16:16 23 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
İQTİSADİYYAT
Qısa URL
Tarif Şurasının sürprizləri (6)
7210

Hibrid və elektrik mühərrikli avtomobillərə gəldikdə isə, ekspert bildirib ki, bir neçə ildir ki, bu mövzu aktual olsa da, hələ də irəliləyiş yoxdur.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 5 yanvar — Sputnik. Ötən gün ənənəvi olaraq gecə saatlarında Tarif Şurası bir neçə arqument gətirərək, yanacağın qiymətini artırıb.

Göstərilən arqumentlərdən biri də ekoloji təmiz avtomobillərin istifadəsinin stimullaşdırılmasıdır.

Yüksək gömrük rüsumları, aksiz vergisi, mühərrik gücünə görə tətbiq edilən vergi və s. fonunda ekoloji təmiz avtomobillərin istismarının stimullaşdırılması mümkündürmü?

Sputnik Azərbaycan bu məsələni araşdırıb.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfər Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkədə ekoloji təmiz avtomobillərin tətbiq edilməsini stimullaşdırmaq üçün yüksək olan gömrük rüsumlarını və mühərrik həcminə görə tətbiq edilən aksiz vergisini azaltmaq lazımdır. Bununla yanaşı, ekoloji təmiz avtomobillərə verilən avtokreditlərin sadələşdirilməsi də nəzərə alınmalıdır.

Ekspert yanacağın qiymətinin artırılmasının ekoloji təmiz avtomobillərdən istifadəni artıracağını hesab etmir. Onun fikrincə, ekoloji təmiz avtomobillərin gətirilməsi və istifadəsini stimullaşdırmaq üçün konkret addımlar atılmalıdır.

"Elektromobillərin gömrük rüsumu 2019-cu ildə azaldılaraq 15 faiz etdi. Ancaq düşünürəm ki, bu rəqəm 5-6 faiz olmalıdır. Əgər siz elektromobili öz istifadəniz üçün gətirirsinizsə, bu zaman 15 faiz ödəyirsiniz. Ancaq sahibkarlar elektromobilləri satmaq üçün gətirirsə, bu zaman məbləğə ƏDV əlavə edilir. Bu da kifayət qədər böyük rəqəmdir", - deyə ekspert bildirib.

Onun sözlərinə görə, Azərbaycanda ekoloji təmiz avtomobillərin istismarının stimullaşdırlması ilə bağlı dövlət proqramı qəbul edilsə belə, proqramın mühüm müddəaları yerinə yetirilmir. Cavabdeh qurumlar bununla bağlı heç bir addım atmır: "Yalnız Ekologiya Nazirliyi ekoloji təmiz avtomobillərin istismarının stimullaşdırılması istiqamətində bir neçə tədbir keçirib. Ancaq proqramda nəzərdə tutulmuş dövlət qurumları bu məsələyə qarışmadı və məsələ yarımçıq olaraq qalır.

Ötən ilin yanvar-may aylarında ölkəyə 1852 elektriklə işləyən nəqliyyat vasitəsi gətirilib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu nəqliyyat vasitələrindən 1771-i daxili yanma mühərriki ilə yanaşı, elektrik mühərriki ilə də hərəkətə gətirilən, 81-i isə yalnız elektrik mühərriki ilə işləyən nəqliyyat vasitəsidir.

İqtisadçı Günay Hüseynova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yeni qiymətlərə əsasən Aİ-92 benzini 1 manat, dizel yanacağının qiyməti 0,80 AZN olub. Belə ki, yeni tarifə əsasən Aİ-92 markalı neftin qiyməti 11,1%, dizel yanacağında 33,3% artım müşahidə edilib: "Yanacağın qiyməti ilə yanaşı Tarif Şurasının qərarına əsasən digər sahələrdə: dərman preparatları, Əmlakın Dövlət Reyesterinə Daxil edilməsi və Əmlak məsələləri ilə bağlı digər xidmətlər üzrə tarif dərəcələri yüksəldilib".

İqtisadçının sözlərinə görə, yanacağın qiymətinin artması birbaşa nəqliyat daşımalarının qiymət artımına səbəb olacaq.

"İqtisadiyyatda bütün sahələr bir-biri ilə əlaqədardır. İqtisadiyyatın hər hansı bir sahəsində baş verən dəyişiklik birbaşa və dolayı yolla onun bütün sahələrinə təsir edir. Bu da onu deməyə əsas verir ki, yanacağın qiymətinin artması bütün sahələrdə qiymət artımına gətirib çıxaracaq", - deyən G.Hüseynovanın sözlərinə görə, Azərbaycanda 1 milyon 881,3 min dizel yanacağı, 1 milyon 66,33 min benzin istehsal olunub. İstehsal olunmuş dizel yanacağının 1/4 hissəsi kənd təsərrüfatında istehlak olunub.

İqtisadçı bildirir ki, Tarif Şurası qiymət artımı ilə bağlı bir neçə arqumenti əsaslandırıb. Belə ki, ilkin səbəb kimi avtomobil idxalının artması göstərilir.

Ancaq ekspert Tarif Şurasının ilkin səbəbini əsassız hesab edir: "Yanacağın qiymətinin artması bütün sahələrdə qiymət artımı deməkdir. Əgər avtomobillərin idxalına görə idisə, o zaman birbaşa həmin sahəyə müdaxilə olunmalı idi. Yəni Dövlət Gömrük Komitəsi tərəfindən avtomobillərin idxal gömrük rüsumu artırıla bilərdi və ya ölkəmizdə istehsal olunan avtomobillərə kredit, güzəşt və s. tətbiq edilə bilərdi. Həmçinın bu yerli istehsalın artımına da şərait yaradardı".

Hibrid və elektrik mühərrikli avtomobillərə gəldikdə isə, ekspert bildirib ki, bir neçə ildir ki, bu mövzu aktual olsa da, hələ də irəliləyiş yoxdur:

"Ölkə elektrik mühərrikli avtomobillə tam təchiz olunduğu halda yanacağın qiymətinin yüksəlməsi normal olardı. Bu zaman yanacağın qiymətinin 50% yüksəlməsi belə, problem olmazdı".

Qeyd edək ki, Gürcüstandan Azərbaycana ikinci əl, mühərrik gücü 2000-ə qədər olan, dəyəri 10 min dollar olan avtomobil gətirmək üçün 594 manat aksiz vergisi, 4039,2 manat mühərrikin işçi həcminə görə gömrük rüsumu, 120 manat əməliyyat haqqı, 30 manat vəsiqə haqqı, 3920.98 manat ƏDV, 30 manat elektron gömrük xidmətinin göstərilməsinə görə, 5,4 manat elektron gömrük xidmətinin göstərilməsinə görə ƏDV olmaqla cəmi 8739.58 AZN ödənilir. Yəni dəyəri 17 min manat olan avtomobil azərbaycanlı sahibinə 25739 manata başa gəlir.

Mövzu:
Tarif Şurasının sürprizləri (6)

Əsas mövzular