01:10 30 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
30411

"Onsuz da Azərbaycanda maliyyəyə çıxış imkanları məhduddur, maliyyə bazarları inkişaf etməyib və maliyyə alətləri çox zəifdir. İndi çeklərlə hesablaşmaların aparılması bu istiqamətdə də irəliyə doğru müsbət addım kimi iqtisadiyyata töhfə verə bilər"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 24 sentyabr — Sputnik. Ticarət əməliyyatlarında çeklərlə hesablaşmaların aparılması təcrübəsinin Azərbaycana gətirilməsi istiqamətində aktiv işə başlanılıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib: 

"Bu mexanizmin tətbiqi biznes hesablaşmalarının şəffaflaşmasına, ticarət əməliyyatlarının aparılmasında tərəfdaşların günlük likvidlik zərurətinin azalmasına, çeki təminat qismində təqdim etməklə bankdan əlavə resurs cəlb edilməsi imkanının yaranmasına, həmçinin ölkədə nağd pul dövriyyəsinin azalmasına şərait yaradacaq".

Məsələ ilə bağlı "İqtisadi və Sosial İnkişaf Mərkəzi" İctimai Birliyinin sədr müavini Rəşad Həsənov Sputnik Azərbaycan-a deyib ki, ticarət əməliyyatlarında çeklərlə hesablaşmaların aparılması dünyada geniş yayılmış maliyyə alətlərindən biridir: "Və bütün tərəflər üçün əlverişli şərtlər daxilində ticarət əməliyyatlarının həyata keçirilməsinə şərait yaradır. Satıcı bu zaman tam zəmanət əldə etmiş olur. Belə ki, çeklər bank təminatı ilə o vəsaitin satıcıya hansı vaxtda və gündə ödəniləcəyini bildirir. Bu, riskləri minimuma endirir. Alıcı da əlində nağd olmayan, lakin gələcəkdə onun hesabına oturacaq vəsaitlə alış-veriş etmiş olur".

"Bu, kreditlərdən istifadə ehtiyacını aşağı sala bilən və alternativ maliyyə kimi ticarətdə tətbiq olunan mexanizmdir. Eyni zamanda bu, dövriyyədə olmayan vəsaitlərin üzərində faktiki alış-verişlərin həyata keçirilməsi və beləliklə nağd pul tələbatının bir qisminin zəiflədilməsinə xidmət edən alətdir. Burada söhbət iqtisadi subyektlər arasında aparılan ticarət əməliyyatlarından gedir", - deyə o qeyd edib.

İqtisadçı bildirib ki, kommersiya banklarının hər birinin öz çekləri var: "Sahibkarlıq subyekti hansı bankda bank hesabı açırsa, həmin bankın çekindən istifadə edilir. Bu mexanizm bu gün Azərbaycanda tətbiq edilmir. İndi Mərkəzi Bank ölkədə bunun tətbiqi üçün şərait formalaşdıracaq. Bundan əlavə, çeklərlə hesablaşmaların aparılması bank xidmətlərinin sayının artmasına, bankların sadəcə faiz gəlirlərindən asılı olmasının azalmasına müsbət təsir göstərə bilər".

"Onsuz da Azərbaycanda maliyyəyə çıxış imkanları məhduddur, maliyyə bazarları inkişaf etməyib və maliyyə alətləri çox zəifdir. İndi çeklərlə hesablaşmaların aparılması bu istiqamətdə də irəliyə doğru müsbət addım kimi iqtisadiyyata töhfə verə bilər", - deyə o əlavə edib.

İqtisadçı, "Respublikaçı Alternativ" Partiyasının icra katibi Natiq Cəfərli isə Sputnik Azərbaycan-a deyib ki, çeklərlə hesablaşmaların aparılması geniş yayılmış bir təcrübədir: "Amma bunun riskləri də var. Risklərin idarəolunması çox vacibdir. Məsələn, 2001-2002-ci illərdə Türkiyədə yaşanan iqtisadi böhranın əsas səbəblərindən biri də arxasında heç bir vəsait durmayan çek əməliyyatları olub. Bu çeklərin birdən-birə dəyərdən düşməsi Türkiyədə çox ciddi iqtisadi böhrana səbəb oldu".

O bildirib ki, çeklərlə hesablaşmaların aparılması müsbətdir: "Lakin burada ciddi mexanizmlər yaradılmalıdır. Biri-biriləri ilə iri əməliyyatlar aparan şirkətlər nağd pul əvəzinə arxasında maliyyə vəsaiti duran çekləri təqdim edirlər. Həmin müəssisələr də çekləri nağdlaşdıra və yaxud da çek vasitəsilə ehtiyaclarını (avadanlığın, avtomobilin alınması və s.) ödəyə bilərlər.

Bunu elə tənzimləmək lazımdır ki, çeklərin arxasında maliyyə gücü dayansın. Əgər kommersiya şirkəti aldığı çeki nağdlaşdıra və yaxud digər maliyyə, pul əməliyyatlarında istifadə edə bilməyəcəksə, bu, sonradan dəyərdən düşə və maliyyə sektorunda ciddi gərginlik mənbəyinə çevrilə bilər".

"Bu məsələyə kompleks yanaşılmalı, ciddi nəzarət olmalı və arxasında maliyyə vəsaiti dura biləcək mexanizmlər işlənib hazırlanmalıdır. Bundan sonra ilkin mərhələdə məhdudiyyətlər qoymaqla bunu tətbiq etmək mümkündür. Məsələn, ilkin olaraq 10 min manata qədər, sonra 20 min manata qədər məhdudiyyət qoymaqla bu işə başlamaq olar. Ən azından bu çeklər vasitəsilə vergi ödənişlərinin həyata keçirilməsi imkanları yaradılmalıdır. Bu, daha çox biznes ilə məşğul olan fiziki şəxslər ilə hüquqi şəxslər arasındakı olan əməliyyatlara şamil ediləcək", - deyə iqtisadçı bildirib.

Əlaqədar

Ölkədən pullar gedib, amma gəlməyib: Bir milyard dollar kəsiri necə bağlayacağıq?!
Ev almaq istəyənlərə xoş xəbər: Qiymətlər daha da düşəcək
Məhkəmələr kredit borcları üzrə işlər ilə "yüklənib" - Çıxış yolu nədir?
Dünyanı xilas edəcək düşüncə tərzi: asılılıq yaradan amillər yox olur
"Deutsche Bank" xəbərdarlıq etdi: Dünyanı "xaos dövrü" gözləyir
Teqlər:
iqtisadiyyat, risk, mexanizm, mağaza, alver, şirkət, bank, çek

Əsas mövzular