05:16 06 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0122
  • RUB0.0233
İQTİSADİYYAT
Qısa URL
1802 0 0

Bank və maliyyə məsələləri üzrə ekspert əmanətlərin sığortalanması məsələsi ilə bağlı Sputnik Azərbaycan-a danışıb. Artıq ölkədə əmanətlərin sığortalanması ilə bağlı strategiya müəyyənləşib

BAKI, 21 iyul — Sputnik. Azərbaycanda banklara qoyulan əmanət faizləri aşağı salınmalıdır. Bunu bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov Sputnik Azərbaycan-a əmanətlərin sığortalanmasından danışarkən belə deyib.

Əmanət faizlərinin tədricən aşağı salınması

Ekspert bildirib ki, 1 iyun 2020-ci il tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 12%, xarici valyutada isə 2,5% müəyyən edilib: "Bu, kifayət qədər yüksək faizdir, xüsusən milli valyutada. Bu da kredit faizlərinin aşağı salınmasına mane olur. Yəni banklar 12 faizlə əmanət qəbul edirsə, onlar öz növbəsində aşağı faizlə kredit verə bilməyəcəklər. Bu baxımdan əmanət faizlərinin tədricən aşağı salınmasının tərəfdarıyam. Bundan çəkinmək lazım deyil. Kimin bankda əmanət saxlamaq fikri varsa, onsuz da saxlayacaq".

O bildirib ki, hazırda Azərbaycanda əmanətlərin həcmində cüzi artım var, pandemiya dövrü olmasa idi, bu, daha çox ola bilərdi: "Pandemiya dövründə banka əmanət qoymaq bir az çətinləşib. Pandemiya dövrü olmasına baxmayaraq əmanətin qoyulmasında vəziyyət qənaətbəxşdir. Ən azından bu sahədə pisləşmə yoxdur".

Son 2 ildə əmanətlərin sığortalanması ilə bağlı qeyri-müəyyənlik

Əmanətlərin sığortalanması ilə bağlı strategiyadan danışan ekspert bildirib ki, artıq ölkədə əmanətlərin sığortalanması ilə bağlı strategiya müəyyənləşib: "Son 2 ildə əmanətlərin sığortalanması ilə bağlı qeyri-müəyyənlik var idi. "Əmanətlərin tam sığortalanması haqqında" qanun 4 mart 2016-cı ildə 3 il müddətinə qəbul edilmişdi. Lakin 2019-cu ildə bununla bağlı heç bir qərar verilmədi. Sonra isə bu qanunun qüvvədə olma müddətini 2020-ci ilin sonunadək uzatdılar. Yəni 2019-cu ilin martın 4-dən 2020-ci ilin dekabrınadək əmanətlərin sığortalanmasının necə olacağı ilə bağlı qeyri-müəyyənlik oldu. Əmanətçilər bilmirdilər ki, həmin dövr bitəndən sonra əmanətlər necə sığortalanacaq. Nəhayət, bu il aprelin 5-dən etibarən "Əmanətlərin tam sığortalanması haqqında" qanun qüvvədən düşdü və artıq əmanətlərin sığortalanması "Əmanətlərin sığortalanması haqqında" qanunla tənzimlənir".

Əmanətlərin tam sığortalanması sisteminin ləğvi

O bildirib ki, bununla da əmanətlərin tam sığortalanması sistemi ləğv edildi. "Edilən dəyişikliyə görə, fiziki şəxslərin qorunan əmanətləri üzrə kompensasiya məbləği 30 min manatdan 100 min manata (xarici valyutada 100 min manat ekvivalentinədək) çatdırılıb, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin bank hesablarındakı vəsaitləri üzrə kompensasiya məbləği 20 min manat müəyyən edilib. Əmanətlərin sığortalanması məsələsini bu ilin aprel ayından qanun tam müəyyən edib və heç bir müddət məhdudiyyəti də qoyulmayıb. Bu məsələ artıq həllini tapıb. Lakin burada bir məsələ var. Niyə adi vətəndaşın bir bankda pulu 100 min manatadək sığortalıdır, amma fərdi sahibkarın cəmi 20 min manatadək. Halbuki adi vətəndaş ondan faiz qazanır, sahibkar isə o puldan faiz qazanmır. Bu, sahibkarın bankdakı cari dövrü vəsaitidir. Hesab edirəm ki, ən azından bu məsələdə bərabərlik olmalıdır, yəni sahibkarın da bankdakı pulu 100 min manatadək sığortalanmalıdır", - deyə ekspert qeyd edib.

Azərbaycan banklarında manat əmanətlərinin həcmi kəskin artıb

Qeyd edək ki, bu ilin iyunun 1-nə Azərbaycanda fiziki şəxslərin banklardakı əmanətlərinin həcmi 8,635 mlrd. manat təşkil edib. Əmanətlərin 54,9%-i yerli valyutadadır və bu 4,741 mlrd. manata bərabərdir. Manatla olan əmanətlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 34,4% artıb, xarici valyutadakı əmanətlərin həcmi isə 5,8% azalaraq 3,894 mlrd. manata enib. Beləliklə, əmanətlərinin dollarlaşma səviyyəsi 2015-ci ilin yanvar ayından bəri ən aşağı səviyyədə qalmaqdadır. Mərkəzi Bank bildirib ki, dollarlaşmanın azalması davam edir və fiziki şəxslərin əmanətlərinin strukturunda manatla depozitlər 2015-ci ilin fevralından bəri ilk dəfə üstün paya sahib olub.

Əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi barədə

Xatırladaq ki, qlobal iqtisadi böhran fonunda ölkədə maliyyə sabitliyini qorumaq, bank sisteminin dayanıqlığını təmin etmək, əmanətçilərin bank sisteminə etimadını gücləndirmək məqsədilə 2016-cı il 19 yanvar tarixdə "Əmanətlərin tam sığortalanması haqqında" qanun qəbul edilib. Qanunun 5 aprel 2021-ci il tarixdən qüvvədə olma müddəti başa çatıb.

Əmanətlərin Sığortalanması Fondunun məlumatına görə, ötən dövr ərzində əmanətlərin tam sığortalanması mexanizminin həyata keçirilməsi ilə ölkədə iqtisadi böhranın bitməsinə, bank sistemində sabitliyin əldə olunmasına, fiziki şəxslərin əmanətlərinin itirilməsi riskinin qarşısının alınmasına və banklara depozit axınının cəlb olunmasına nail olunub. Aparılan təhlillərin nəticəsində məlum olub ki, ölkədə fəaliyyətdə olan banklarda əmanət sahiblərinin 99,8%-nin depozitləri 100 min manata qədərdir. Məhz bu səbəbdən Azərbaycan Respublikasının Mərkəzi Bankı və Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətlər üzrə kompensasiya məbləğinin həcminin artırılması təşəbbüsü irəli sürülüb.

"Əmanətlərin sığortalanması haqqında" qanuna dəyişiklik edilərək fiziki şəxslərin qorunan əmanətləri üzrə (illik faiz dərəcəsi milli valyutada 12%, xarici valyutada 2,5%) kompensasiya məbləğinin həcmi 30 min manatdan 100 min manata (xarici valyutada 100 min manat ekvivalentinədək) qaldırılıb.

Qeyd edək ki, bankların lisenziyası ləğv olunduqda və müflis elan olunduqda həmin banklarda fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açılmış bank hesablarındakı pul vəsaitləri "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinə uyğun olaraq təminatsız kreditor tələbi kimi növbəlik qaydasında ödənilir. Belə olduqda sahibkarlar vəsaitlərini uzun müddət ərzində əldə edə bilmirlər və bu hal həmin sahibkarın biznes fəaliyyətinin ziyana uğraması ilə nəticələnir. Qlobal təcrübəyə nəzər yetirsək, fərdi sahibkarların banklardakı vəsaitlərinin sığortalanması təcrübəsi inkişaf etmiş və inkişaf etməkdə olan bir sıra ölkələrdə, o cümlədən Qazaxıstan, Polşa, Malayziya, Cənubi Koreya və Estoniyada, habelə Böyük İyirmilik ölkələrində tətbiq edilib.

Göstərilənləri nəzərə alaraq "Əmanətlərin Sığortalanması haqqında" qanuna dəyişikliklərin edilməsi ilə bağlı qanun Milli Məclis tərəfindən qəbul edilib və 18 dekabr 2020-ci il tarixində Azərbaycan Prezidenti tərəfindən təsdiq edilib.

"Əmanətlərin sığortalanması haqqında" qanuna edilmiş əlavəyə əsasən, banklarda fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitlərinin 20 min manat hissəsini kompensasiya kimi dərhal əldə edə biləcəklər. Bununla da, Azərbaycan Prezidentinin kiçik və orta sahibkarlara dəstək göstərilməsi və onların maliyyə çətinliklərinin aradan qaldırılması istiqamətində həyata keçirdiyi tədbirlərin davamı olaraq kiçik və orta sahibkarların maliyyə vəsaitlərinin qorunması təmin ediləcək.

Əmanətlərin Sığortalanması Fondunun təşəbbüsü nəticəsində "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliklər dövlətimizin iqtisadiyyata dəstək olan siyasəti ilə ahəngdarlıq təşkil edir. Əmanətlərin Sığortalanması Fondu sözügedən dəyişikliklərlə bank sahəsində vətəndaşlarımızın hüquq və mənafelərinin qorunmasına, banklarda əmanətin yerləşdirilməsinə etimadın artmasına, bazar intizamı və rəqabət mühitinin gücləndirilməsinə və beləliklə bank sisteminin dayanıqlığına öz töhfəsini verəcək.

Əsas mövzular