02:27 24 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0009
  • RUB0.0231
İQTİSADİYYAT
Qısa URL
594 0 0

Azərbaycanın iqtisadi rayonlarının yeni bölgüsünün təsdiqlənməsi, "Şahdəniz-2"nin Şərq-Cənub cinahından hasilatın başlanması, OPEC+ iclasının təxirə salınması və digər məsələlər Sputnik Azərbaycan-ın materialında.

Yola saldığımız həftə Azərbaycanda kifayət qədər maraqlı iqtisadi hadisələr baş verib.

Azərbaycanın iqtisadi rayonlarının yeni bölgüsü mühüm məsələdir

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, ölkəmizin şəhər və rayonlarının davamlı və tarazlı inkişafının təmin olunması məqsədilə qəbul edilmiş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində şəhər, qəsəbə və kəndlərimizin siması köklü şəkildə dəyişib, regionların iqtisadi potensialı artıb, infrastruktur təminatı, əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyəti, biznes və investisiya mühiti yaxşılaşıb, əhalinin rifah halı yüksəlib. Ardıcıl olaraq həyata keçirilmiş məqsədyönlü islahatlar və genişmiqyaslı tədbirlər ölkəmizin iqtisadi və hərbi-müdafiə qüdrətini daha da gücləndirib və 44 günlük Vətən müharibəsində parlaq qələbənin qazanılmasına güclü zəmin yaradıb.

Sənəddə vurğulanır ki, hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Qeyd edilən ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmin edilməsi üçün nəzərdə tutulan bütün işlərin vahid proqram əsasında aparılmasının məqsədəmüvafiqliyi əraziləri işğaldan azad edilmiş rayonların iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılmasını şərtləndirir.

Zəngəzur dağ silsiləsi ilə əhatə olunan, Laçın və Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan Zəngəzur yaylasının şərq hissəsində, Ermənistanla sərhəddə yerləşmiş və eyni coğrafi məkanda, tarixən birlikdə, habelə uzun illər 1861-ci ildə yaradılmış Zəngəzur qəzasının tərkibində olmaları və ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlılıqları Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının vahid iqtisadi rayonda birləşdirilməsini zəruri edir.

Ağdam, Şuşa, Füzuli, Tərtər, Xocavənd, Xocalı rayonları və Xankəndi şəhəri, habelə Qarabağ bölgəsinə aid olan Ağcabədi və Bərdə rayonları da daxil olmaqla özünəməxsus zəngin tarixi-mədəni irsə, əsrarəngiz təbiətə malik qədim Qarabağ bölgəsinin bərpası və sürətli inkişafının təmin edilməsi üçün yeni Qarabağ iqtisadi rayonunun da yaradılması vacibdir.

Azad olunmuş ərazilərin ölkəmizin iqtisadiyyatına reinteqrasiyası digər iqtisadi rayonlar, o cümlədən Gəncə–Qazax və Aran iqtisadi rayonları üzrə planlaşdırma işinin səmərəliliyinin artırılmasını, iqtisadi idarəetmədə çevikliyin təmin olunmasını və bu məqsədlə həmin iqtisadi rayonların tərkibinə də yenidən baxılmasını tələb edir.

Fərmana əsasən, Azərbaycanın iqtisadi rayonlarının bölgüsü aşağıdakı kimi təsdiqlənib:

- Bakı iqtisadi rayonu (Bakı şəhəri);

- Naxçıvan iqtisadi rayonu (Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonları);

- Abşeron–Xızı iqtisadi rayonu (Sumqayıt şəhəri, Abşeron və Xızı rayonları);

- Dağlıq Şirvan iqtisadi rayonu (Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonları);

- Gəncə–Daşkəsən iqtisadi rayonu (Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonları);

- Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları);

- Qazax–Tovuz iqtisadi rayonu (Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları);

- Quba–Xaçmaz iqtisadi rayonu (Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonları);

- Lənkəran–Astara iqtisadi rayonu (Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonları);

- Mərkəzi Aran iqtisadi rayonu (Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonları);

- Mil–Muğan iqtisadi rayonu (Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları);

- Şəki–Zaqatala iqtisadi rayonu (Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonları);

- Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları);

- Şirvan–Salyan iqtisadi rayonu (Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonları).

Qeyd edək ki, indiyədək Azərbaycanda 10 iqtisadi rayon mövcud olub. Yeni bölgüyə əsasən isə iqtisadi rayonların sayı 14-ə çatdırılıb.

Ermənistanın Azərbaycan ərazisinə təcavüzü nəticəsində zərər vurulmuş obyektlərin bərpası və təmirinə 30 milyon manat ayrılıb

Ermənistanın təcavüzü nəticəsində zərər vurulmuş obyektlərin bərpası və təmir-tikinti işlərinə vəsait ayrılıb.

Prezident İlham Əliyev "2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində zərər vurulmuş obyektlərin bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.

Sərəncama əsasən, 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı zərər vurulmuş obyektlərin bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsinin təmin edilməsi üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə 30 milyon manat vəsait ayrılıb.

Erməni təcavüzü nəticəsində mülki əhaliyə və dövlətə məxsus nəqliyyat vasitələrinə dəymiş ziyanın aradan qaldırılması üçün vəsait ayrılıb

Erməni təcavüzü nəticəsində mülki əhaliyə və dövlətə məxsus nəqliyyat vasitələrinə, sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün 5,4 milyon manat ayrılıb.

Prezident İlham Əliyev "2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə və dövlətə məxsus nəqliyyat vasitələrinə, sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.

Sərəncama əsasən, 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə və dövlətə məxsus nəqliyyat vasitələrinə, sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın aradan qaldırılması məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan İqtisadiyyat Nazirliyinə 5,4 milyon manat vəsait ayrılıb.

Ermənistanın Azərbaycana təcavüzü nəticəsində mülki əhalinin əmlakına dəymiş ziyanla bağlı maddi yardım ödənilməsi üçün vəsait ayrılıb

Prezident İlham Əliyev "2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhalinin əmlakına dəymiş ziyanla bağlı maddi yardım ödənilməsinə dair əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.

Sərəncama əsasən, 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhalinin əmlakına dəymiş ziyanla bağlı maddi yardım ödənilməsi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Maliyyə Nazirliyinə 5,2 milyon manat vəsait ayrılıb.

Qazaxıstanla əməkdaşlıq genişlənir

İqtisadiyyat naziri Mikayıl Cabbarov Qazaxıstanın "Samruk-Kazyna" SC-nin İdarə Heyətinin sədri Almasadam Satkaliyev, "KazMunayQaz" SC-nin İdarə Heyətinin sədri Alik Aidarbayev və həmkarları ilə görüşüb.

Görüşdə Azərbaycan və Qazaxıstan arasında əlaqələrin müxtəlif sahələrdə inkişaf etdiyi vurğulanıb, ölkələrimiz arasında iqtisadi münasibətlərin bundan sonra da möhkəmləndiriləcəyinə əminlik ifadə olunub.

Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyəti barədə məlumat verən nazir Mikayıl Cabbarov "Samruk-Kazyna" SC ilə kooperativ idarəetmə sahəsində təcrübə mübadiləsinin, iqtisadiyyata özəl investisiyaların cəlb edilməsinin, portfel şirkətlərin rəqəmsal transformasiyasının əhəmiyyətini diqqətə çatdırıb, ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri barədə fikirlərini bölüşüb.

Görüşdə Azərbaycan və Qazaxıstan arasında nəqliyyat-logistika, neft-qaz sahəsində əməkdaşlıq, birgə layihələrin icrası məsələləri müzakirə edilib.

Rusiya ilə ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov və Bakıda işgüzar səfərdə olan "Roseksimbank" SC-nin İdarə Heyətinin sədri Azər Talıbov arasında görüş keçirilib. Görüşdə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov və Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri Səməd Qurbanov da iştirak edib.

Azərbaycan və Rusiyanın strateji tərəfdaşlar olduğunu qeyd edən İqtisadiyyat naziri, ikitərəfli əlaqələrin əsas hərəkətverici qüvvəsinin dövlət başçılarının siyasi iradəsi, qarşılıqlı etimad və dostluq münasibətləri olduğunu vurğulayıb. Bildirilib ki, ölkələrimiz arasında nəqliyyat-tranzit, investisiya, sənaye, turizm və s. sahələrdə uğurlu əməkdaşlıq edilir. Rusiya Federasiyası Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır və ölkəmizin qeyri-neft ixracında ilk yerdədir. Bununla belə, ticarət dövriyyəsinin artırılması üçün böyük potensial var və "Rusiya İxrac Mərkəzi", "Roseksimbank" SC ilə əlaqələrin genişləndirilməsi, iki ölkənin biznes dairələri arasında işgüzar səfərlərin təşkili qarşılıqlı ticarətin artırılmasına töhfə verə bilər.

Görüşdə Azərbaycan və Rusiya regionları arasında əlaqələrin, ticari-iqtisadi, investisiya tərəfdaşlığının gücləndirilməsi, "Roseksimbank" SC-nin ölkəmizdə bir sıra layihələrin maliyyələşdirilməsində iştirakı və xarici ticarət maliyyələşməsi alətlərinin səmərəliliyinin artırılması barədə fikir mübadiləsi aparılıb.

OPEC+ nazirlərinin iclası yenidən təxirə salınıb

OPEC və OPEC-ə üzv olmayan bəzi ölkələrin (OPEC+) nazirlərinin 18-ci iclası yenidən təxirə salınıb.

Qeyd edək ki, iclasda OPEC+ ölkələrinin avqust ayında istehsalın hansı həcmdə artırılacağını müzakirə etməsi nəzərdə tutulurdu.

İyulun 1-də OPEC+ nazirlərinin toplantısı olub, lakin fikir ayrılıqları səbəbində neft hasilatına dair hər hansı qərar qəbul edilməyib və iclas bu günə təxirə salınıb. İclasda Birləşmiş Ərəb Əmirlikləri danışıqlarında özü üçün daha yaxşı şərtlər istəyib. Bu da digər ölkələr tərəfindən müsbət qarşılanmayıb. Həmin gün OPEC Konfransının 181-ci toplantısı da videokonfrans formatında keçirilib.

Ekspertlər OPEC+ qrupunun qarşıdakı dövr üçün neft hasilatını gündəlik 400-500 min barel artıracağını gözləyirlər.

Bəzi analitiklərin fikrincə isə, fikir ayrılığı hasilatın ümumiyyətlə artırılmaması ilə də nəticələnə bilər. Yəni koalisiya 2022-ci ilin aprelinədək hasilatı artırmaya bilər.

Xatırladaq ki, OPEC+ nazirlərinin ötən ay keçirilən 17-ci videogörüşündə iyul ayı üçün hasilatın artırılması qərarının qüvvədə qalmasına dair razılıq əldə edilib. Toplantıda Azərbaycan da "Əməkdaşlıq Bəyannaməsi" iştirakçıları üzrə hasilatın azaldılması öhdəliyinin iyulda gündəlik 5,76 milyon barel həcmində saxlanılmasına dair planın qüvvədə qalmasına razılıq verib.

Azərbaycan neftinin qiyməti 78 dolları ötüb

"Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,86 dollar artaraq 78,35 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin qiyməti 2019-cu ilin aprelindən bəri ilk dəfə 78 dolları keçib.

Ötən ilin ikinci rübündən vüsət alan pandemiyanın təsiri nəticəsində neft qiymətləri minimum göstəricilərə enmişdi. Lakin qlobal miqyasda vaksinasiya prosesi və effektiv karantin tədbirləri nəticəsində neft tələbatı bərpa olunub, qiymətlər artmağa başlayıb.

Enerji təchizatçıları elektrik enerjisi, təbii qaz, mərkəzi isitmə və soyutma təchizatı və isti məişət suyunun istehlakçılarını ağıllı sayğaclarla təchiz edəcək

Milli Məclisdə "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" yeni qanun layihəsi müzakirəyə çıxarılıb.

Bu qanun enerjinin istehsalı, saxlanması, ötürülməsi, paylanması, satışı və istehlakı sahəsində yaranan münasibətləri tənzimləyəcək və bu sahədə fəaliyyət göstərən dövlət orqanlarına, fiziki və hüquqi şəxslərə, o cümlədən son istehlakçılara şamil olunacaq.

Layihəyə görə, Azərbaycanda enerji təchizatçıları elektrik enerjisi, təbii qaz, mərkəzi isitmə və soyutma təchizatı və isti məişət suyunun istehlakçılarını ağıllı sayğaclarla təchiz edəcək.

Layihədə qeyd edilib ki, enerji təchizatçıları mövcud sayğaclar zədələndiyi və ya onların dəyişdirilməsi zərurəti yarandığı hallarda da istehlakçıları ağıllı sayğaclarla təmin edəcəklər.

Sənədə görə, ağıllı sayğac - istehlak olunan enerjinin miqdarını və dəyərini zamana görə ölçən, məlumatların müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə təchizatçılara və istehlakçılara çatdırılmasını təmin edən müasir ölçmə cihazıdır.

Layihə səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Bu qanun 2022-ci il iyulun 1-dən qüvvəyə minəcək. Bu qanun qüvvəyə mindiyi gündən "Enerji resurslarından istifadə haqqında" Azərbaycan Respublikasının 1996-cı il 30 may tarixli 94-IQ nömrəli qanunu ləğv ediləcək.

"Şahdəniz-2"nin Şərq-Cənub cinahından hasilat başlanıb

"Şahdəniz" konsorsiumu bu gün 540 metr dərinlikdə yerləşən Şərq-Cənub cinahından hasilata başlayıb. Bu, 2021-ci il üçün planlaşdırılmış və təhlükəsiz və qrafikə uyğun yerinə yetirilmiş mühüm bir layihədir. Bu dərinsulu cinahdan hasilat dənizdə bütün əlaqədar quraşdırma və istismar sınaqları uğurla başa çatdıqdan sonra 30 iyun 2021-ci il tarixində başlayıb.

Yeni Şərq-Cənub hasilat cinahı dörd quyudan, iki yeni axın xəttindən və dünya səviyyəli "Şahdəniz" lay-kollektoruna birləşdirilmiş çoxsaylı sualtı konstruksiyadan ibarətdir. Cinahın 2021-ci ilin üçüncü rübündə tam hasilat səviyyəsinə çatacağı gözlənilir.

"Şahdəniz" layihəsinin operatoru olan BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz deyib: "Bu, "Şahdəniz" çərçivəsində bu il üçün planlaşdırdığımız ən mühüm layihədir və biz buna COVID-19 pandemiyasının yaratdığı çətinliklərə və məhdudiyyətlərə baxmayaraq təhlükəsiz, qrafikə və büdcəyə uyğun şəkildə nail olduğumuzdan çox məmnunuq. "Şahdəniz-2" çərçivəsində əsas infrastruktur layihələri başa çatandan və 2018-ci ildə ilk qaz əldə olunandan bəri bütün

"Şahdəniz" komandası bu nəhəng yataqdan hasilat səviyyəsini artırmaq üçün tam gücü ilə işləyir. Bunun üçün qalan cinahlarda yeni quyular istismara verilir və sualtı hasilat sistemində yeni infrastruktur işə salınır. Məmnuniyyətlə bildirirəm ki, yeni işə salınmış Şərq-Cənub cinahı "Şahdəniz" yatağından ümumi hasilat həcminə gündə təxminən 90 000 barel neft ekvivalenti əlavə edəcək. Məhz işçilərin zəhməti nəticəsində ağır pandemiya şəraitində bu mühüm layihənin uğurla həyata keçməsinə nail olmuşuq".

Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən və 1999-cu ildə kəşf olunan "Şahdəniz" yatağı BP tərəfindən bu vaxtadək aşkar edilmiş ən böyük qaz yatağıdır. Bu nəhəng yataq təxminən 860 kvadrat kilometr sahəni əhatə edir və təxminən 1 trilyon kubmetr qaz və 2 milyard barel kondensat ehtiyatına malikdir. Bu vaxtadək "Şahdəniz" yatağından ümumilikdə 140 milyard kubmetrdən çox qaz və 33 milyon tondan artıq kondensat hasil edilib.

Hazırda yataqdan gündə təxminən 58 milyon kubmetr qaz və 85000 barel kondensat hasil olunur.

"Şahdəniz" yatağının işlənməsinin ilk mərhələsi 2006-cı ildə başlayıb. Birinci mərhələ çərçivəsində ildə hasil olunan 10 milyard kubmetrdən artıq qaz Azərbaycan, Gürcüstan və Türkiyəyə çatdırılır.

"Şahdəniz"in ikinci mərhələsi 2018-ci ildən hasilata başlayıb və sabit ən yüksək hasilat zamanı ildə 16 milyard kubmetr qaz əlavə etməklə yatağın ümumi qaz hasilatını ildə 26 milyard kubmetrə çatdıracaq.

"Şahdəniz-2" çərçivəsində hasil olunan qaz 2018-ci ilin iyun ayından Türkiyəyə ixrac olunur. Türkiyəyə ixrac hazırda sabit ən yüksək səviyyəyə çataraq ildə 6 milyard kubmetr təşkil edir.

Cənub Qaz Dəhlizinin 2020-ci ildə tam başa çatması ilə "Şahdəniz" qazı Avropaya nəql olunmağa başlanıb.

Əsas mövzular