02:36 24 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0009
  • RUB0.0231
İQTİSADİYYAT
Qısa URL
3919 0 0

Bir sıra ticarət obyektləri yeni nəsil kassa aparatı quraşdırsalar da, alıcıya çek təqdim etməməyə başlayıblar. Bəzi ticarət obyektlər isə ƏDV-ni mənimsəmək üçün alıcıya kassa aparatının işləmədiyini bildirirlər.

BAKI, 19 iyul — Sputnik. Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycanda pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılmalı olan hissəsi nağdsız ödənişlər üzrə 15%, nağd ödənişlər üzrə isə 10% həcmində müəyyən edilib. İstehlakçı alış-veriş zamanı çeki alır və sonra bu çeki sistemə daxil edərək ödədiyi ƏDV-nin bir hissəsini geri alır.

Sputnik Azərbaycan marja.az saytına istinadla xəbər verir ki, bir sıra ticarət obyektləri yeni nəsil kassa aparatı quraşdırsalar da, alıcıya çek təqdim etməməyə başlayıblar. Belə ticarət obyektləri vətəndaşın aldığı mala görə geri ala biləcəyi ƏDV-ni nağd şəkildə ona geri qaytarırlar.

Bir sıra ticarət obyektləri isə ƏDV-ni mənimsəmək üçün alıcıya kassa aparatının işləmədiyini bildirirlər, israr edən alıcılara isə Dövlət Vergi Xidmətindən geri ala biləcəyi ƏDV-ni təqdim edirlər. Bir sıra mağazalar isə ƏDV ödəyicisi olduqları halda bunu alıcılardan gizlədirlər. Bir sıra ərzaq və qeyri-ərzaq mağazaları isə alıcı istəməsə, çeki təqdim etmir. Alış-veriş çekinin alıcılara təqdim edilməsində vəziyyət supermarketlərdə yaxşıdır, qeyri-ərzaq mağazalarında isə çekin təqdim edilməsi səviyyəsi aşağıdır.

Vergi ödəyicisinin qanunsuz hərəkətləri barədə Vergi Məcəlləsində kifayət qədər sərt tədbirlər nəzərdə tutulub.

Məsələ ilə bağlı iqtisadçı-ekspert Anar Bayramov Sputnik Azərbaycan-a bildirib ki, belə hallarda vətəndaş Dövlət Vergi Xidmətinə müraciət etməlidir:

"Vergi ödəyicisinin qanunsuz hərəkətləri barədə Vergi Məcəlləsində kifayət qədər sərt tədbirlər nəzərdə tutulub. Vergi Məcəlləsinin 16-cı maddəsinə görə, nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz təqdim etmək vergi ödəyicisinin ən başlıca vəzifələrindən biridir. Və təqdim edilən qəbzin, çekin forması qanunvericiliyə uyğun olmalıdır.

Belə ki, nəzarət-kassa aparatının çeklərində vergi ödəyicisinin adı, VÖEN-i, çekin vurulmasının tarixi və saatı, təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan, malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin məbləği) və s. məlumatlar olmalıdır. Bəzən alış-veriş zamanı primitiv, ciddi hesabat blankı hesab edilməyən çeklər, qəbzlər vətəndaşlara verilir. Bu, qanunvericiliyin tələblərinə ziddir. Qanunvericilikdə çekdə, qəbzdə hansı məlumatların öz əksini tapması açıq göstərilir".

Qurumun operativ vergi nəzarəti tədbirləri həyata keçirmək hüququ var

O bildirib ki, vergi ödəyiciləri tez-tez qanunvericiliyin tələblərini pozaraq müştərilərə çek, qəbz təqdim etmirlər: "Belə olan halda müştəri vergi orqanına şikayət edir və qurumun operativ vergi nəzarəti tədbirləri həyata keçirmək hüququ var. Əgər vergi ödəyicisi çek, qəbz təqdim etmirsə, 1000 manat, ikinci dəfə bu hal olarsa, 3 min manat, daha çox olarsa, 6 min manat cərimə edilir. Vergi qanunvericiliyində sərt tədbirlərlə yanaşı, stimullaşdırıcı tədbirlər də həyata keçirilir. Məsələn, vergi ödəyicisi öz satışlarını nağdsız qaydada həyata keçirərsə, bu zaman ona mənfəət vergisindən də müəyyən qədər azadolmalar nəzərdə tutulub. Satışların nağdsız qaydada həyata keçirilməsi üçün kifayət qədər tədbirlər həyata keçirilir. Yeni nəsil kassa aparatları yeni tətbiq olunur. İri ticarət şəbəkələrində yeni nəsil kassa aparatları quraşdırılıb. Lakin kiçik mağazalarda hələlik bu, tam olaraq həyata keçirilməyib".

Belə hallarla rastlaşan vətəndaşların Vergi Xidmətinə müraciət etmələri kifayətdir

Dövlət Vergi Xidmətindən Sputnik Azərbaycan-a bildiriblər ki, qanunvericiliyə əsasən, pərakəndə ticarət və ictimai iaşə obyektlərində nağd hesablaşmaların aparıldığı hallarda kassa çeki müştəriyə mütləq təqdim edilməlidir. Əgər kassir bunu verməkdən imtina edərsə, həmin obyektə qarşı maliyyə sanksiyası tətbiq edilə bilər. Belə hallarla rastlaşan vətəndaşların Vergi Xidmətinə müraciət etmələri kifayətdir.

ƏDV-nin bir hissəsinin geri qaytarılmasını nəzərdə tutan mexanizm 

Qeyd edək ki, 2020-ci ilin may ayından ölkədə pərakəndə ticarət və ictimai iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılmasını nəzərdə tutan mexanizm tətbiq edilir. "Kapital Bank" və "Azərbaycan Beynəlxalq Bankı"nın maliyyə partnyorları olduğu, biznes ictimaiyyəti və vətəndaşlar tərəfindən rəğbətlə qarşılanan layihə iqtisadiyyatın şəffaflaşdırılması istiqamətində mühüm nəticələr verir.

Dövlət Vergi Xidməti bildirir ki, "ƏDV geri al" layihəsinin tətbiq edildiyi vaxtdan 2021-ci ilin 1-ci rübünün sonunadək portalda qeydiyyatdan keçmiş istifadəçilər tərəfindən iki bank üzrə ümumilikdə 147.111.792 çek üzrə 60.192.462 manat ƏDV məbləği geri qaytarılıb. 2021-ci ilin 1-ci rübü ərzində çek əlavə edən müştərilərin sayında artım dinamikası müşahidə edilib. Belə ki, əgər yanvar ayında portalda qeydiyyatdan keçmiş 779.018 istehlakçı sistemə çek əlavə etmişdisə, mart ayında bu rəqəm 1.026.757 nəfərə çatıb ki, bu da "ƏDV geri al" layihəsinə olan marağın sürətlə artmasını göstərir. Bütövlükdə, 2021-ci ilin 1-ci rübü ərzində 67.101.388 kassa çeki üzrə 26.770.074 manat ƏDV məbləği istehlakçılara geri qaytarılıb.

ƏDV-nin müəyyən hissəsinin qaytarılması zamanı bir neçə məqama diqqət yetirilməlidir

Xatırladaq ki, qaydalara əsasən, ƏDV-nin müəyyən hissəsinin qaytarılması zamanı bir neçə məqama diqqət yetirilməlidir. İlk növbədə, istehlakçı, yəni alış-veriş edən və ya xidmətdən yararlanan tərəf fiziki şəxs olmalıdır. İkincisi, satıcı və ya xidmət göstərən tərəf mütləq ƏDV ödəyicisi olmalıdır. Eyni zamanda, alınan mal və ya xidmətlər də ƏDV-yə cəlb edilməlidir. Digər məqam isə satıcının yeni nəsil kassa aparatlarından istifadə etməsidir. ƏDV-nin bir hissəsinin qaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq olunduğu obyektlərdə mümkündür.

İstehlakçı alınmış malların dəyərini nağd və ya nağdsız qaydada ödəyə bilər. Nağd ödəmələr zamanı satıcı istehlakçıya onlayn nəzarət-kassa aparatının çekini təqdim edir. Malların dəyəri nağdsız qaydada ödənildikdə və POS-terminal nəzarət-kassa aparatı ilə inteqrasiya olunmadıqda, istehlakçıya əlavə olaraq POS-terminaldan çıxarış da verilməlidir.

İstehlakçı nəzarət-kassa aparatının çekini aldığı tarixdən 90 gün ərzində www.edvgerial.az portalına müraciət etməli və çek barədə məlumatları, yəni NKA çekinin 12 simvollu fiskal İD-sini elektron kabineti vasitəsilə sistemə daxil etməlidir. Həmçinin, "Kapital Bank"ın BirBank və ya "Azərbaycan Beynəlxalq Bankı"nın "Iba mobile" tətbiqlərinə malik olan və onu müvafiq qaydada yükləyən bütün istifadəçilər bu tətbiq vasitəsilə də çekin üzərində olan QR kodu (çekin sonunda yerləşdirilmiş sürətli məlumat kodu) oxudaraq ƏDV-ni daha rahatlıqla geri qaytara bilərlər.

İstehlakçının sistemə daxil etdiyi nəzarət-kassa aparatı çeki barədə məlumatların Dövlət Vergi Xidmətinin məlumat bazasındakı məlumatlarla uyğunluğu yoxlanılır. Nəzarət-kassa aparatı çekinin təsdiqlənməsi istehlakçının elektron kabinetində dərhal əks olunur. ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15 faizi, nağd ödənişlər üzrə isə 10 faizi müvəkkil banklar tərəfindən alıcının elektron kabineti açılarkən yaradılmış virtual "pul qabı"na yerləşdirilir. İstifadəçilər toplanmış vəsait ilə kommunal, mobil, internet, TV, cərimə və sığorta ödənişlərini həyata keçirə, həmçinin ölkədaxili bank kartlarına köçürmələr edə bilərlər.

Qeyd edilməlidir ki, Vergi Məcəlləsində nəzarət-kassa aparatının çeklərindəki məlumatlarla bağlı konkret tələblər mövcuddur ki, bu məlumatlara vətəndaşlar tərəfindən diqqət yetirilməlidir. Fiskal çeklərdə məhsulun adının qeyd olunmaması, çeklərin ümumi tələblərə uyğun olmaması (malın və ya xidmətin adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin məbləği); nəzarət-kassa aparatının markası və zavod nömrəsi; nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti); malın sürətli məlumat kodu (Quick Response Code) və s.) ƏDV-nin geri alınması üçün müraciətə imtinaya səbəb ola bilər.

Qeyd edək ki, bu qaydalar supermarket və digər pərakəndə ticarət obyektləri, restoran və kafelərdən alınmış mallara, göstərilmiş xidmətlərə görə ödənilən ƏDV-nin bir hissəsinin qaytarılması üçün tətbiq edilir.

Eləcə də oxuyun:

Teqlər:
vergi, vətəndaş, mağaza, kassa, ƏDV geri al, ƏDV

Əsas mövzular