədirlər. Bununla yanaşı, hesab olunur ki, Azərbaycanın bu təşkilatda rəsmi tərəfdaş statusu alması ölkənin xarici siyasətində ciddi dəyişiklik edəcəyi anlamına gəlmir.

BAKI, 15 mart — Sputnik. Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Raşid Alimov və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov arasında Azərbaycana ŞƏT-də rəsmi tərəfdaş statusunun verilməsi ilə bağlı memorandum imzalanıb. Sputnik-in Ria Novosti-yə istinadən verdiyi məlumata görə, imzalanma mərasimi təşkilatın Pekindəki baş qərargahında baş tutub.

E. Məmmədyarov deyib ki, imzalanan sənəd vacib və maraqlı tərəfdaşla dialoqa başlamağa imkan yaradır. R. Alimov isə bildirib ki, dialoq üzrə tərəfdaş statusu Azərbaycana təşkilatın çoxplanlı və çoxtərəfli fəaliyyətinə qoşulmağa imkan verəcək.

Politoloq İlqar Vəlizadə
© Sputnik / Murad Orucov
Politoloq İlqar Vəlizadə

Maraqlıdır, Azərbaycanın Qərb ölkələri ilə münasibətlərinin soyuqlaşması fonunda Şərq ölkələrini birləşdirən əsas qurumlardan biri olan ŞƏT-də yeri və perspektivi necə görünür? Təhlilçilərdən bəziləri Azərbaycanın bu təşkilata cəlb edilməsini "siyasi manevr" hesab edir, digərləri isə Azərbaycanın ŞƏT-ə qoşulmasının "yalnız əməkdaşlıq məqsədi daşıdığını" deyirlər.

Politoloq İlqar Vəlizadə Sputnik-ə açıqlamasında ŞƏT-də təmsil olunan dövlətlərin hər birinin öz maraqlarının olduğunu deyib: "Azərbaycan bu təşkilata üzv ölkələr ilə təklikdə və ümumilikdə münasibətlər saxlayır. Azərbaycan üçün bu münasibətlər prioritet təşkil edir. ŞƏT-ə müşahidəçi qismində qoşulmağımız bu ölkələr ilə münasibətləri kompleks şəklində inkişaf etdirməyə imkanlar yaradacaq. Bu, həmin ölkələrlə olan siyasi əməkdaşlığı yeni mərhələyə keçirməyə imkan verəcək".

"Bu təşkilatda Azərbaycan üçün ən maraqlısı iki məsələdir ki, birincisi təhlükəsizliklə bağlı məsələdir. Azərbaycan üzv olduğu bütün təşkilatlarda bu məsələni qaldırır. Eyni zamanda da iqtisadi əməkdaşlıq məsələləridir. Son vaxtlar Azərbaycan xüsusi olaraq investisiya əməkdaşlığına önəm verir. Bu ölkələrin hər biri ilə ayrı-ayrılıqda investisiya əməkdaşlığına dair sazişlər hüquqi bazamız yaranıb", —deyə İ. Vəlizadə bildirib.

Politoloq Fikrət Sadıxovun sözlərinə görə, ŞƏT-ə üzv ölkələrlə Azərbaycanın uzunmüddətli əməkdaşlıq münasibətləri var və bu strateji əməkdaşlıq səviyyəsi yüksəlir: "Unutmayaq ki, bu təşkilatın üzvü olan iri və kifayət qədər nüfuzlu olan ölkələr var. Çin, Hindistan, Pakistan kimi ölkələrlə bizim münasibətlərimiz kifayət qədər yaxındır. İlk növbədə iqtisadi və digər layihələr çərçivəsində qarşlıqlı şəkildə əməkdaşlıq edirik. Bu təşkilatın dünyda da siyasi çəkisi yüksəkdir. Çünki üzvlər ilk növbədə müəyyən regionların nümayəndələridir. Bunlar inkişaf etmiş Asiya dövlətləridir. Bunların beynəlxalq aləmdə atdığı addımlar və gördükləri işlər təqdirəlayiqdir. Düşünürəm ki, belə bir təşkilatda Azərbaycanın da olması bir sıra istiqamətlərdə Azərbaycana fayda verə bilər. Biz bu məsələdə düzgün istiqamətdə addımlayırıq. Bu təşkilatda bizim fəaliyyətimiz daha da aktiv olmalıdır".

İ. Vəlizadə hesab edir ki, Azərbaycanın ŞƏT-də rəsmi tərəfdaş statusu alması ölkənin xarici siyasi yönümündə ciddi dəyişiklik anlamına gəlməməlidir: "Azərbaycan bu addımla Qərbdən imtina etmədiyini, ancaq yeni bir xəttə — Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıqla bilavasitə buraya üstünlük verdiyini nümayiş etdirir. Təşkilata üzv ölkələrin müxtəlif xarici siyasət kursları var. Misal üçün Hindistanın xarici siyasəti ilə Çinin xarici siyasəti arasında kifayət qədər fərqlər var. Eyni zamanda Pakistanla Hindistan arasında olan münasibətlər də hər kəsə bəllidir. Şanxay Əməkdaşlıq Təşkilatını Şərqdə vahid geosiyasi mərkəz kimi qəbul etmək düzgün olmazdı. Burada məqsədlər və fəaliyyət mexanizmləri tam fərqlidir. Bu təşkilat vahid sistemlərdən fərqlənir. Misal üçün, Qərbdə Avroatlantik sistem təşkil olunub ki, orada vahid mexanzimlər var. Həm iqtisadiyyatla, həm də siyasətlə bağlı olan mexanizmlər üzv ölkələrə şamil olunur. Burada isə belə deyil, üzv ölkələr sərbəstdir".

Politoloq Fikrət Sadıxov
© Sputnik / Murad Orujov
Politoloq Fikrət Sadıxov

F. Sadıxovun fikirncə, Ermənistanın da ŞƏT-də olması Azərbaycanın maraqlarına heç bir zərbə vura bilməz: "Ermənistanla biz müxtəlif təşkilatların üzvləriyik. Tutalım ki, BMT-də Ermənistan var, AŞPA-da var. Bu, qaçılmaz bir faktdır. Ermənistanın mexaniki şəkildə hansısa bir təşkilata üzvlüyü heç də o demək deyil ki, Ermənistan bu təşkilata hansısa bir fayda verə bilər. Çünki onun iqtisadiyyatı, coğrafi vəziyyəti, qonşu dövlətlərlə münasibəti hər kəsə bəllidir. Onun yerini, rolunu Azərbaycanla müqayisə etmək olmaz".

Ötən ilin iyulunda Azərbaycana Ermənistanla birgə dialoq üzrə tərəfdaş statusunun verilməsi ilə bağlı qərar qəbul edilməsi ölkə icitmaiyyəti tərəfindən heç də bir mənalı qarşılanmayıb. Xatırladaq ki, ŞƏT-ə Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan daxildir. Müşahidəçi statusu alan ölkələr isə Belarus, Monqolustan, Hindistan, İran, Pakistan və Əfqanıstandır. Təşkilatın 2016-cı ilin 23-24 iyun tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə sammiti keçiriləcək.

 

Əlaqədar

Prezidentlər Azərbaycanı Şanxay Əməkdaşlıq Təşkilatında salamladılar
Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına qoşulur
Nikita Mixalkovun "Günvurma" filmi Şanxayda mükafat alıb
Teqlər:
Qərb, xarici siyassət, Azərbaycan, ŞƏT, Şanxay Əməkdaşlıq Təşkilatı

Əsas mövzular