13:39 07 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0515
  • RUB0.0229
İQTİSADİYYAT
Qısa URL
21 0 0

"Debet və kredit kartları vasitəsilə aparılan əməliyyatların həcmində nağdsız əməliyyatların payı 21 faizə çatıb"

BAKI, 28 yanvar — Sputnik. Mərkəzi Bank, Azərbaycan Banklar Assosiasiyası və İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin birgə təşkilatçılığı ilə "FİNTEX SAMMİT ONLAYN" forumu öz işinə başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, forum "Bank və ödəniş ekosistemində yeni trendlər: İnnovativ həllər, Fintexlər (maliyyə texnologiyaları) və Təhlükəsizlik" mövzusunda keçirilir.

Forumda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı çıxış edib: "Nağdsız cəmiyyətin qurulması istiqamətində Azərbaycanda kompleks xarakter daşıyan dövlət siyasəti realizasiya olunmaqdadır. Bu baxımdan, ötən dövrdə dizayn edilən və icrası təmin olunan müxtəlif dövlət proqramları, xüsusilə də "2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı"nda nağdsız cəmiyyətin gələcək inkişafı üçün möhkəm bazis formalaşdırılıb. Belə ki, Dövlət Proqramında institusional mühit, bank sektoru, rəqəmsal ekosistem və maarifləndirmə istiqamətləri olmaqla 4 əsas blok üzrə tədbirlər nəzərdə tutulub. Bu tədbirlər biznes mühitinin inkişaf etdirilməsi, vergi sisteminin optimallaşdırılması, bank sektorunun sağlamlaşdırılması, rəqəmsal ticarətin inkişafı da daxil olmaqla çoxvektorlu tədbirləri əhatə edir".

O bildirib ki, ötən müddətdə nağdsız ödənişlərin ekosisteminin təkmilləşdirilməsi istiqamətində institusional islahatlar həyata keçirilib: "2020-ci ildə bank sistemində Rəqəmsal İdentifikasiya Sistemi real istismara verilib. Layihə çərçivəsində ölkədə ilk dəfə xüsusi blokçeyn platforması tətbiq edilib. Məlumatların paylaşılan reyestr texnologiyasına əsaslanan verilənlər bazasında tam məxfiliyi qorunmaqla saxlanılması təmin edilib. Bu layihənin inkişafı bank sistemində məlumatların tamlığının, əlçatanlığının və məxfiliyinin qorunması ilə bərabər, sektorda inam mühitinin formalaşmasında çox mühüm rol oynayacaq. Dövlət proqramının icrası çərçivəsində nail olunan digər mühüm bir yenilik isə ölkədə ilk dəfə Ani Ödənişlər Sisteminin istismara verilməsidir. Bunun nəticəsində də QR kod funksionallığının tətbiqi və internet və mobil bankçılıq xidmətləri vasitəsilə əhali üçün qeydiyyat, hesablararası köçürmə və ödəniş funksionallıqlarının istifadəyə təqdim edilməsi təmin olunub. Ani Ödənişlər Sistemi üzrə yaradılan imkanlar iqtisadi subyektlər arasında rəqəmsal ödənişlərin genişləndirilməsinə, ölkədə nağd iqtisadiyyatın həcminin əhəmiyyətli azalmasına və yekunda nağdsız cəmiyyətin formalaşdırılmasına çox mühüm təsir göstərəcək".

"Nağdsız cəmiyyətin qurulması istiqamətində görülmüş müfəssəl tədbirlərin müsbət nəticələri bu gün özünü göstərir. Örnək olaraq, nağsız ödəniş davranışının artırılması istiqamətində atılan addımların nəticəsidir ki, ölkədaxilində debet və kredit kartları vasitəsilə aparılan əməliyyatların həcmində nağdsız əməliyyatların payı 2017-ci illə müqayisədə 9 faiz artaraq 21 faizə çatıb. Bu cür əməliyyatların say xarakteristikası üzrə artım isə 21 faiz olmaqla 52 faiz olub. Qeyd edək ki, hər iki indikator üzrə qeydə alınan göstəricilər ölkə bank sisteminin tarixində ən yüksək göstəricilərdir", - deyə V.Qasımlı qeyd edib.

O bildirib: "Ölkəmizin sürətli və innovativ inkişafa meylliliyinin yüksək olması yeni texnoloji dəyişikliklərin daha rahat absorbsiyası və geniş tətbiq olunmasını təmin edir. Bu da Azərbaycanın fintek sahəsinin inkişafı baxımından çox böyük potensiala sahib olduğunu deməyə imkan verir. Xüsusi ilə də, ən yeni qlobal meqatrendlərdən sayılan sığorta və daşınmaz əmlak fintekləri, eyni zamanda, "regtech" və "suptech" texnologiyalarının tətbiqi üçün əlverişli imkanlar yaranır. İcra olunan tədbirlər və qeyd olunan yeni inkişaf perspektivləri son nəticədə iqtisadi dövriyyənin şəffaflaşması, "kölgə" iqtisadiyyatının məhdudlaşdırılması, real sektorun maliyyə xidmətlərinə çıxış imkanlarının artması, bank sektorunun investisiya imkanlarının artırılmasına müsbət təsir göstərəcək".

Əsas mövzular