22:33 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
İQTİSADİYYAT
Qısa URL
7211

"Hotellərin fəaliyyətinə icazə verilir. Yaxşı, bəs hotellərin nəzdində çalışan ictimai iaşə obyektləri nə etməlidir? Onlar da çatdırılma xidmətləri göstərməlidir? Bəlkə, "staff"ın hamısını keçirsinlər "Room Service" bölməsinə?" - Samir Dübəndi.

BAKI, 19 dekabr — Sputnik. "Çay evlərinin çatdırılma xidmətləri dedikdə hansı qida və içkilərin çatdırılması nəzərdə tutulur? Bu mümkündür? Çay evlərinin ənənəvi təklifləri çay setləri, şirniyyat və icazəsi verilməyən qəlyan xidmətləri olur. Bunların çatdırılması nə qədər qəbul edilmiş bir xidmətlər sırasındadır? Bu bənd kimin ağlına gəlibsə, cavab versə, biz də sevinərik".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə DAİR Hotellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi deyib. O, COVID-19 virusu ilə əlaqədar pandemiya rejiminin yaratdığı bir sıra qadağalardan da bəhs edib: "Onlayn satış belə başa düşülür ki, müştəri onlayn qaydada sifariş edir və sifarişini çatdırılma ilə ala bilər və yaxud obyektə gələrək qapıdan/satış pəncərəsindən götürə bilər. Qapıdan sifarişi götürmə ("takeaway") nahar fasiləsində olan, işdən evə gedən vətəndaşlara əlverişlidir, çatdırılmanı gözləmək vaxt aparır. Onu da nəzərə alaq ki, çatdırılma xidməti göstərən şirkətlərin yükü onsuz da artıb və onların çatdırma müddəti normalda olan vəziyyətdən artıqdır. Qərarın tələbləri ərazidən asılı olaraq müxtəlif formada interpretasiya edilir. Görünən odur ki, çatdırılma xidmətləri sektorunda çalışan şirkətlər ictimai iaşə biznesindən bizə daha əzizdir".

Ekspert hotellərlə bağlı problemə də toxunub: "Hotellərin fəaliyyətinə icazə verilir. Yaxşı, bəs hotellərin nəzdində çalışan ictimai iaşə obyektləri nə etməlidir? Onlar da çatdırılma xidmətləri göstərməlidir? Bəlkə, "staff"ın hamısını keçirsinlər "Room Service" bölməsinə? Yaxud da gələn qonaqlara tapşırsınlar ki, özünüzlə sendviç gətirin?!

Qərarda deyilir: bir neçə istisnalar olmaqla, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, habelə Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərinə (kənd və qəsəbələr istisna olmaqla) giriş-çıxış dayandırılsın. Digər tərəfdən, ölkəyə, demək olar ki, turist gəlmir. Belə olan halda hotellər kimin üçün fəaliyyət göstərməlidirlər?! Yalnız ölkə üzrə hərəkət etmə icazəsi olanlar üçün?!

Bununla əlaqədar olaraq bir neçə məsələ və ümumi suallarımız var:

- təşkilatımızın cəhdlərinə baxmayaraq, turizm, hotel, restoran biznesinə aid olan və onların fəaliyyətlərini tənzimləyən (xüsusilə pandemiya dövründə) qərarların hazırlanmasında iştirak edən mütəxəssislərin adları bizə açıqlanmadı. Biz onları tanıyırıq, amma xalq da öz qəhrəmanlarını tanımalıdır!

- 14 dekabr tarixinədək karantin vəziyyətini tənzimləyən Qərarda həftəsonu ictimai iaşə obyektlərində yerində xidmətlərə icazə verilməsə belə, onların həftəsonu çatdırılma və "takeaway" xidmətlərinin göstərilməsinə qadağa qeyd edilməmişdir. Yalnız 4 həftə sürən bu vəziyyətdə onlara həftəsonu adı gedən xidmətlərin göstərilməsinə icazə verilmədi. Müəssisələr 1 ayda 8 iş günü itirdilər. Qərarda qadağa haqqında heç bir qeyd olmadığı halda bu necə baş verdi?!

- Qərarlarda fəaliyyətinə icazə verilən fəaliyyət sahələri gerçəkdə fəaliyyət göstərə bilmir. İcazə verilən sahələr yardımdan, dəstəkdən məhrum qalırlar!? Bu məsələ necə olacaq?" - deyə Samir Dübəndi sual edir.

Assosiasiya rəhbəri qeyd edir ki, bu və digər suallar haqqında rəsmi müraciətləri olur, cavablar gec gəlir, bu, onun fikrincə, normaldır, sənayenin isə bu müddətlərdə ziyan görməsi anormaldır.

"Və nəhayət, əgər kimsə düşünür ki, biz epidemioloji vəziyyətin nə qədər ağır olduğunu anlamırıq və hamımız məhv olmaq arzusundayıq, səhv edir, bizi düzgün anlamır və yaxud öz yaramaz işlərini ört-basdır etmək cəhdləri nümayiş etdirirlər. Biznes yaşamalıdır, turizm, hər necə də olsa ayaq üstə qalmalıdır ki, yaxın gələcəkdə tezliklə dirçələ bilsin", - deyə S.Dübəndi vurğulayıb.

Teqlər:
nahar, müştəri, takeaway, Nazirlər Kabineti yanında Operativ Qərargah, karantin, turizm, biznes, mehmanxana, otel

Əsas mövzular