22:55 25 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0697
Tarixdə Bu Gün
Qısa URL
22 0 0

1992-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi adına layiq görülüb. 2008-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülüb.

BAKI, 11 fevral — Sputnik. "Eşqimiz elə bu qədərmiş", "Gecələr bulaq başı", "Daha məndə dözüm yox", "Ağlamasın salxım söyüd", "Bilməzdim" və s. mahnıları ilə şöhrət qazanan Elza İbrahimova 1938-ci ildə Hacıqabul şəhərində anadan olub. Bakıda 8 saylı musiqi məktəbini, 1957-ci ildə A.Zeynallı adına orta ixtisas musiqi məktəbinin bəstəkarlıq sinfini, 1964-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq şöbəsini bitirib. Hələ uşaq yaşlarından musiqiyə olan böyük məhəbbəti valideynləri tərəfindən dəyərləndirilir və o musiqi məktəbinə yazılır.

100-lərlə mahnının müəllifi Elza İbrahimova 1969-cu ildə ilk mahnısını bəstələyir. Məmməd Rahimin sözlərinə bəstələnmiş "Yalan ha deyil" mahnısının ilk ifaçısı Şövkət Ələkbərova olur. Azərbaycanda tanqo ritmini estradaya gətirən ilk bəstəkarlardan biri olan Elza İbrahimovanın Rəfiq Zəkanın sözlərinə bəstələdiyi "Qurban verərdim" əsəri sovet dövründə bədii şura tərəfindən o qədər də yaxşı qarşılanmır. Çünki tanqonun burjua ahənginin sovet ruhuna uyğun gəlmədiyi bildirilir. Amma sonradan "Qurban verərdim"lə bərabər "Sən mənə lazımsan" (söz. Əliağa Kürçaylı), "Bağçadan keçmisən" (söz. Ə.Əlibəyli) və sair tanqo ritmində yazılmış musiqilər bəstəkarın sevilən mahnıları siyahısına qoşulur.

Yaradıcılığı təkcə estrada janrı ilə kifayətlənməyən bəstəkar diplom işi üçün yazdığı fortepiano və orkestr üçün üçhissəli konsert, "Afət", "Şeyx Şamil" və "Yanan laylalar" operalarının, həmçinin Azərbaycanda neft sənayesinin 130 illiyi münasibəti ilə neftçilərə həsr olunmuş himnin də müəllifidir. Konservatoriyada ilk müəllimi görkəmli bəstəkarımız, Azərbaycanın Xalq artisti Cövdət Hacıyev olub. Onun yazdığı mahnılar Azərbaycan musiqisinin Rəşid Behbudov, Şövkət Ələkbərova, Lütfiyar İmanov, Sara Qədimova, Gülağa Məmmədov, İslam Rzayev, Flora Kərimova, Oqtay Ağayev, İlhamə Quliyeva, Elmira Rəhimova, Akif İslamzadə, Leyla Şərifova, Yalçın Rzazadə, Mübariz Tağıyev kimi korifeyləri tərəfindən ifa edilib.

Məmməd Rahim, Bəxtiyar Vahabzadə, Adil Rəsul, Əliağa Kürçaylı, Dəmir Gədəbəyli, Ramiz Heydər, Ruzgar Əfəndiyeva, Oqtay Şamil, Rəfiq Zəka, Aslan Abdullayev, Baba Vəziroğlu, Zivər Ağayeva, Ənvər Əlibəyli, Vahid Əziz, Anna Bartkulaşvili kimi şairlərlə əməkdaşlıq edən Elza İbrahimova yüzlərlə mahnının, iki operanın müəllifi olub.

Yaradıcılığında bir-birindən maraqlı, orijinal mahnılarla bərabər romanslar, sonatalar, kvartetlər də bəstələyib. Bəstəkarın Rəşid Behbudovun ifasında səslənən "Ey vətən" əsəri bütün dünyada Azərbaycanı tərənnüm edən mahnılardan biri olmuşdur. Azərbaycan şairlərinin yüzlərlə şeirlərinə və rus dillərində onlarla poetik nümunəyə musiqi yazıb. 1992-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi adına layiq görülüb. 2008-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülüb. Ölməz sənətkar uzun sürən xəstəlikdən sonra 11 fevral 2012-ci ildə 74 yaşında vəfat edib. Bəstəkar İkinci Fəxri Xiyabanda dəfn olunub.

Əsas mövzular