17:27 12 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0219
  • EUR2.0214
İQTİSADİYYAT
Qısa URL
12 0 0

Hotellərə ulduzların verilməsi cari ilin aprel ayında aparılan qiymətləndirmənin nəticəsinə və komissiyanın rəyinə əsasən həyata keçiriləcək

BAKI, 11 mart — Sputnik. Azərbaycanda hotellərin ulduzlaşmasına start verilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu gün Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası tərəfindən Milli Hotel Ulduz Təsnifatı prosesinin keçirilməsi üçün assosiasiyaya müraciət edən hotellərdə qiymətləndirmə keçirilib.

Bu məqsədlə paytaxtın bir neçə hotelinə mediatur təşkil edilib.

Mediatur zamanı qurumların əməkdaşları tərəfindən Milli Hotel Ulduz Təsnifatı üçün müraciət etmiş hotellərin ulduzlaşmaya görə təyin edilən standartlara uyğunluğu yoxlanılıb və hotellərə baxış keçirilib. Media tur çərçivəsində jurnalistlər üçün mətbuat konfransı təşkil edilib.

Tədbirdə çıxış edən Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid ulduz təsnifatının hotelçiliyin inkişafı üçün mühüm amil olduğununu və bu addımın ölkənin qonaqpərvərlik sənayesinə müsbət təsir edəcəyinə, eləcə də turistlərə daha keyfiyyətli xidmətlərin göstərilməsinə şərait yaradacağını deyib.

Baş icraçı direktor Milli Hotel Ulduz Təsnifatının ölkədə fəaliyyət göstərən mehmanxanaların ulduz kateqoriyalarının dəqiq müəyyənləşdirilməsinə imkan verəcəyini bildirib.

Azərbaycan Hotel Assosiasiyasının Baş icraçı katibi Günay Sağlam Milli Hotel Ulduz Təsnifat Sisteminin hotelçilik sahəsində ixtisaslaşmış təşkilat kimi Azərbaycan Hotel Assosiasiyası tərəfindən Avropa Mehmanxanalar Assosiasiyasının - "Hotelstars Union"-un təsnifat meyarları əsasında hazırlandığını deyib.

Günay Sağlam Milli Hotel Ulduz Təsnifatı ilə bağlı bu günə kimi 40 hotelin müraciət etdiyini, 24 hoteldə auditin keçirildiyini qeyd edib. Baş icraçı katib hotellərə Milli Hotel Ulduz Təsnifatının 3 illik verildiyini, bu müddət başa çatdıqdan sonra yenidən yoxlamaların aparılacağını bildirib.

Günay Sağlam assosiasiya tərəfindən pandemiya müddətində karantin üçün istifadə olunan hotellərə milli hotel ulduz təsnifatının ödənişsiz edildiyini də qeyd edib.

İndiyədək müraciət etmiş hotellərə ulduzların verilməsi cari ilin aprel ayında aparılan qiymətləndirmənin nəticəsinə və komissiyanın rəyinə əsasən həyata keçiriləcək və onlara uyğunluq sertifikatı və lövhə təqdim ediləcək.

Qeyd edək ki, 2019-cu ilin dekabrında Azərbaycan Turizm Bürosuna Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən hotellərə ulduz verilməsinə görə uyğunluğun qiymətləndirilməsi akkreditasiya attestatı verilib. Sənədə əsasən, Milli Hotel Ulduz Təsnifat Sisteminin icrası Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası arasında imzalanan birgə fəaliyyət müqaviləsinə əsasən həyata keçirilir.

Əsas mövzular