BAKI, 21 iyun — Sputnik. Türkiyənin Futbol Federasiyası bu ölkənin milli komandasının AVRO-2020 çərçivəsində Bakıda keçirilən oyunlar zamanı ona göstərilən qonaqpərvərliyə görə Azərbaycana minnətdarlığını ifadə edib. Bu barədə Sputnik Azərbaycan Federasiyanın saytına istinadən xəbər verir.
"Dost və qardaş ölkə olan Azərbaycan AVRO-2020 prosesində və Bakıda oynadığımız iki oyunda tribunaları qırmızı-ağ rənglərlə dolduraraq əla qardaşlıq ruhu göstərdi. Milli komandamıza, Federasiyamıza və bütün Türk xalqına böyük dəstək göstərən və bizi ən yaxşı şəkildə qəbul edən Azərbaycan, "bir millət, iki dövlət" olduğumuzu dərindən hiss etdirdi", - deyə Federasiyanın bəyanatında deyilir.
Daha sonra bəyanatda Türkiyə-Uels oyununu (0:2) Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan prezidenti İlham Əliyevin də ziyarət etdiyi deyilir və Azərbaycan Futbol Federasiyasının prezidenti Rovnaq Abdullayevə təşəkkür ifadə olunur.
Türkiyə millisi koronavirus pandemiyası üzündən bir il təxirə salınmış Avropa çempionatında uğusuz çıxış edib. "A" qrupunda Şenol Günəşin yetirmələri Romada İtaliya millisinə (0:3), Bakıda isə Uels (0:2) və İsveçrə (1:3) milli komandalarına məğlub olub.
Onu da qeyd edək ki, Türkiyə komandasının üzvləri artıq Avropa çempionatında çıxışlarını bitirərək Azərbaycan paytaxtını tərk ediblər.
AVRO-2020 Bakı oyunları
Bakı Olimpiya stadionunda ümumilikdə dörd oyunun keçirilməsi nəzərdə tutulub. "A" qrupunda iyunun 12-də İsveçrə-Uels (1:1), iyunun 16-da Türkiyə-Uels (0:2), iyunun 20-də İsveçrə-Türkiyə (3:1) oyunları artıq keçirilib. Bundan əlavə iyulun 3-də isə burada AVRO-2020 ¼ final oyunlarından birinin keçirilməsi də nəzərdə tutulub.