18:27 27 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0067
  • RUB0.0231
İQTİSADİYYAT
Qısa URL
8 0 0

Maliyyə sektorunun cari vəziyyəti, habelə beynəlxalq maliyyə təşkilatlarının tövsiyələri nəzərə alınmaqla Mərkəzi Bank requlyativ dəstək rejimini davamlı olaraq dəqiqləşdirir.

BAKI, 1 iyul — Sputnik. Azərbaycan Prezidentinin "Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" 2020-ci il 19 mart tarixli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş "Tədbirlər Planı"na uyğun olaraq Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 2020-ci il 24 aprel tarixli 16 saylı qərarı ilə maliyyə sektoruna dəstəkləyici tədbirlər paketi təsdiq edilib və "Koronavirus (COVID-19) pandemiyası şəraitində kredit təşkilatlarının fəaliyyətinin müvəqqəti tənzimlənməsi Qaydası" qəbul olunub.

AMB-dən Sputnik Azərbaycan-a bildirilib ki, maliyyə sektorunun cari vəziyyəti, sektorun maliyyə dayanıqlılığı üzrə aparılmış qiymətləndirmə nəticələri, habelə beynəlxalq maliyyə təşkilatlarının tövsiyələri nəzərə alınmaqla Mərkəzi Bank requlyativ dəstək rejimini davamlı olaraq dəqiqləşdirir və siyasət qərarları qəbul edir.

İqtisadiyyatın müxtəlif sahələri üzrə məhdud rejimin yumşaldılması fonunda iqtisadi aktivliyin tədricən bərpa edilməsi şəraitində Mərkəzi Bankın İdarə Heyətinin 2021-ci il 30 iyun tarixli qərarına əsasən, pandemiyadan təsirlənmiş fiziki şəxslər və sahibkarlıq subyektlərinin maraqlarının qorunması və dəstəklənməsi davam etdirilərək cərimə faizi, dəbbə pulu və digər cərimələrin hesablanmamasına, borcalanların kredit öhdəlikləri üzrə gecikmələrlə bağlı onların kredit tarixçələrinin pisləşməməsinə dair kredit təşkilatlarına verilmiş tövsiyələrin müddəti oktyabrın 1-dək uzadılıb. Eyni zamanda, kredit və sığorta təşkilatlarının kapital mövqeyinin daha da möhkəmləndirilməsi, onların sərbəst maliyyə vəsaitlərinin kapitala yönəldilməsinin təmin edilməsi məqsədilə divident ödənişlərinə tətbiq edilmiş məhdudiyyətlər həmin tarixədək qüvvədə saxlanılıb.

Bank sektorunun kapitala aid yeni requlyativ tələblərə tədricən adaptasiyasının növbəti mərhələsində iyulun 1-dən başlayaraq bazar və əməliyyat riskləri bankların məcmu və I dərəcəli kapitalının adekvatlığı əmsallarında nəzərə alınacaq, habelə həmin tarixdən məcmu kapital adekvatlığı əmsalı üzrə minimum hədd Mərkəzi Bankın aidiyyəti normativ qaydaları ilə müəyyən edilmiş səviyyədə bərpa olunacaq. Bu tələblərin tətbiqi bankların kapitalında əməliyyat və bazar risklərinin qarşılanması üçün əlavə buferin yaradılmasına xidmət edəcək. Eyni zamanda, kontrtsiklik kapital buferi ilə əlaqədar requlyativ güzəştin tətbiqi müddətinin gələn il yanvarın 1-dək uzadılması qərara alınıb.

Koronavirus pandemiyası

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 181,4 milyonu keçib, 3,93 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ötən ilin fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Pandemiyadan zərər çəkən sahibkarlara maliyyə dəstəyinin göstərilməsi davam etdirilir

Pandemiyadan zərər çəkmiş fəaliyyət sahələrinə investisiya qoyuluşlarının sürətləndirilməsi və bu fəaliyyət sahələri üzrə məşğulluğun qorunub saxlanması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu sahibkarlara yeni verilən bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və həmin kreditlər üzrə faizlərin subsidiyalaşdırılmasını, eləcə də mövcud kredit borcu olan sahibkarların kredit faizlərinin bir hissəsinin dövlət tərəfindən subsidiyalaşdırılmasını davam etdirir.

Belə ki, 2021-ci ilin 31 may tarixinədək dövlət zəmanətli kredit və faizlərin subsidiyalaşdırılması mexanizmi çərçivəsində 1026 müraciət üzrə 258,3 milyon manat kreditə 149,7 milyon manat məbləğində dövlət zəmanəti verilib. Mövcud kredit portfelinin subsidiyalaşdırılması mexanizmi üzrə isə kredit qalığı 819,2 milyon manat olan 4497 müraciətə 57 milyon manat faiz subsidiyasının verilməsi barədə müsbət qərar qəbul edilib və artıq 49,3 milyon manat subsidiya ödənişi həyata keçirilib.

Qeyd edək ki, sahibkarların dövlət zəmanətli kredit və faizlərin subsidiyalaşdırılması mexanizmi üzrə müraciətləri Elektron Kredit Platforması üzərindən qəbul olunur. Sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının daha da asanlaşdırılması məqsədilə Fond tərəfindən xidmətlərin tam elektronlaşdırılması istiqamətində tədbirlər görülür.

Əsas mövzular