Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

"Ağ qızıl"ın qara dərdi: "Əlli manat hansı problemimizi düzəldə bilər?"

© Sputnik / Denis Abramov / Mediabanka keçidСбор урожая хлопка
Сбор урожая хлопка - Sputnik Azərbaycan, 1920, 21.08.2021
Abunə olmaq
Pambıq becərən fermerlər əkin xərclərinin çoxluğundan, gübrənin qiymətinin bahalığından və təsirsizliyindən şikayətlənir, ekspertlər isə 16-17 sentner orta məhsuldarlığın pambığın maya dəyərini ödədiyini bildirirlər.
BAKI, 21 avqust — Sputnik. Son günlər pambıq istehsalı və emalı ilə məşğul olan şirkətlər məhsul yığımı ərəfəsində pambığın alış qiymətinin artırılması barədə qərar qəbul ediblər.
Şirkətlər arasında əldə olunan razılaşmaya əsasən, pambığın növlər üzrə mövcud alış qiymətləri hər tona 50 manat olmaqla, 2021-ci ilin məhsulu üçün 1-ci növün qiyməti 650 manatdan 700 manata, 2-ci növün qiyməti 630 manatdan 680 manata, 3-cü növün qiyməti 590 manatdan 640 manata, 4-cü növün qiyməti 550 manatdan 600 manata qaldırılıb. Bu qərar fermerlərin məhsul istehsalına həvəsləndirilməsi üçün qəbul olunub.
Pambığın hər tonunun alış qiymətinin 50 manat artırılması nəticəsində pambıq istehsalı ilə məşğul olan fermerlərin xeyli əlavə qazanc əldə edəcəklərini düşünən şirkətlər bu addımı atmaq qərarına gəliblər.
Biz də pambıqçılıqla məşğul olan fermerlərlə həmsöhbət olub, yeni qərarın, eləcə də əkin üçün ayrılan pulların onlar üçün nə qədər səmərəli olduğunu öyrənməyə çalışdıq.
Beyləqan rayon sakini, fermer Aydın Əzimov Sputnik Azərbaycan-a müsahibəsində pambığın əkilib-becərilməsinə yanacağın qiymətinin qalxmasının təsiri və bir hektar torpaqda məhsulun yetişib başa çatması üçün nə qədər xərc çəkdiklərindən danışıb.
”Pambıqçılıq kənd təsərrüfatının ən ağır sahəsidir. Əminliklə deyə bilərəm ki, bitkiçilikdə ən çox xərc aparan məhz pambıqçılıqdır. Ümumiyyətlə, neçə illərdir ki, fermerlər pambıq əkininə çəkilən xərci nəzərə alaraq məhsulun aşağı qiymətə alınmasından narazılıq edirdilər.
Bu il dizel yanacağının qiymətinin qalxması bizim işimizi daha da çətinləşdirdi. Belə ki, keçən il bir hektar pambıq yerinin şumlanmasına 33 manat verirdiksə, bu il qiymət qalxıb, 40 manat olub. Torpağa mala çəkilməsi keçən il 14 manat olduğu halda, bu il 23 manat , toxum səpini 12 manat idisə, bu il 18 manat olub. Hələ maşınla pambığın yığımının nə qədər xərc aparacağı məlum deyil. Ümumiyyətlə, bir hektar pambığın becərilməsi üçün çəkilən xərc keçən il üçün 1200 AZN idi, bu il isə 1800 manatı ötür.  İndi siz deyin, artırılan 50 manat hansı problemimizi  düzəldə bilər?” - deyə fermer sual edir.
Fermer Əli Allahyarov isə pambığa verilən gübrələrin qiymətinin yüksək, keyfiyyətinin aşağı olmasından gileylənib. O deyir ki, çəkdikləri xərcin müqabilində məhsuldarlıq aşağıdır, əziyyətləri puç olur. Fermer son illər bununla bağlı şirkət rəhbərləri ilə problemlər yaşadıqlarını  da dilə gətirib.
“Son illər dərman və gübrələrin qiymətlərində artım, keyfiyyətində isə azalma qeydə alınıb. Biz əvvəlki illər bir hektar pambığa 400 qram sovka üçün “surenger“ dərmanı vururduqsa, bu il 800-1000 qram arası vururuq, amma xeyri olmur.
Beyləqanda yerləşən firmalarda süni qiymət özbaşınalığı hökm sürür. Rayon ərazisində fəaliyyət göstərən “Azərpambıq ASK MMC”  şirkətində sovka dərmanı "surenger"in bir kiloqramı 43 manata, "P-Aqro MMC"-də isə 31 manata satılır. Və belə qənaətə gəlmək olur ki, kim necə istəsə, dərmanları sata bilir. Mütləq şəkildə qiymətlər tənzimlənməli, yerli sakinlərin vəziyyəti nəzərə alınmalıdır. Qiymətdən başqa, dərmanların keyfiyyəti müəyyən qurumlar tərəfindən yoxlanmalıdır", - Allahyarov deyir.
Fermerlərin digər bir narazılığı isə budur ki, 2018-ci ildə prezidentin fərmanına əsasən hər hektara çəkilən xərcdən 50 manatın fermerlərə qaytarılması tapşırılsa da hələ də şirkətlər buna əməl etmirlər. Üç ilə yaxındır ki, insanlar o pulu ala bilmədiklərini bildirirlər. Onların xahişi odur ki, prezidentin sərəncamına əməl olunsun, pambığın alış qiyməti artırılsın və dərmanların keyfiyyətinə nəzarət olunsun.

Pambıq əkininə ikili münasibət: sərfəlidir, ya yox?

Xatırladaq ki, alış qiymətinin artırılması ilə bağlı iqtisadçı-ekspert Cəfər İbrahimli Sputnik Azərbaycan-a bildirib ki, təxminən 16-17 sentner orta məhsuldarlıq pambığın maya dəyərini ödəyir. 2020-ci ildə Azərbaycanda pambıq üzrə orta məhsuldarlıq 33,6 sent/ha təşkil edib. Bu, o deməkdir ki, Azərbaycanda fermerlər pambıqdan pul qazanırlar. Bundan başqa, təhvil verilən pambığın hər tonuna görə fermerlərə 100 manat subsidiya ödənilir. Fermerlər pambıq əkdikləri sahənin hər hektarına görə 260 manat əkin subsidiyası alırlar. Bu, əvvəllər 220 manat idi. İndi də pambığın alış qiyməti 50 manat artırılıb.
"Bütün bunları götürəndə cari ildə hər hektarda 30 sentner (80%-i 1-ci növ və 20%-i 2-ci növ) xam pambıq istehsal edən fermer, subsidiyalarla birlikdə hər kiloqram məhsuldan 88 qəpik gəlir əldə etmiş olacaq. Bu, normaldır", - deyə o qeyd edib.
Onun sözlərinə görə, pambığı buğda ilə müqayisə etsək, hər hektarda 30 sentner buğda istehsal edən fermer hər kiloqramdan 30 qəpik gəlir əldə edir.
"Amma hər hektarda 30 sentner xam pambıq istehsal edən fermer isə hər kiloqramdan 88 qəpik gəlir əldə edir. Lakin pambığın istehsal xərcləri arpa, buğdaya görə çoxdur. Belə ki, 1 hektar pambığın becərilmə xərci təxminən 1200-1300 manata çatır. Lakin bu, taxılda aşağıdır. Amma digər əkin növləri ilə müqayisədə pambığın gəlirliliyi daha çoxdur", - deyə ekspert bildirib.
İqtisadçı onu da əlavə edib ki, bu il pambığın suvarılması ilə bağlı fermerlərdən hər hansı bir ciddi şikayət eşitməyib.
İqtisadçı-ekspert Mircavid Həsənov isə Sputnik Azərbaycan-a deyib ki, tanıdığım fermerlərin içərisində bəziləri pambıq əkininə görə razılıq edirlər və sərfəlidir deyirlər. Bəzilərinə görə isə pambıq əkini sərfəli deyil. Yəni fermerlərin pambığa münasibəti birmənalı deyil, razı olan da var, narazı olan da. Onun fikrincə, hansı fermerin əkini, məhsuldarlığı yaxşıdırsa, onlar bu işdən razıdırlar. Məqsəd məhsuldarlığın əldə edilməsidir. Pambığın alış qiymətinin 50 manat artırılması müsbətdir, əkin sahələri arta bilər, lakin məhsuldarlıq səviyyəsinə elə də ciddi təsiri olmaz.
"Burada toxum məsələləri də var. Məhsuldar toxumların ölkəyə gətirilməsi mühüm məsələdir. Belə olanda fermerin məhsulu daha çox olar və daha çox pul qazanar", - deyə o əlavə edib. 
Eləcə də oxuyun:
Fermerlərə müjdə: Pambığın alış qiyməti artırıldı
“Qorabişirən ay”ın itmiş bərəkəti: nə ağacda əncir qalıb, nə də talvarda üzüm
Artan və azalan idxal məhsulları - təfərrüatlar
Nüvə enerjisi heç də həmişə pis deyil: Azərbaycan mutantlardan qazana bilər
 Dövlət qurumundan SOS: Qlobal istiləşmə Azərbaycanın su təsərrüfatını vurub
Xəbər lenti
0