16:00 15 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
Tarixdə Bu Gün
Qısa URL
6520

Yaratdığı Azərbaycan Xalq Cümhuriyyətinin ömrü qısa, 2 il olsa da, o bu müddətlərdə Azərbaycanın adına bir sıra mühüm addımlar atdı

BAKI, 6 mart — Sputnik. Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.

Azərbaycan milli istiqlal hərəkatının və təkcə türk ellərində deyil, bütün islam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl daşını qoyan Məhəmməd Əmin Rəsulzadə 1902-ci ildə, on yeddi yaşında olarkən "Müsəlman Gənclik Təşkilatı"nı yaradır.

"Müsəlman demokratik "Müsavat" cəmiyyəti" adı ilə gizli fəaliyyət göstərən təşkilatın bir qolu da az sonra İranda qurulmuş və burada başlamış məşrutə inqilabına istiqamətverici rəhbər qüvvəyə çevrilir. 1904-cü ilin axırlarında "Müsəlman demokratik "Müsavat" cəmiyyəti"nin əsasında Rusiya Sosial Demokrat Fəhlə Partiyasının Bakı komitəsinin nəzdində "Müsəlman sosial-demokrat "Hümmət" təşkilatı" yaradılır. Bu təşkilatın baniləri Mir Həsən Mövsümov, Məmməd Həsən Hacınski və Məhəmməd Əmin Rəsulzadə olur. Məşədi Əzizbəyov, Nəriman Nərimanov, S.M.Əfəndiyev və başqa inqilabçılar da 1905-ci ildən bu təşkilatın üzvü idilər. Təşkilatın "Hümmət" adlı qəzeti də nəşr edilmiş, 1904-1905-ci illər arası cəmi 6 nömrə buraxmış qəzetin əsas naşirlərindən biri də M.Ə.Rəsulzadə olub.

1908-ci ilin axırında M.Ə.Rəsulzadə çar üsul-idarəsi tərəfindən onun həbs olunması təhlükəsi ilə əlaqədar olaraq Bakını tərk edərək İrana yola düşür. M.Ə.Rəsulzadə Təbrizdə xalqımızın milli qəhrəmanı Səttarxanla və onun silahdaşları ilə görüşür. Cənubi Azərbaycanın şəhər və kəndlərini gəzir, öz doğma xalqının acınacaqlı vəziyyətini yaxından müşahidə edir. Bu müşahidələr sonralar M.Ə.Rəsulzadənin ədəbi yaradıcılığında təsirsiz qalmır. Məhəmməd Əmin Rəsulzadə Avropa təhsili görmüş bir qrup İran ziyalısı (Seyid Həsən Tağızadə, Hüseynqulu xan Nəvvab, Süleyman Mirzə, Seyid Məhəmməd Rza və b.) ilə birlikdə 1910-cu ilin sentyabr ayında İran Demokrat Partiyasının əsasını qoyur. O, "İran-nou" və "İrane Ahat" qəzetlərinin baş redaktoru olur. 1909-cu il avqustun 24-də fəaliyyətə başlayan gündəlik və müstəqil "İran-nou" 2-3 min nüsxə ilə İranın ən böyük qəzeti oldu. 1910-cu ilin yayında bağlansa da, payızda, oktyabrın 26-da artıq Demokrat partiyanın orqanı kimi fəaliyyətini bərpa etdi. Həmin qəzetlərdə M.Ə.Rəsulzadənin çoxlu məqalələri, şeir və publisistik yazıları çap olunmuşdur. O, öz qələmi ilə İranda Avropa tipli jurnalist sənətinin əsasını qoymuşdur.

Sonralar Seyid Həsən Tağızadə, M.Ə.Rəsulzadənin xatirəsinə həsr etdiyi nekroloqda yazacaq: "Modern Avropa qəzet formasını ilk dəfə İrana gətirən M.Ə.Rəsulzadə olmuşdur". İranda həmin il mürtəce "Etidaliyyun" ("Mötədillər") partiyası təşkil edildi. Bununla əlaqədar M.Ə.Rəsulzadə Tehranda 1910-cu ildə fars dilində "Tənqidi-firqeyi-etidaliyyun" adlı kitabını çap etdirmişdir. 1911-ci ildə isə Ərdəbildə müəllifin farsca "Səadəti-bəşər" adlı kitabı nəşr olunub.

Yaratdığı Azərbaycan Xalq Cümhuriyyətinin ömrü qısa, 2 il olsa da, o bu müddətlərdə Azərbaycanın adına bir sıra mühüm addımlar atdı.

Məhəmməd Əmin Rəsulzadə 1955-ci ilin 6 martında Ankarada dünyasını dəyişib. Hazırda onun məzarı Ankarada yerləşir.

Əsas mövzular