02:16 24 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0009
  • RUB0.0231
İQTİSADİYYAT
Qısa URL
2540 0 0

İndiyədək “Aqroservis” ASC-nin kombaynları ilə 266844 ha, özəl kombaynlar ilə isə 538345 ha sahə biçilib..

Respublikada taxıl biçini yekunlaşmaq üzrədir. Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, iyulun 4-nə olan operativ məlumata görə, artıq mövcud taxıl sahələrinin 81,3 faizində biçin başa çatıb. Biçin aparılmış 805189 hektar sahədən 2597468 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 32,3 sentner təşkil edir.

Bugünədək 360704 ha sahədə arpa, 444485 ha sahədə buğda biçini aparılıb. Sahələrdən 1122367 ton arpa, 1475101 ton buğda yığılıb. Arpa üzrə orta məhsuldarlıq 31,1 sentner təşkil edir, buğda orta məhsuldarlıq isə 33 sentnerdən yuxarıdır.
Hazırda biçin əsasən dağətəyi və dağlıq ərazilərdə aparılır. Biçin prosesində 1499 kombayn iştirak edir. Bunlardan 903 kombayn fiziki və hüquqi şəxslərin mülkiyyətində olan kombaynlardır. Biçində “Aqroservis” ASC-nin rayon bölmələrində olan 345 kombayn iştirak edir, “Aqroservis” tərəfindən aktv biçin gedən rayonlara digər bölgələrdən 251 kombayn dislokasiya edilib.

İndiyədək “Aqroservis” ASC-nin kombaynları ilə 266844 ha, özəl kombaynlar ilə isə 538345 ha sahə biçilib. Biçin davam edir.

Azərbaycanın xaricdən buğda idxalı

Bu ilin 5 ayında Azərbaycan 99 milyon 808 min dollar dəyərində 392 min 213 ton buğda idxal edib.

Sputnik Azərbaycan Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, idxal olunan buğdanın dəyəri 33,7%, miqdarı isə 14,7% artıb.

2020-ci ilin 5 ayında Azərbaycana 74 milyon 614 min dollar dəyərində 341 min 835 ton buğda gətirilib.

Buğda idxalı daha 3 il ƏDV-dən azad edilib

Qeyd edək ki, bu ilin mart ayında Azərbaycanda buğda idxalı daha 3 il ƏDV-dən azad edilib. Buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2017-ci il yanvarın 1-dən 7 il müddətinə ƏDV-dən azad edilib. Eyni zamanda kəpəyin istehsalı və satışının da ƏDV-dən azad edilməsi müddəti 3 il artırılıb. İndiyə qədər qüvvədə olan Vergi Məcəlləsinə əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2017-ci il yanvarın 1-dən 4 il müddətinə, kəpəyin istehsalı və satışı 2019-cu il martın 1-dən 2 il müddətinə ƏDV-dən azad idi.

Un istehsalı ilə məşğul olan şəxslərə subsidiya verilib

Fevral ayında Nazirlər Kabineti "Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə" Qərar qəbul edib. Qərara əsasən, un istehsalı ilə məşğul olan şəxslərə satılan unun hər tonuna görə bu ilin fevralın 1-dən mayın 1-dək olan dövrdə 35 manat məbləğində subsidiya verilib.

Azərbaycanda taxıl biçini mövsümünə start verilib

İyunun 8-dək Azərbaycanda taxıl sahələrinin 11,4 faizində biçin başa çatıb. Ümumilikdə 115512 hektar sahədə biçin aparılıb, sahələrdən 337600 ton məhsul yığılıb. Hazırda taxıl üzrə məhsuldarlıq hər hektara orta hesabla 29,2 sentner təşkil edir. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib ki, bu göstərici əsasən arpa biçininin nəticələrinə əsasən formalaşıb: "Hazırda buğda biçini yalnız Şamaxı, Cəlilabad və Göyçayda kiçik sahələrdə aparılır. Ümumilikdə bugünədək 2520 hektar sahədə buğda biçilib. 112992 hektar sahədə isə arpa biçini başa çatıb. Arpa üzrə orta məhsuldarlıq 29,4 sentnerdir, biçinin miqyası genişləndikcə bu rəqəm də artacaq. Arpa biçininin respublika üzrə optimal müddətdə başa çatacağını gözləyirik. İyunun ikinci ongünlüyündə artıq Aran rayonlarında kütləvi buğda biçininə də başlanacaq".

Bu il ölkədə 986685 hektar sahədə payızlıq taxıl əkini aparılıb. Əkin sahələrinin 611967,3 hektarını buğda, 374717 hektarını isə arpa sahələri təşkil edir.

"Aqroservis" ASC-nin kombaynları sahəsi 50 hektaradək olan kiçik və orta təsərrüfatlarda biçin aparır. Bu il taxıl sahələrinin 78 faizi məhz kiçik təsərrüfatların payına düşür. Biçin prosesi növbəlilik prinsipi əsasında aparılır. Növbəlilik sistemi biçinə hazırlıq dövründə yerlərdə icra nümayəndələri və bələdiyyələr tərəfindən müəyyənləşdirilib, sistemə nəzarət isə Dövlət Aqrar İnkişaf Mərkəzləri tərəfindən həyata keçirilir.

2021-ci ildə taxıl biçini ərəfəsində "Aqroservis" ASC-nin rayon bölmələrində 650, təchizat bazalarında isə 135 taxılbiçən kombayn var. Kombaynların hamısı biçinə hazır vəziyyətdədir. Bundan başqa, biçin prosesində fiziki və hüquqi şəxslərə məxsus 1000-dən artıq kombaynın iştirakı gözlənilir. Rayonların kombaynlara olan tələbatının əvvəldən müəyyən edilməsi, texnikaların biçindən əvvəl tələbata uyğun olaraq rayonlarda dislokasiya olunması, "Aqroservis" ASC tərəfindən sosial biçin siyasətinin həyata keçirilməsi (ilk növbədə 50 hektaradək sahələrdə biçin aparılacaq) ötən illərdə olduğu kimi bu il də biçin prosesində texnika ilə təminatda problem olmayacağını söyləməyə əsas verir.

Azərbaycanda ərzaqlıq buğda ilə özünütəminat səviyyəsinin 70-75 faizə çatması mümkündür

Xatırladaq ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini, aqrar sahə üzrə ekspert Ramil Hüseyn Sputnik Azərbaycan-a deyib ki, ölkəmizdə tarixən formalaşmış ərzaq istehlakı modelində çörək və çörək məhsullarının istehlakı mühüm yer tutur: "Bu baxımdan Azərbaycanın ərzaq təhlükəsizliyi konsepsiyasında da ərzaqlıq buğda ilə özünü təminat səviyyəsinin yüksəldilməsi məsələsi önə çıxır. Son illər ölkəmizdə ərzaqlıq buğda istehsalının artırılması istiqamətində kompleks işlər görülür və dövlət tərəfindən bu sahənin inkişafı subsidiyalaşdırılır".

O bildirib ki, Azərbaycanda ərzaqlıq buğda ilə özünütəminat səviyyəsi 60 faiz ətrafındadır və ölkəmiz bu sahədə idxaldan asılıdır: "İşğaldan azad edilən ərazilərimizin təsərrüfat dövriyyəsinə cəlb edilməsi idxaldan asılılığın aradan qaldırılması istiqamətində mühüm rol oynayacaq. Ermənistan tərəfi işğal etdikləri ərazinin təxminən 90-100 min hektarlıq sahəsində taxıl becərdiklərini bəyan edirdi və hazırda həmin ərazilərin 70 faizindən çoxu Azərbaycan Ordusunun nəzarətinə keçib. Azərbaycan Ordusu əraziləri işğaldan azad etdikdən dərhal sonra həmin sahələr təsərrüfat dövriyyəsinə cəlb edilməyə başlayıb. İlk olaraq Cəbrayıl rayonu ərazisində 7 min hektar sahədə taxıl bitkisi əkilib. Yaz əkinlərinin davam edəcəyi, 20-25 min hektar sahədə taxıl əkiləcəyi proqnozlaşdırılır. Növbəti illərdə bu sahələrin daha da artırılması istiqamətində iş aparılacaq".

Ekspertin sözlərinə görə, orta müddətli dövrdə işğaldan azad edilmiş ərazilərimizin təsərrüfat dövriyyəsinə cəlb edilməsi nəticəsində kənd təsərrüfatında ümumi məhsul istehsalının 10 faiz artacağı proqnozlaşdırılır:

"Həmin ərazilərin təsərrüfat dövriyyəsinə cəlb edilməsi xüsusən də heyvandarlığın inkişafına töhfə verəcək. Eyni zamanda buğda ilə özünütəminat səviyyəsinin yaxşılaşdırılması istiqamətində nailiyyətlər əldə oluna bilər. Hesablamalar göstərir ki, həmin ərazilərdə buğda istehsalının artması nəticəsində Azərbaycanda ərzaqlıq buğda ilə özünütəminat səviyyəsinin 70-75 faizə çatması mümkündür. Hazırda həyata keçirilən siyasət də bu istiqamətdə qarşıya qoyulan hədəflərə nail olunacağını göstərir. Eyni zamanda Azərbaycanda iri təsərrüfatların yaradılması da buğdada məhsuldarlığın artırılmasına hesablanıb. Və qarşıdakı illərdə bu istiqamətdə daha yaxşı nəticələrin əldə edilməsi mümkündür".

"Ötən ilin rəqəmlərinə baxdıqda isə bizə aydın olur ki, hazırda əsasən ərzaqlıq buğdanı Rusiyadan idxal edirik. Belə ki, 2020-ci ildə 297 milyon ABŞ dolları dəyərində 1,3 milyon ton həcmində ərzaqlıq buğda Rusiyadan idxal edilib. İdxal edilən buğdanın orta qiyməti 216 ABŞ dolları olub. Azərbaycan ərzaqlıq buğdanın 98 faizindən çoxunu Rusiyadan idxal edib. Həmçinin cüzi miqdarda Qazaxıstandan da idxal həyata keçirilib", - deyə o qeyd edib.

"Azərbaycanın ərzaq təhlükəsizliyi konsepsiyasının tərkib hissəsi olaraq əhalinin un və un məmulatları ilə təminatı, xüsusən də çörək istehsalçılarına davamlı olaraq un təminatı istiqamətində işlər aparılır. Bu istiqamətdə son illər ölkə bazarında da sabitliyin qorunub saxlanması görülən işlərin əyani nəticəsidir. 2020-ci ildə quraqlıq buğda istehsalına müəyyən təsir etsə də 2021-ci illə bağlı proqnozlar daha müsbətdir. Belə ki, ölkədə buğda istehsalı artacaq. Ümumiyyətlə, 2021-ci ildə qlobal bazarda da daha çox buğda təklif olunacağı gözlənilir. Dünyada da buğda istehsalının artması ilə bağlı proqnozlar var. Bu isə onu deməyə əsas verir ki, görülən tədbirlər Azərbaycanda un və un məmulatlarının qiymətində kəskin dəyişmələrin qarşısını almağa yönəlib və hər hansı bir kəskin dəyişmələr proqnozlaşdırılmır", - deyə mütəxəssis əlavə edib.

Əsas mövzular