Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Tarladan, yaxud da istehsaldan sərhədə - Qeyri-neft məhsullarının ixracatı artırılacaq

© Sputnik / Mihail Voskresenskiy / Mediabanka keçidРазгрузка контейнернов, фото из архива
Разгрузка контейнернов, фото из архива - Sputnik Azərbaycan, 1920, 10.09.2021
Abunə olmaq
Hədəflərdən biri kimi növbəti illərdə kənd yerlərində məşğulluğun artırılması və əhalinin rifahının daha da yüksəldilməsi nəzərdə tutulur.
BAKI, 10 sentyabr — Sputnik. Azərbaycanda 2025-ci ilə qədər qeyri-neft məhsullarının ixracının iki dəfəyədək artırılması hədəflənir. Bu barədə Maliyyə Nazirliyinin 2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında qeyd olunub.
Hədəflərdən biri kimi növbəti illərdə kənd yerlərində məşğulluğun artırılması və əhalinin rifahının daha da yüksəldilməsi nəzərdə tutulur. Bu məqsədlə həmin yerlərin kompleks inkişafı üzrə pilot layihələrin hazırlanması və icrası nəzərdə tutulur.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin yanvar-iyun aylarında Azərbaycandan 100 ölkəyə məhsul ixrac olunub. 2021-ci ilin yanvar-iyun aylarında ölkənin xarici ticarət dövriyyəsi 14650,3 milyon ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 9259,1 milyon dollarını və ya 63,2 faizini ölkədən ixrac olunan məhsullar təşkil edib ki, nəticədə 3867,9 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2020-ci ilin yanvar-iyun ayları ilə müqayisədə ixrac 5,2 faiz azalıb. 2021-ci ilin yanvar-iyun aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 27,4 faiz, real ifadədə 14,0 faiz artaraq 1162,4 milyon dollar təşkil edib.
İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında deyir ki, ümumiyyətlə, son bir neçə ildə qeyri-neft sektorunun ixracı normal templə artır: "Lakin faiz etibarı ilə ifadə etsək, qeyd edim ki, ixracın 90 faizi hələ də enerji sektorunun payına düşür. İxracın 5 faizi kənd təsərrüfatı mallarının, digər hissəsi isə emal sənayesi, qızıl sənayesinin və yeni açılan müəssisələrin payına düşür. 10 il öncə də ixracın 90 faizi enerji sektorunun payına düşürdü".
N.Cəfərli deyir ki, qeyri-neft məhsullarında isə əsasən kənd təsərrüfatı və SOCAR-ın törəmə şirkətlərinin qurduğu müəssisələr var ki, onlar yeni məhsul növləri istehsal edir. Ekspertin sözlərinə görə, bu müəssisələrin də ixracında müəyyən artım var: "Azərbaycanda qeyri-neft sektorunun ixracatında lider şirkətlərdən biri də SOCAR-ın törəmə şirkətləridir. Bu şirkətlər ilk 3 pillədə qərarlaşıb. Bundan başqa, qeyd edim ki, qızılın ixracatında da artım var. Gələcəkdə bu ixrac rəqəmlərində daha çox artımın olması gözlənilir. Çünki işğaldan azad olunan torpaqlarda da əlvan metal yataqları mövcuddur".
2021-ci ilin yanvar-iyun aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 38,8 faiz, kartof – 12,9 faiz, şəkər – 2,0 dəfə, bitki yağları – 27,8 faiz, meyvə və tərəvəz şirələri – 15,5 faiz, meyvə və tərəvəz konservləri – 19,7 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 10,7 faiz, pambıq lifi – 1,9 dəfə, pambıq ipliyi – 1,8 dəfə, qara metallardan borular – 12,0 faiz artmış, təzə tərəvəz ixracı isə 23,6 faiz, çay – 21,3 faiz, tütün – 45,9 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 30,7 faiz, polietilen – 11,5 faiz, emal olunmamış alüminium – 41,8 faiz, bentonit gili – 4,2 faiz azalıb.
İqtisadçı isə deyir ki, hazırda əsas diqqət kənd təsərrüfatı mallarının üzərindədir. Onun sözlərinə görə, bu məhsulların çoxşaxəli ixrac modelinə keçirilməsi mümkün olsa, o zaman işğaldan azad olunan torpaqların da kənd təsərrüfatı məhsullarının yetişdirilməsində mühüm rol oynaya biləcəyini demək mümkündür. N.Cəfərli deyir ki, kənd təsərrüfatında meyvə-tərəvəzçilik hər zaman ixracda öndə olub: "Uzun illərdir ki, pomidor ixrac olunan kənd təsərrüfatı məhsulları sırasında birinci yerdə qərarlaşıb. Bu il əsasən də Rusiya bazarına çıxışda problemlər yaşandığı üçün bu tərəvəz cari ildə ixrac olunan kənd təsərrüfatı malları sırasında ilk pillədə deyil, sadəcə olaraq beşlikdə qərarlaşa bildi. Kənd təsərrüfatına yardım olaraq subsidiyaların ayrılması doğru addım olar".
O deyir ki, subsidiyaların əkilən ərazinin ölçüsünə görə yox, son məhsulun keyfiyyəti və məhsuldarlığına görə ayrılması prosesinə keçid olmalıdır: "Bildiyim qədər, bununla bağlı Kənd Təsərrüfatı Nazirliyində müəyyən işlər görülüb. Bu keçidin sürətlənməsi kənd təsərrüfatında məhsuldarlığın artması və keyfiyyətin yüksəlməsinə səbəb ola bilər. Bu amil də əlavə olaraq ixracat potensialının arta biləcəyi ehtimalını yaradır".
Ekspert deyir ki, əsas problemlərdən biri də çoxşaxəli ixracat bazarına keçiddir: "Qeyd edim ki, hələlik ki, bizim kənd təsərrüfatı məhsullarının ixracatında Rusiya çox böyük paya malikdir. Bu məhsulların 2/3-si Rusiyaya ixrac olunur. Başqa ölkələrə ixracat üçün yolların da tapılması vacibdir".
"İxracatda qeyri-neft sektoru mallarının həcminin 2 dəfə artırılması o deməkdir ki, ən yaxşı halda, bu məhsulların ixracatda payı 2025-ci ilədək 25-30 faiz olacaq. Çünki neftin istehsalı və ixracatı təbii olaraq azalacaq, qeyri-neft sektorunda isə istehsalda artımlar baş verə bilər. Çalışmalıyıq qeyri-neft məhsullarının ixracatı 50 faizdən çox olsun", - deyə o əlavə edib.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, cari ilin yanvar-iyun aylarında ixracın 35,9 faizini İtaliyaya, 15,7 faizini Türkiyəyə, 4,7 faizini Rusiyaya, 4,4 faizini Gürcüstana, 4,0 faizini Hindistana, 3,9 faizini İspaniyaya, 3,7 faizini İsrailə, 2,9 faizini Portuqaliyaya, 2,6 faizini Xorvatiyaya, hər biri 2,3 faiz olmaqla Ukrayna və Tunisə, hər biri 1,6 faiz olmaqla Kanada, Birləşmiş Krallıq və Almaniyaya, 1,5 faizini Tailanda, hər biri 1,4 faiz olmaqla Belarus və Çinə, 8,5 faizini isə digər ölkələrə göndərilən məhsulların dəyəri təşkil edib. Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (34,7 faiz), Türkiyəyə (26,6 faiz), İsveçrəyə (10,1 faiz), Gürcüstana (6,9 faiz), ABŞ-a (2,6 faiz), Çinə (1,8 faiz), Ukraynaya (1,8 faiz), Türkmənistana (1,5 faiz), Qazaxıstana (1,3 faiz), Özbəkistana (1,0 faiz) göndərilən malların payı üstünlük təşkil edib.
Xəbər lenti
0