12:39 17 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
İQTİSADİYYAT
Qısa URL
17 0 0

2020-ci il üzrə elektron bankçılıq vasitəsilə cari hesablardan aparılmış müştəri köçürmələrinin həcmi (95.7 mlrd. manat), eyni zamanda ödəniş kartları ilə ölkə daxilində həyata keçirilmiş nağdsız əməliyyatların həcmi (6.4 mlrd. manat) tarixi maksimuma çatıb.

BAKI, 18 mart — Sputnik. "2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı" çərçivəsində Mərkəzi Bank tərəfindən dövlət qurumları və bank sektoru ilə birgə ölkədə nağdsız ödəniş mühitinin genişləndirilməsi, innovativ ödəniş texnologiyalarının tətbiqinin artırılması, əhalinin maliyyə savadlılığının yüksəldilməsi, habelə nağdsız ödəniş vərdişlərinin formalaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilib, ölkə miqyasında layihələr reallaşdırılıb və bu proses davam edir.

Mərkəzi Bankdan Sputnik Azərbaycan-a bildirilib ki, görülən işlər nəticəsində ölkə üzrə nağdsız ödəniş göstəricilərində əvvəlki dövrlərlə müqayisədə əhəmiyyətli artım müşahidə olunub, 2020-ci il üzrə elektron bankçılıq vasitəsilə cari hesablardan aparılmış müştəri köçürmələrinin həcmi (95,7 milyard manat), eyni zamanda, ödəniş kartları ilə ölkə daxilində həyata keçirilmiş nağdsız əməliyyatların həcmi (6,4 milyard manat) tarixi maksimuma çatıb.

Mərkəzi Bank tərəfindən nağdsız ödənişlərin inkişafı istiqamətində müsbət trendin qorunması, ödəniş bazarına innovativ xidmətlər təklif edən "FinTex"lərin cəlb edilməsi, yaşayış yerindən asılı olmayaraq ölkəmizin istənilən ərazisində əhali və biznes subyektlərinin maliyyə xidmətlərinə çıxış imkanının artırılması, habelə rəqəmsal ödəniş xidmətlərindən istifadənin genişləndirilməsi məqsədilə növbəti strateji dövrün mühüm prioritet istiqamətləri müəyyən edilib.

Ölkədə müasir ödəniş ekosisteminin formalaşdırılması və innovasiyaların inkişafının təşviqi ilə yanaşı, sözügedən istiqamətlər üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi də daima diqqət mərkəzində saxlanılır. Mərkəzi Bank tərəfindən ödəniş təşkilatları, elektron pul təşkilatları kimi digər bank olmayan ödəniş xidməti təchizatçıları üzərində tənzimləmə və nəzarətin hüquqi və iqtisadi əsaslarını müəyyən edən "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanun layihəsinə müasir çağırışlara müvafiq olaraq açıq bankçılığın (Open Banking) hüquqi aspektləri və "FinTex"lərə yeni məhsul və xidmətləri təklif etməyə imkan verən tənzimləyici test rejiminin (Sandbox) tətbiqi üzrə müddəalar daxil edilib. Qanun layihəsi ödəniş bazarında innovasiya və səmərəliliyi dəstəkləməklə yanaşı, ödəniş xidməti təchizatçıları üçün əlverişli bazar şəraiti yaratmaqla yüksək rəqabətliliyin formalaşmasına imkan verəcək. Hazırda qanun layihəsi aidiyyəti dövlət qurumları ilə razılaşdırma mərhələsindədir.

Mərkəzi Bank ölkədə rəqəmsal ödəniş xidmətlərinin institusional və hüquqi bazasının gücləndirilməsi, infrastruktur imkanlarının artırılması yolu ilə həmin xidmətlərin çeşidi, keyfiyyəti və tətbiq dairəsinin genişləndirilməsi istiqamətində qarşıya qoyulmuş hədəflərə nail olmaq üçün bank sektoru və aidiyyəti dövlət qurumları ilə birgə qarşılıqlı fəaliyyətini davam etdirir.

Əsas mövzular