22:10 01 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
Tarixdə Bu Gün
Qısa URL
4401

15 iyul 1992-ci ildə prezident Əbülfəz Elçibəy "Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında" fərman verib.

BAKI, 15 iyul-Sputnik. Azərbaycanın XX əsrin sonunda müstəqillik əldə etməsi suveren dövlətin mühüm atributlarından biri sayılan milli valyutanın dövriyyəyə buraxılmasını şərtləndirdi. Belə ki, ölkədə pul tədavülünün yaradılmasının və təşkil edilməsinin əsası, Azərbaycan Respublikası Prezidentinin (Ayaz Mütəllibov) 11 fevral 1992-ci il tarixli "Azərbaycan Respublikası Milli Bankının yaradılması haqqında" Fərmanı ilə Milli Bankın yaradılması və Azərbaycan Respublikası Prezidentinin (Əbülfəz Elçibəy) 15 iyul 1992-ci il tarixli "Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında" Fərmanına müvafiq olaraq milli valyutanın dövriyyəyə buraxılması ilə qoyulub.

Bununla əlaqədar olaraq, 1992-ci ilin avqustunda 1, 10 və 250 manatlıq əskinaslar, noyabrında 5, 10, 20 və 50 qəpiklik sikkələr, dekabrında 5 manatlıq əskinas, 1993-cü ilin martında isə 50, 100, 500 və 1000 manat nominallı kağız əskinaslar dövriyyəyə buraxıldı. Azərbaycan Respublikasının 1-ci pul emissiyası 1992-ci ildə Fransa Mərkəzi Bankı tərəfindən çap edilib. Yeni dizaynla 1 və 10 manatlıq əskinaslar həmin şirkətdə istehsal olunub.

1992-ci ilin avqustundan 1994-cü ilin yanvarınadək manat Azərbaycan ərazisində 1 manat: 10 rubl nisbətində rubllarla paralel olaraq dövriyyədə ödəniş vasitəsi kimi istifadə olunurdu. Həmin dövrdə Mərkəzi Bank tərəfindən müstəqil pul siyasətinin yeridilməsinə şərait yaratmaq üçün manatın ölkə ərazisində yeganə ödəniş vasitəsi olmasının təsbit edilməsi zərurətə çevrilmişdi.

Prezidentin 11 dekabr 1993-cü il tarixli "Azərbaycan Respublikası milli valyutasının respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında" Fərmanı ilə manatın dövriyyədə yeganə ödəniş vasitəsi olması təsbit edildi və Azərbaycanın rubl zonasından çıxması təmin edildi. Bununla da Mərkəzi Bank müstəqil pul və məzənnə siyasəti həyata keçirmək imkanı əldə etdi ki, bu siyasətin də müsbət nəticələri qısa müddətdə ölkə iqtisadiyyatının inkişafina öz tövhəsini verdi.

Ölkə ərazisində manatın yeganə ödəniş vasitəsi olması 1995-ci ilin noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə keçirilmiş referendumda qəbul olunmuş Konstitusiya aktı ilə bir daha öz təsdiqini tapdı. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 19-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının pul vahidinin manat olduğu müəyyən edilib və Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan edilib. Bütün bunlar manatın məzənnəsinin sabitləşməsi və möhkəmlənməsi, onun, sözün əsl mənasında, milli valyutaya çevrilməsi üçün münbit şərait yaratdı.

Milli Bank tərəfindən ölkədə nağd pul dövriyyəsinin nizamlanması, nağd pula olan tələbatın optimallaşdırılması məqsədilə 1994-cü ildə 10.000 manatlıq, 1996-cı ildə isə 50.000 manatlıq əskinaslar çap etdirilərək dövriyyəyə buraxıldı.

1994-cü ildə Almaniyada "Giesecke & Devrient" şirkəti tərəfindən istehsal edilən 10.000 manatlıq əskinasın üzərində "Şirvanşahlar" kompleksinin ümumi görünüşü, arxa tərəfində isə ənənəvi olaraq milli ornamentlə haşiyələnmiş çərçivədə həm rəqəmlə, həm də söz ilə nominal verilib.

İngiltərənin "De La Rue" şirkəti tərəfindən çap edilən 50.000 manat dəyərində əskinaslar 1996-cı ildən dövriyyəyə buraxılıb və bu pul vahidinin üzərində orjinal üslubda Naxçıvanda olan memarlıq abidəsi — "Mömünə Xatun türbəsi", arxa hissəsində isə ənənəvi olaraq milli ornamentlə haşiyələnmiş çərçivədə nominalın dəyəri həm rəqəmlə, həm də sözlə verilib.

İngiltərədə 2001-ci ildə "De La Rue" şirkəti tərəfindən yeni dizaynla 1000 manat dəyərində əskinas buraxılıb. Bu əskinas Azərbaycanda neftin çıxarılması və istehsal edilməsinə həsr edilib. Əskinasın dizaynında ənənəvi çərçivələr və ornamentlər istifadə edilib.

Ümumikdə, Azərbaycan Respublikasının Milli Bankı tərəfindən ölkə iqtisadiyyatının nağd pula olan tələbatının ödənilməsi məqsədilə 1992-2005-ci illər ərzində 5 trilyon 238 milyard manat həcmində 692,5 milyon ədəd əskinas istehsal olunaraq dövriyyəyə buraxılıb. Köhnə nominallı pul nişanları 2006-cı ilin sonuna qədər tədavüldə olub və denominasiya çərçivəsində dövriyyədən geri yığılıb.

Azərbaycan Respublikası Prezidenti tərəfindən 7 fevral 2005-ci il tarixdə "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" Fərman imzalanıb.

Fərmana uyğun olaraq, 2006-cı il yanvarın 1-dən etibarən yeni manata keçidlə əlaqədar 1 yeni manat AZN 5000 köhnə AZM-ə bərabər tutuldu. AZM və AZN-in birgə 1 il ərzində — 2006-cı ildə dövriyyədə oldu və yalnız 2007-ci il yanvarın 1-dən isə yeni manata tam keçid təmin edildi. Lakin AZM-lərin AZN-lərə dəyişdirilməsi prosesinə heç bir məhdudiyyət qoyulmadı və hazırda da bu proses xırda həcmdə olsa da davam etməkdədir.

Dövriyyəyə buraxılan yeni manat 1, 5, 10, 20, 50, 100 ekvivalentində olan əskinaslar və 1, 3, 5, 10, 20, 50 metal pul nişanlarından ibarət oldu.

Denominasiya prosesində tədavülə yeni nəsil pul nişanlarının buraxılmasının əsas məqsədi manatın nominal məzənnəsinin dünyanın aparıcı valyutaların məzənnələrinə uyğun formalaşdırmaq, milli pul nuşanları dizaynını, mühafizəsini, nominal strukturunu beynəlxalq standartlara uyğunlaşdırmaq, məzənnə və qiymətlər miqyasını optimallaşdırmaq, uçot və hesablaşma sistemini sadələşdirməkdən ibarət idi. Bununla yanaşı, yeni nəsil pul nişanlarına keçid pul nişanlarında milli və tarixçilik ənənələrini daha qabarıq ifadə edilməsini, ölkədə pul dövriyyəsini yaxşılaşdırılmasını, o cümlədən nağd pulun istehsalı, daşınması, saxlanması və emalı ilə bağlı dövlət xərclərinə qənaət edilməsini təmin etdi.

Azərbaycanın yeni nəsil əskinas və sikkələrin dizaynları vahid konsepsiya əsasında hazırlandı. Yeni pulların dizayn mövzusu "Müstəqil Azərbaycan" müəyyən edildi.

Yeni nəsil pul nişanlarının texniki parametrləri isə İsveçrə Milli Bankının texniki dəstəyi ilə hazırlanıb.

Əlaqədar

Manat ucuzlaşmaqda davam edir
Manat növbəti sınaqdan necə çıxacaq?
Manat daha 0.20 faiz dəyər itirdi
Dollar-manat "mübarizəsi" ilə bağlı rəsmi açıqlama gəldi
Manat bir az da dəyər itirdi
Teqlər:
Ayaz Mütəllibov, əskinas, fərman, İsveçrə, Əbülfəz Elçibəy, Fransa, Mərkəzi Bank, Azərbaycanın milli valyutası, prezident, manat

Əsas mövzular