Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Şuşadan Çinədək: Bu həftə Azərbaycanın iqtisadi həyatında nə baş verib?

CC BY 2.0 / David / MeghriГород Мегри
Город Мегри - Sputnik Azərbaycan, 1920, 20.06.2021
Abunə olmaq
Şuşa Bəyannaməsinin imzalanması, Azərbaycana səfərə icazə verilməsi, Azərbaycanın qonşu ölkələrə ixrac etdiyi elektrik enerjisinin həcmi, İqtisadi Şuranın iclası - Sputnik Azərbaycan bu həftənin ən mühüm iqtisadi hadisələrindən bəhs edir.

BAKI, 20 iyun — Sputnik. Bu həftə "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanması Azərbaycanda ən mühüm hadisə olub.

Şuşa Bəyannaməsinin iqtisadi təfərrüatları

İqtisadçıların fikrincə, Şuşa Bəyannaməsi ilə Azərbaycan dünyanın 17-ci ən böyük iqtisadiyyatına sahib olan Türkiyə ilə əməkdaşlıqdan daha çox faydalanacaq. Türkiyə 2020-ci ildə 1,8 faiz iqtisadi artım göstərərək pandemiya şəraitində iqtisadiyyatı kiçilməyən nadir ölkələrdən olmaqla yanaşı, bu il də 5 faizdən yüksək artım proqnozu ilə dünyada ən sürətlə inkişaf edən ölkələrin sırasındadır. Türkiyə iqtisadiyyatının artım sürəti getdikcə onunla daha çox inteqrasiya olunan Azərbaycanda da iqtisadi artıma stimul verə bilər.

Ekspertlərə görə, Şuşa Bəyannaməsi Azərbaycanda biznesin uzunmüddətli gözləntiləri üçün zəmin yaradır. Xüsusən də, Bəyannamənin Şuşada imzalanması Qarabağda investisiya mühitinə əlavə bir qarant kimi qiymətləndirilməlidir. Şuşa Bəyannaməsi ilə BP, "Signify" kimi qlobal şirkətlərin Qarabağda sərmayə yatırmaq niyyətləri bir-birini tamamlayır, Qarabağda investor inamı indeksini yüksəldir. İqtisadi əlaqələrin genişləndirilməsi ölkələr arasında investisiya qoyuluşlarını da artıracaq. Hazırda Türkiyə Azərbaycanda daha çox qeyri-neft sektoruna, Azərbaycan isə Türkiyədə, əsasən, energetika və kimya sahələrinə kapital yatırır. Türkiyədən Azərbaycana investisiya qoyuluşları 12 milyard dollar, Azərbaycandan Türkiyəyə sərmayə yatırımları isə 19,5 milyard dollar təşkil edir.

Bəyannamədə Zəngəzur dəhlizinə yer ayrılması hər iki ölkə üçün əhəmiyyətlidir. Təkcə bu il ixrac həcmini 15-20 faiz artırmağı planlaşdıran Türkiyə ticarət dövriyyəsi 6 milyard dollara çatan Mərkəzi Asiya və 21 milyard dollar olan Çinlə iqtisadi əlaqələrdə Zəngəzur dəhlizindən istifadə edəcək. Hətta Zəngəzur dəhlizi Türkiyə-Rusiya iqtisadi əlaqlərinin də güclənməsinə imkanlar aça bilər. İxracyönümlü Türkiyə iqtisadiyyatı üçün Zəngəzur dəhlizi ixrac marşrutlarının şaxələndirilməsi deməkdir.

İqtisadçılara görə, bu il martın 1-dən Azərbaycan ilə Türkiyə arasında Preferensial Ticarət Sazişi qüvvəyə minib. Saziş 15 mal qrupunu əhatə edir. Bu Saziş nəticəsində iki qardaş ölkə arasında ticarət dövriyyəsinin artacağı gözlənilir. Bu o deməkdir ki, artıq bu sahədə real addımlar atılmaqdadır. Qardaş ölkələr növbəti 3 il ərzində ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması ilə bağlı hədəf müəyyənləşdiriblər. Şuşa Bəyannaməsində nəzərdə tutulan tədbirlər bu hədəfə nail olmaq üçün yeni imkanlar yaradacaq.

Daha bir sıra ölkələrin vətəndaşlarının Azərbaycana səfər etməsinə icazə veriləcək

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında bildirilir ki, iyunun 21-dən daha bir sıra ölkələrin vətəndaşlarının Azərbaycan ərazisinə səfər etməsinə icazə veriləcək.

Məlumata görə, ölkəmizdə həyata keçirilən sistemli tədbirlər, həmçinin uğurlu vaksinasiya proqramı nəticəsində Azərbaycanda epidemioloji vəziyyət yaxşılaşmaqda davam edir. Bununla əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq, 10 iyun tarixindən epidemioloji vəziyyəti sabit olan bir sıra ölkələrin vətəndaşları üçün hava yolu ilə Azərbaycan ərazisinə səfərlərdə yumşalmalar tətbiq edilib. Vaksinasiyanın əhatəlilik dairəsinin daha geniş olduğu ölkələrdə epidemioloji vəziyyətin davamlı surətdə yaxşılaşdığını nəzərə alaraq, iyunun 21-dən aşağıda qeyd olunan ölkələrin vətəndaşlarının Azərbaycan ərazisinə səfər etməsinə icazə verilir: ABŞ, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, İsrail, Macarıstan, Qətər.

Ərdəbil-Rəşt yolu Azərbaycanla İranın mərkəzi vilayətləri arasında nəqliyyat əlaqəsi yaradacaq

İranın yollar və şəhərsalma naziri Məhəmməd İslami deyib ki, Astara (İran) - Astara (Azərbaycan) - Bakı magistral yolunun Ərdəbil-Rəşt avtomobil yoluna birləşməsi istiqamətində işlər davam edir. Bir il ərzində yolları birləşdirəcəyik və yeni marşrutla yük maşınlarının Bakıya tez və təhlükəsiz çatması təmin olunacaq. İran ilə Azərbaycanı birləşdirən magistral yol Rusiyaya qədər uzanacaq və yük maşınları Rusiyadan Avropaya qədər hərəkət edə biləcəklər. Eyni zamanda, bu yol İranla Azərbaycanın tranzit imkanlarını və gəlirlərini artıracaq.

Nazir deyib ki, Azərbaycan tərəfi ilə Astaraçay üzərindəki körpünün də yenidən tikilməsi məsələsi razılaşdırılıb. Layihə 4,5 milyon avro dəyərindədir. İnşaat işlərinə xərclənəcək vəsaitin 50 faizini İran, 50 faizini isə Azərbaycan tərəfi ödəyəcək.

Qeyd edək ki, Astara-Bakı yolunun Ərdəbil-Rəşt yolu ilə birləşməsinin nəticəsində Azərbaycan ilə İranın yalnız Gilan və Mazandaran vilayətləri deyil, eləcə də Ərdəbil və digər mərkəzi vilayətləri arasında nəqliyyat əlaqəsi yaranacaq.

İqtisadi Şuranın iclası keçirilib

Azərbaycan Respublikası İqtisadi Şurasının növbəti iclası keçirilib. İclasda mövcud iqtisadi vəziyyət, 2021-2025-ci illər üzrə ilkin makroiqtisadi proqnozlar və digər məsələlər müzakirə olunub.

Zəngəzur dəhlizi regionun tranzit-logistika potensialını artıracaq

İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, ərazilərimizin işğaldan azad edilməsi nəticəsində yaranmış yeni reallığa uyğun olaraq, Azərbaycanın əsas hissəsini və Naxçıvan Muxtar Respublikasını birləşdirəcək Zəngəzur dəhlizi regionun tranzit-logistika potensialını artıracaq.

Nazir qeyd edib ki, bu potensialın reallaşdırılması yeni nəqliyyat marşrutlarının fəaliyyətə başlamasına gətirib çıxaracaq, iqtisadi gücümüzü daha da artırmaqla yanaşı, regional əməkdaşlığı və sabitliyi möhkəmləndirəcək.

Bu həftə Azərbaycanın bu il qonşu ölkələrə ixrac etdiyi elektrik enerjisinin həcmi açıqlanıb

Energetika Nazirliyinin məlumatına görə, yanvar-may aylarında ölkə üzrə elektrik enerjisinin ixracı 569,9 milyon kilovat/saat təşkil edib. Ötən ilin müvafiq dövrünə nisbətən ixrac 47,7 milyon kilovat/saat artıb. İrana 14,4 milyon kilovat/saat, Türkiyəyə 12,7 milyon kilovat/saat, Rusiyaya 39,4 milyon kilovat/saat, Gürcüstana isə 503,4 milyon kilovat/saat elektrik enerjisi ixrac olunub.

Beş ay ərzində elektrik enerjisinin idxalı 76,6 milyon kilovat/saat olub. İrandan 14,4 milyon kilovat/saat, Rusiyadan 39,3 milyon kilovat/saat, Gürcüstandan isə 22,9 milyon kilovat/saat elektrik enerjisi idxal edilib.

Ölkəmiz Çində keçirilən sərgidə iştirak edir

Çinin Heyloncian vilayətinin paytaxtı Harbin şəhərində 31-ci Beynəlxalq İqtisadiyyat və Ticarət Sərgisi başlayıb.

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanın Çindəki ticarət nümayəndəliyinin təşkilatçılığı ilə ölkəmiz sərgidə "Fəxri qonaq ölkə" statusunda iştirak edir.

Pandemiya ilə əlaqədar Harbin şəhərində tətbiq edilən məhdudiyyətlər səbəbindən, bu il onlayn formatda keçirilən sərgidə Azərbaycan üçün 1810 kv/m-lik 3D formatda onlayn "Made in Azerbaijan" vahid ölkə stendi hazırlanıb. Stenddə 20-dən çox şirkətin xalçaçılıq, qida və içki sənayesinə aid məhsulları nümayiş etdirilir. Bununla yanaşı, onlayn stenddə ölkəmizin investisiya, nəqliyyat-tranzit və turizm potensialı nümayiş etdirilir.

Sərgidə məhsullarımız təşkilatçılar tərəfindən sərgi ilə yanaşı, müxtəlif onlayn platformalarda da reklam olunur.

Qeyd edək ki, 1990-cı ildən keçirilən Beynəlxalq İqtisadiyyat və Ticarət Sərgisi Heyloncian əyalətinin ən önəmli beynəlxalq sərgisi hesab edilir.

Xəbər lenti
0