05:37 27 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0023
  • RUB0.0230
İQTİSADİYYAT
Qısa URL
13 0 0

Sektorun inkişafı strategiyasına xidmət edən layihələrin icrası prosesində ən qabaqcıl beynəlxalq təcrübələr öyrənilir.

BAKI, 14 iyul — Sputnik. Azərbaycanın Mərkəzi Bankı sığorta sektorunun inkişafı üçün hazırladığı strategiyanın icrasını intensiv rejimdə davam etdirməkdədir.

Sputnik Azərbaycan xəbər verir ki, sektorun inkişafı strategiyasına xidmət edən layihələrin icrası prosesində ən qabaqcıl beynəlxalq təcrübələr öyrənilir, bu məqsədlə beynəlxalq qurumlarla və digər ölkələrin müvafiq sahədə tənzimləyici orqanları ilə əməkdaşlıq edilir.

Hazırda Mərkəzi Bank ilə Dünya Bankı, Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasına üzv olan qabaqcıl ölkələrinin nəzarət və tənzimləyici qurumları, habelə Türkiyə Sığortaçılıq İnstitutu Vakfı arasında bir sıra mövzularda texniki yardım və qarşılıqlı təcrübə mübadilələri həyata keçirilməkdədir. Texniki yardım və təcrübə mübadilələri sığorta sektorunda risk əsaslı tənzimləmə və nəzarət, kadr potensialının genişləndirilməsi, sığorta xidmətləri üzrə istehlakçıların hüquqlarının qorunması və digər istiqamətləri əhatə edir.

Bu çərçivədə 26 mart 2021-ci il tarixində Mərkəzi Bank ilə Türkiyənin sığorta sahəsində nəzarət və tənzimləyici orqanı olan Türkiyə Sığorta və Xüsusi Pensiyaları Tənzimləmə və Nəzarət Agentliyi (SEDDK) arasında qarşılıqlı əməkdaşlıq haqqında Memorandum da imzalanıb. Memorandum çərçivəsində Mərkəzi Bank ilə SEDDK sığorta sektorunda tənzimləmə və nəzarət, sığorta bazarında istehlakçıların müdafiəsi, kadr potensialının inkişafı və s. sahələrdə intensiv əməkdaşlıq istiqamətləri müəyyən edilib.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının 2021-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilib ki, Azərbaycanda sığorta sektorunda effektiv tənzimləmə və nəzarətin gücləndirilməsi, sığortanın əhatəsinin genişləndirilməsi ilə maliyyə bazarlarının digər seqmentlərinin inkişafına əlavə impulslar verilməsi vacib prioritetlərdən olacaq.

Sektorun maliyyə sabitliyinin, başqa sözlə onun yüksək ödəmə qabiliyyətliyinin daim təmin olunması üçün risk əsaslı tənzimləmə və nəzarət çərçivəsinin qurulması diqqətdə saxlanılacaq. Beynəlxalq baza prinsipləri əsasında sığorta qanunvericiliyinin təkmilləşdirilməsi, sığorta sahəsində maarifləndirmə və təbliğat, peşəkar kadr bazasının gücləndirilməsi, sığorta fəaliyyətinin rəqəmsallaşdırılması istiqamətlərində başlanılmış layihələrin icrası geniş miqyasda davam etdiriləcək.

Əsas mövzular