21:45 09 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
215420

Ekspert: "Azərbaycanda istixanalara verilən qazın qiymətində güzəşt edilsə, Rusiya bazarında pomidor sektorunda bizimlə heç bir ölkə rəqabət apara bilməz"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 1 iyul — Sputnik. İstixana sahibləri mövsümün əvvəlində üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməyib və istifadə etdikləri təbii qazın dəyərinin müəyyən bir hissəsi istisna olmaqla əvvəlki illərdən qalan borclarını ödəməyiblər. Sputnik Azərbaycan "Azəriqaz"ın saytına istinadla xəbər verir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev iyun ayında istixana sahibləri ilə onlayn keçirilən görüşdə deyib.

O bildirib ki, hazırda təkcə Şəmkir rayonu üzrə istixanaların "Azəriqaz" İstehsalat Birliyinə 12 milyon 88 min manat borcu var: "Bu məbləğin 6 milyon 954 min manatı 2019-2020-ci il mövsümü üzrə istifadə olunmuş qaza görə yaranıb. Bakı şəhəri və Salyan rayonunda fəaliyyət göstərən istixana sahibləri ödənişi 83% yerinə yetiriblər. Şəmkir rayonunda isə bu göstərici kritik durumdadır və bu günə ödənişlər 56% təşkil edir".

Birlik rəhbəri istixana sahiblərinin borclarını ödəmədikləri halda növbəti isitmə mövsümündə onların istixanalarına təbii qazın verilməsində problemlərin yaranacağını da istisna etməyib.

Bəs istixana sahibləri borclarını ödəmədikləri halda istixanalara qazın verilməsində problemlər yaranarsa, həmin istixanaların taleyi necə olacaq? İstehsal azalsa, bu, pomidorun qiymətinə təsir edəcəkmi?

İqtisadçı-ekspert Mircavid Həsənov Sputnik Azərbaycan-a deyib ki, "Azəriqaz" satdığı qazın pulunu istəyir və qurumu anlamaq olar: "Amma fermerlər də bu il koronavirus pandemiyası ilə bağlı çox ziyan çəkdilər. Hazırda istixana sektoru borc üzərində qurulub. Belə ki, fermer gübrəni, toxumu və s. borca alır, məhsulunu satandan sonra o borcu qaytarmağa başlayır. Amma bu il fermerlər borcu qaytara bilmədilər, çünki pandemiya ilə bağlı məhsulları sata bilmədilər. Problem də buna görə yaranıb".

O bildirib ki, ölkəmizdə istixanalara verilən qazın qiymətində güzəşt edilməlidir:

"İstixana sektorunda bizim əsas rəqiblərimiz İran, Türkiyə və Türkmənistandır. Artıq Rusiya da bu sahədə rəqibimizə çevrilir, bu ölkədə kifayət qədər istixanalar tikilməyə başlayıb. Məsələn, Türkmənistanda istixanalara verilən qazın qiyməti ilə bağlı ciddi güzəştlər var. Azərbaycanda istehsal olunan pomidorun maya dəyəri ilə Türkmənistanda istehsal olunan pomidorun maya dəyəri arasında dəfələrlə fərq var. Bizim pomidor dadına görə seçilir, Rusiya bazarında bizim pomidora üstünlük verilir. Amma Türkmənistan ucuz qiymətə görə bizimlə rəqabət apara bilir. Azərbaycanda istixanalara verilən qazın qiymətində güzəşt edilsə, Rusiya bazarında pomidor sektorunda bizimlə heç bir ölkə rəqabət apara bilməz".

Ekspert bildirib ki, indi yenə pomidor satılsa, borcların qaytarılmasında problem olmayacaq: "Amma bu il pandemiya ilə bağlı fermerlər çox ziyan çəkiblər. İstixanalara verilən qazın hər kubmetrinə görə qiymət 20 qəpikdən 10 qəpiyə endirilsə, yaxşı olar. Qaz olmasa da istixanalar işləyə bilməz. Əgər karantin uzanarsa, bu sektorda vəziyyət bundan da pis olacaq. Pandemiya ilə bağlı Rusiyada da bazarlarda alıcılıq qabiliyyəti aşağı düşüb və bizim məhsul satılmır. Amma ümid edirəm ki, istixanaların qaz təchizatında güzəşt ediləcək. İstixanalar qeyri-neft sektorunun əsas sahələrindən biridir və pomidor ixracımız kifayət qədərdir. Əgər istehsal azalsa, pomidorun qiyməti qalxacaq".

Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli Sputnik Azərbaycan-a deyib ki, ölkədə istixanalar 3 min hektardan çoxdur və bunun təkcə min hektarı Şəmkir rayonunda yerləşir: "Şəmkir istixana təsərrüfatında liderdir. Bu 3 min hektarın 1500 hektarı innovasiyalar ilə təmin olunub, qalanları primitiv və ya orta səviyyəli istixanalardır. İstixanalar ölkəmizdə son illər ən sürətlə inkişaf edən kənd təsərrüfatı istiqamətidir. Xüsusilə Rusiya bazarı bu sahəni stimullaşdırır və perspektivlər var. İstehsalda fasiləsizlik var və istixanaların əhəmiyyəti dünyada gündən-günə artır. İqlim dəyişmələri də bu sahənin inkişafına təkan verir".

Onu da qeyd edək ki, "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev onlayn görüşdə bildirib ki, istixana sahibləri ilə mövsümün əvvəlində 2019-cu ilin noyabr ayında istər regionlarda, istərsə də Bakı şəhərində bir neçə dəfə görüş keçirilib: "Bundan başqa, ötən ay onlayn vətəndaş qəbuluna Şəmkir rayonundan olan istixana sahibləri də qoşulub. Bu görüşlər zamanı borclu sahibkarlara köməklik göstərilməsi, hətta məhsul əldə olunana qədər ödənişlərin aparılmasında vaxt baxımından müəyyən güzəştlərin edilməsi kimi məsələlər diqqətdə saxlanılıb".

Görüşdə sahibkarlar istixana təsərrüfatlarına verilən qazın qiyməti, qaz sərfiyyatına görə yaranmış borclarla bağlı güzəştlərin edilməsi və digər istiqamətlərdə fikirlərini səsləndiriblər. Onları maraqlandıran suallara elə yerindəcə operativ cavab verilib.

Əlaqədar

Təhlükəli xəbərdarlıq: Dünya sürətlə aclığa doğru gedir
Qırmızı ət uğrunda yaşıl mübarizə: sistem dəyişməsə, faydası olmayacaq
Qızıl qiymətinə olan delikates: Hamı yeyir dadlıdır deyir, biz əlindən dad çəkirik
Təbiət də tərs düşüb: Yayın gəlişi ilə fermerlərin qara günü başlayıb
Nə qışımız qış oldu, nə yayımız yaydır: Tələb çox, təklif az, qiymət də baha

Əsas mövzular