23:58 23 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0009
  • RUB0.0231
İQTİSADİYYAT
Qısa URL
935 0 0

Azərbaycanın iqtisadiyyat naziri Zəngəzur dəhlizinin açıllması ilə iqtisadi gücümüzün daha da artacağından əmindir.

BAKI, 14 iyun — Sputnik. Ərazilərimizin işğaldan azad edilməsi nəticəsində yaranmış yeni reallığa uyğun olaraq, Azərbaycanın əsas hissəsini və Naxçıvan Muxtar Respublikasını birləşdirəcək Zəngəzur dəhlizi regionun tranzit-logistika potensialını artıracaq. Sputnik Azərbaycan xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter"də yazıb.

"Bu potensialın reallaşdırılması yeni nəqliyyat marşrutlarının fəaliyyətə başlamasına gətirib çıxaracaq, iqtisadi gücümüzü daha da artırmaqla yanaşı, regional əməkdaşlığı və sabitliyi möhkəmləndirəcək", - o qeyd edib.

Zəngəzur dəhlizi açılmalıdır və açılacaq

Qeyd edək ki, Prezident İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində deyib: "Bu yaxınlarda buradan təqribən 50-60 kilometr uzaqlıqda yerləşən Mincivan qəsəbəsinin ermənilər tərəfindən dağıdılmış dəmir yolu stansiyasında baxış keçirdim. Orada dəmir yolu mövcud deyil. Mənfur düşmən bütün dəmir yolu infrastrukturunu dağıdıbdır, talan edibdir. Orada bir mərkəz olacaq, burada bir mərkəz olacaq. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir, hansı ki, açılmalıdır və açılacaqdır".

Prezident bildirib ki, 10 noyabr tarixli birgə bəyanatda bu, təsbit edilib: "Ondan sonra fəaliyyət göstərən Azərbaycan-Ermənistan-Rusiya Baş nazirlərinin müavinləri səviyyəsində işçi qrupunun keçirilmiş iclaslarında da artıq bu məsələ ilə bağlı çox ciddi addımlar atılır. Əminliklə deyə bilərəm ki, dəmir yolu dəhlizi açılacaqdır. Heç kimdə bu haqda şübhə olmasın.

Əlbəttə ki, Azərbaycan öz üzərinə düşən vəzifələri icra edəcək. Bildiyiniz kimi, mən Horadiz-Ağbənd dəmir yolunun təməl daşını qoydum. Burada çatışmayan 15-16 kilometrlik hissə inşa ediləcəkdir, Ordubaddan Ermənistan sərhədinə qədər. Naxçıvan dəmir yolu fəaliyyət göstərir, indi həm sərnişin, həm yük daşımaları həyata keçirilir. Yəni, Azərbaycan ərazisində Horadiz-Ağbənd dəmir yolu tikiləndən sonra bütün infrastruktur yaradılacaq".

Üçtərəfli bəyanat

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.
Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.
Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Əsas mövzular