CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Qara qızılın" sarıya çevriləcəyi an: o vaxtadək ya okean gəmilərlə dolar, ya da...

© AP Photo / Eric GayНефтяная вышка, фото из архива
Нефтяная вышка, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
Professor: "Yaxın zamanda iri neft hasilatçıları məcbur olub bəzi neft yataqlarını konservasiya etməyə başlayacaq. Səudiyyə Ərəbistanı nefti gəmilərə dolduraraq dənizdə saxlayır"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 22 aprel — Sputnik. ABŞ-ın "Light" markalı neftinin qiyməti dünən tarixdə ilk dəfə olaraq mənfi qiymətə enib. Aprelin 9-da "OPEC+"un iclası keçirilsə də, gözlənilənlərin əksinə olaraq neftin qiyməti aşağı düşməyə başlayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, ABŞ Prezidenti Donald Tramp neftin qiymətinə münasibət bildirərək deyib ki, neftin hazırkı qiyməti "çox maraqlı"dır: "Bu qiymət ABŞ-ın "qara qızıl" ehtiyatlarını tamamilə doldurmağa imkan verəcək. Biz neftin rekord dərəcədə aşağı qiymətlərinə əsaslanaraq, milli ehtiyatlarımızı, strateji rezervlərimizi doldururuq və ehtiyatlarımıza 75 milyon barelə qədər əlavə etməyə ümid edirik. Və bu, uzun müddət ərzində ilk dəfə baş verəcək".

Qeyd edək ki, "Brent" markalı xam neftin qiyməti də 2002-ci ildən bəri minimum səviyyəyə enib. Neftin qiyməti cari ilin əvvəlində 70 dollar/barel, martın əvvəlində isə 50 dollar/bareldən çox olub.

Rusiya Prezidenti Vladimir Putin və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman - Sputnik Azərbaycan
RUSİYA
Neftin qiymətinə görə müəmmalı telefon danışığı - ultimatum olub?

Bəs, dünya neft bazarında nə baş verir və proseslər necə olacaq?

Xəzər Universitetinin professoru Fuat Rəsulov məsələni Sputnik Azərbaycan-a şərh edib.

O bildirib ki, koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən karantin rejimlərinə görə neftə tələbat azalıb və dünyada rezervuarlar dolub: "Yaxın zamanda iri neft hasilatçıları məcbur olub bəzi neft yataqlarını konservasiya (dondurmaq) etməyə başlayacaq. Səudiyyə Ərəbistanı nefti gəmilərə dolduraraq dənizdə saxlayır. Hasilatçılar məcburdurlar ki, hasilatı kəskin şəkildə azaltsınlar. Hasilatçılar anbarların və alıcıların yoxluğu səbəbindən öz yataqlarını dondurmağa məcburdur. Hasil olunan neftin 70-75 faizi yanacağa sərf olunur. Amma bu gün koronavirus pandemiyası səbəbindən təyyarələr uçmur, qatarlar işləmir, gəmilər üzmür, avtomobillərdən istifadə edənlər azalıb".

"Ən azı yarım il neftin qiymətləri 30 dollardan aşağı olacaq", - deyə professor vurğulayıb.

O bildirib ki, Azərbaycanda hasil olunan neftin həcmi Səudiyyə Ərəbistanına, Rusiyaya, ABŞ-a və Meksikaya görə çox azdır: "Neftimiz qismən ölkədə emal olunur. Satışa gedən neft isə Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə gedir və oradakı terminallarda yığılır. Azərbaycan hasilatı azaltmaq üçün öhdəlik götürüb. Transmilli şirkətlər də məcbur qalıb öz hasilatlarını azaltmağa başlayıb. Qiymətlər aşağı düşəndə neft hasilatının həcmini artırmaq lazımdır. Amma bu gün dünyada həm neft hasilatının həcmi azalır, həm də neftin qiymətləri aşağı düşür. Bizim xoşbəxtliyimiz ondadır ki, son illər Azərbaycan neftdən asılılığı azaltmaq, iqtisadiyyatın şaxələndirilməsi üçün çox böyük səylər göstərir".

Qazın qiymətinə də toxunan professor bildirib ki, əvvəllər neftin qiymətini qazın qiyməti ilə uyğunlaşdırmışdılar:

"Yəni neftin qiyməti qalxanda qazın da qiyməti qalxırdı. Neftin qiyməti düşəndə isə qazın da qiyməti düşürdü. Hazırda belə asılılıq yoxdur, çünki bu gün qaza tələbat kifayət qədər yüksəkdir. Təbii qazdan elektrik enerjisinin istehsalında, müəssisələrdə, evlərdə və s. istifadə edilir, yəni hələ ki, bazar var. Həmişə yayda qaza tələbat bir az aşağı düşür. Amma buna baxmayaraq qazın qiyməti ucuzlaşmayacaq, mövcud səviyyələrdə qalacaq".

Onu da bildirək ki, aprelin 12-də OPEC və qeyri-OPEC ölkələri nazirlərinin videokonfrans formatında keçirilən X iclasında gündəlik neft hasilatının azaldılması ilə bağlı "Əməkdaşlıq Bəyannamə"si təsdiqlənib. "Əməkdaşlıq Bəyannaməsi"nə edilmiş düzəlişə əsasən "OPEC plus" ölkələri üzrə gündəlik neft istehsalı ilə bağlı kvotalar may-iyun aylarında 9,7 mln. barel, iyulun 1-dən ilin sonuna kimi 7,7 mln. barel və 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinədək isə 5,8 mln barel həcmində qərarlaşıb. Azərbaycan üzərinə götürdüyü öhdəlikləri may ayından etibarən yerinə yetirməklə neft bazarının balanslaşdırılması prosesinə töhfəsini davam etdirəcək.

Xatırladaq ki, bundan öncə Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol deyib ki, neft bazarı 100 ildir yaşamadığı şoku yaşayır: "İlk dəfədir neft tələbatı inanılmaz dərəcədə azalıb. İstehsal isə çox sürətlə artır. Böyük həcmdə istifadə edilməmiş neft var və bu, qiymətə çox böyük təzyiq göstərir. Dünya neft sənayesinin dağılmaq təhlükəsi ilə üzləşməsi qlobal iqtisadiyyatdakı olduqca narahat tendensiyaya daha çox təsir edir. "OPEC+" üzrə hasilat sutkada 10 milyon barel azalsa belə, bu, problemi həll etməyəcək".

Xəbər lenti
0