07:34 18 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0621
  • RUB0.0230
Tarixdə Bu Gün
Qısa URL
12002

"Ulduz"da Ulduz, "Böyük dayaq"da Maya kimi tanıdığımız Tamilla Rüstəmovanın atası, görkəmli bəstəkar və pedaqoq Səid Rüstəmov ötən əsrin əvvəllərində İrəvanda anadan olub.

BAKI, 12 may — Sputnik. Bəstəkar, dirijor, pedaqoq, Azərbaycanın xalq artisti (1957), Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və dirijoru (1935-1975) Səid Rüstəmov 1907-ci il mayın 12-də İrəvanda anadan olub.

Onun hələ uşaq ikən atasını itirməsinə baxmayaraq oxumaq, öyrənmək həvəsi günbəgün artırdı. Səidin musiqiyə olan marağı İrəvanda ibtidai məktəbdə oxuduğu illərdə də nəzərə çarpıb. 1918-ci ildə İrəvanda baş verən erməni quduzluğu zamanı Səidgil qaçqın düşüb Türkiyəyə getsələr də az vaxtdan sonra yenidən İrəvana qayıdıblar. Türkiyədən qayıtdıqdan sonra onlar evlərini dağılmış görüb, 1919-cu ildə Gəncəyə köçürlər. Burada ermənilər Səidin qardaşı Mirhüseyni öldürürlər. Ailə Gəncədə çox qalmayıb Ağdaşda məskunlaşır. Ailə Ağdaşa köçəndə Səidin 12 yaşı var idi. Bu yaşa qədər olan əzab-əziyyətli günlərə baxmayaraq yeniyetmə Səidin musiqiyə marağı daha da artırdı. Tezliklə Rüstəmovlar ailəsi Bakıya köçür, Səid Müəllimlər Seminariyasına daxil olur. Həmin məktəbdə musiqi dərsləri keçilirdi. Səid burada truba çalmağı öyrənir. Balaca Səidin musiqidən əlavə rəsm çəkməyə də həvəsi olduğundan rəsm məktəbində məşğələlərə başlayır. Rəssamlıq məktəbi musiqi texnikumu ilə bir binada yerləşirdi. Səidin musiqi istedadı müəllimlərdən birinin diqqətini cəlb edir. O, Səidi Üzeyir Hacıbəyovun yanına aparır. O da Səidin taleyini həll edir. S. Rüstəmov 1924-cü ildə musiqi məktəbinin xalq çalğı alətləri şöbəsinə qəbul olunur.

Səid Rüstəmov 1926-cı ildə Müəllimlər Seminariyasını bitirdikdən sonra Süleyman Sani Axundovun müəllimi olduğu 19 nömrəli birinci dərəcəli məktəbə müəllim təyin olunur. Gənc, tələbkar müəllim şagirdlərin dərin hörmətini qazanır. 1932-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirir. Səid Rüstəmovu digər sənətkalardan-sənət dostlarından fərqləndirən cəhətlərdən biri də budur ki,o, pedaqoji fəaliyyətə ümumtəhsilin əsaslarını öyrədən məktəbdən başlayıb.

Bir neçə filmdə çəkilən Tamilla Rüstəmovanın atası idi.

Səid Rüstəmovun müxtəlif vaxtlarda Müəllimlər Seminariyasını, daha sonralar Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirməsi, pedaqogikanı, habelə ayrı-ayrı fənlərin tədrisi metodlarını bilməsi, bu sahədə müəyyən təcrübə keçməsi onun musiqi təhsili sahəsində ustad pedaqoq kimi tanınmasına zəmin yaradıb.

Musiqi məktəbləri üçün "Not savadı" dərsliyinin əsas tərtibçilərindən biri olanda da, ilk "Tar məktəbi" dərs vəsaitini yazanda da, 1931-ci ildə respublikamızda notla çalan ilk xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və baş dirijorunun köməkçisi, sonralar isə orkestrin bədii rəhbəri və baş dirijoru, Fioletov adına klubun mahnı və rəqs ansamblının (1945), Azərbaycan Dövlət mahnı və rəqs ansamblının (1951) rəhbəri vəzifəsində çalışanda da öyrətmək məharəti ilə tanınan pedaqoq kimi nəzərə çarpıb. O, tar və dirijorluq ixtisası üzrə gənc musiqiçi kadrlarının hazırlanması işinə də xüsusi diqqət yetirib.

S. Rüstəmovun pedoqoji fəaliyyətinin mühüm bir dövrü Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Kanservatoriyası ilə bağlı olub. O, bu mötəbər ali musiqi təhsili ocağında xalq musiqisi kafedrasının yaradıldığı vaxtdan istedadlı tarzənlərin yoluna işıq tutub. Dahi Üzeyir Hacıbəyovun vəfatından sonra Azərbaycan Bəstəkarlar İttifaqının sədri vəzifəsinə seçilməsi və 1953-cü ilədək həmin postda ustad müəllimin adına layiq çalışması həm də onun ictimai xadim kimi yetişməsini göstərirdi.

S.Rüstəmov dəfələrlə Bakı şəhər sovetinə deputat seçildiyi illərdə də zəhmətkeşlərin mədəni həyat səviyyəsinin yüksəlməsi naminə yorulmadan çalışırdı. S. Rüstəmov SSRİ Bəstəkarlar İttifaqı İdarə Heyyətinin üzvü kimi də geniş, məqsədyönlü iş aparıb. Onun səsi-sorağı Beynəlxaq konqreslərdən ən mötəbər məclislərdən gəlirdi. O dəfələrlə xalq çalğı alətləri ifaçıları üçün keçirilən Ümümdünya və Ümümittifaq festivallarında münsiflər heyətinin sədri və üzvü olub.

Böyük sənət fadaisi, alovlu vətənpərvər Səid Əli oğlu Rüstəmovun geniş, çoxcəhətli fəaliyyəti gərgin əməyi layiqincə qiymətləndirilib. O, 1938-ci ildə Əməkdar İncəsənət xadimi, 1957-ci ildə isə Azərbaycan Respublikasının xalq artisti fəxri adlarına, 1951-ci ildə isə SSRİ Dövlət mükafatına layiq görülüb. Üç dəfə Qırmızı Əmək Bayrağı ordeni və Xalqlar Dostluğu ordeni və bir sıra medallarla təltif olunub.

Səid Rüstəmov 1983-cü ilin iyun ayında 76 yaşında vəfat edib.

Əsas mövzular