03:45 05 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
115410

Alınmış mallara görə ödənilmiş ƏDV-ni istehlakçının portala müraciətinin daxil edildiyi tarixdən 30 gün müddətində bank geri qaytaracaq

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 1 aprel — Sputnik. "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası" Azərbaycan Prezidentinin 2020-ci il 21 mart tarixli fərmanı ilə təsdiq edilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu Qayda Vergi Məcəlləsinin 165.5-ci maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) qaytarılması qaydasını tənzimləyir. ƏDV-nin istehlakçıya qaytarılması bank kartına (və ya hesabına) köçürmə yolu ilə həyata keçiriləcək.

Vergi Məcəlləsinin 165.5-ci maddəsinin tətbiqinin əsas məqsədi istehlakçıları nağdsız ödənişlərə təşviq etməkdir.

ƏDV-nin bir hissəsinin qaytarılması mexanizmini iqtisadçı ekspert İsmayıl Bağırov Sputnik Azərbaycan-a şərh edib.

Ekspert bildirib ki, qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir: "Ödənilmiş ƏDV-nin müəyyən hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Dövlət başçısının 21 mart 2020-ci il tarixli fərmanı ilə təsdiq edilmiş ƏDV-nin qaytarılması qaydasına əsasən, fiziki şəxs olan istehlakçı ƏDV-nin qaytarılması prosesində iştirak etmək üçün alınmış malların dəyərini nağd və ya nağdsız qaydada ödəməklə satıcıdan mal alışını təsdiq edən Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələblərinə cavab verən və Vergilər Nazirliyinin elektron informasiya sisteminə qoşulmuş nəzarət-kassa aparatı çeki əldə etməlidir".

O bildirib ki, istehlakçı malların dəyərini nağdsız qaydada POS-terminal vasitəsilə ödədikdə və POS-terminal nəzarət-kassa aparatı ilə inteqrasiya olunmadıqda, istehlakçıya nəzarət-kassa aparatı çeki ilə yanaşı, POS-terminaldan çıxarış da verilməlidir: "Sonra isə istehlakçı şəxsiyyəti təsdiq edən sənədin FİN-i və ya mobil telefon nömrəsi vasitəsilə bu qaydalarla müəyyən olunmuş portal üzərindən qeydiyyatdan keçərək elektron kabinet yaratmalıdır.

Qeydiyyatdan keçdikdən sonra istehlakçının mobil telefonuna və ya elektron poçt ünvanına qeydiyyatın təsdiqi barədə məlumat göndərilir. İstehlakçı nəzarət-kassa aparatı çekini aldığı tarixdən 90 gündən gec olmayaraq ƏDV məbləğinin qaytarılması üçün portala müraciət edərək yaratdığı elektron kabinet vasitəsi ilə nəzarət-kassa aparatı çeki barədə məlumatları daxil etməlidir".

"İstehlakçının sistemə daxil etdiyi nəzarət-kassa aparatı çeki barədə məlumatların Vergilər Nazirliyinin məlumat bazasındakı məlumatlarla uyğunluğu yoxlanılaraq təsdiqləndiyi halda istehlakçıya alınmış mallara görə qaytarılmalı ƏDV məbləği, istehlakçının portala müraciətinin daxil edildiyi tarixdən 30 gün müddətində müvəkkil bank tərəfindən milli valyutada onun bank kartına (və ya hesabına) köçürmə yolu ilə həyata keçirilir. Portala daxil olan müraciət "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunun müddəalarına əsasən, çekin çap olunduğu tarixdən 14 gün sonra aktivləşir", - deyə ekspert qeyd edib.

O bildirib ki, qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin isə 10 faizini təşkil edir: "Məsələn, fiziki şəxs olan istehlakçı Azərbaycanda fəaliyyət göstərən ƏDV qeydiyyatında olan ticarət mağazasından ƏDV-li 11.800 manat (10.000 manat malın dəyəri, 1.800 manat isə ƏDV məbləği) dəyərində nağd qaydada mallar alıb və Vergilər Nazirliyinin həmin malların alışını təsdiq edən elektron informasiya sisteminə qoşulmuş nəzarət-kassa aparatı çeki əldə edib. Fiziki şəxs olan istehlakçı tərəfindən ödənilmiş ƏDV-nin ona qaytarılan məbləğini hesablayaq. Bu halda, dəyəri nağd qaydada ödənilmiş 11.800 manatlıq malın ƏDV-si olan 1.800 manata (11.800 x 18/118 = 1.800 manat) Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq, nağd dövriyyədən hesablanan ƏDV-yə 10 faizlik güzəşt faizini tətbiq etməklə fiziki şəxs olan istehlakçıya nağd dövriyyəyə görə geri qaytarılacaq ƏDV məbləği 180 manatdır (1.800 x 10% = 180 manat). Fiziki şəxs olan istehlakçının nəzarət-kassa aparatı çekini portala daxil etdiyi vaxtdan 30 gün müddətində 180 manat ƏDV məbləğini geri almaq hüququ var".

Ekspert nağdsız qayda ilə bağlı da bir misal çəkib: "Fiziki şəxs olan istehlakçı Azərbaycanda fəaliyyət göstərən ƏDV qeydiyyatında olan ticarət mağazasından ƏDV-li 11.800 manat (10.000 manat malın dəyəri, 1.800 manat isə ƏDV məbləği) dəyərində nağdsız qaydada mallar alıb və Vergilər Nazirliyinin həmin malların alışını təsdiq edən elektron informasiya sisteminə qoşulmuş nəzarət-kassa aparatı çeki əldə edib. Fiziki şəxs olan istehlakçı tərəfindən ödənilmiş ƏDV-nin ona qaytarılan məbləğini hesablayaq. Bu halda dəyəri nağdsız qaydada ödənilmiş 11.800 manatlıq malın ƏDV-si olan 1.800 manata (11.800 x 18/118 = 1.800 manat) Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq nağd dövriyyədən hesablanan ƏDV-yə 15 faizlik güzəşt faizini tətbiq etməklə fiziki şəxs olan istehlakçıya nağdsız dövriyyəyə görə geri qaytarılacaq ƏDV məbləği 270 manatdır (1.800 x 15% = 270 manat). Fiziki şəxs olan istehlakçının əldə etdiyi nəzarət-kassa aparatı çekini portala daxil etdiyi vaxtdan 30 gün müddətində 270 manat ƏDV məbləğini geri almaq hüququ var".

Qeyd edək ki, burada 100% - ƏDV nəzərə alınmadan malın qiyməti; 18% - ƏDV-nin məbləği; 118% - isə ƏDV nəzərə alınmaqla malın qiymətidir.

İstehlakçı əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdirsə, ƏDV bu Qaydaya əsasən, yalnız həmin şəxslərin milli valyutada bank kartı (və ya hesabı) olduqda qaytarılacaq. Alınmış mallara görə ödənilmiş ƏDV-ni istehlakçının portala müraciətinin daxil edildiyi tarixdən 30 gün müddətində müvəkkil bank qaytaracaq. ƏDV-nin qaytarılması prosesində iştirak etmək istəyən istehlakçı şəxsiyyəti təsdiq edən sənədin FİN-i və ya mobil telefon nömrəsi vasitəsilə portal üzərindən qeydiyyatdan keçəcək. Qeydiyyat zamanı istehlakçı üçün elektron kabinet yaradılacaq. İstehlakçının mobil telefonuna və ya elektron poçt ünvanına qeydiyyatın təsdiqi barədə məlumat göndəriləcək.

Bu Qaydanın məqsədləri üçün ƏDV-nin qaytarılmasını operator təşkil edəcək. Operator bu Qaydaya uyğun olaraq ƏDV-nin qaytarılması işlərini təşkil edəcək və portalı idarə edəcək.

Onu da bildirək ki, istehlakçı alınmış mallara görə bu Qaydaya əsasən ona ƏDV qaytarıldıqdan sonra malın qaytarılması və ya dəyişdirilməsi ilə bağlı "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanuna uyğun olaraq satıcıya müraciət edə biləcək. Satıcı istehlakçıdan malın alışı zamanı əldə edilmiş nəzarət-kassa aparatı çekini tələb edəcək və həmin nəzarət-kassa aparatı çekinə əsasən istehlakçıya ƏDV-nin qaytarılması portalda yoxlanılacaq.

Satıcı ona təqdim olunan nəzarət-kassa aparatının çekinə əsasən ƏDV-nin qaytarıldığını müəyyən etdiyi təqdirdə, nəzarət-kassa aparatı çekinə əsasən istehlakçının ödədiyi malın dəyərindən istehlakçıya bu Qaydaya əsasən qaytarılmış ƏDV məbləğini çıxmaqla, pulu istehlakçıya geri qaytaracaq. Satıcı ona təqdim olunan nəzarət-kassa aparatı çekinə əsasən ƏDV-nin qaytarılmasını müəyyən etmədiyi təqdirdə, nəzarət-kassa aparatı çekinə əsasən istehlakçının ödədiyi malın dəyərini tam məbləğdə istehlakçıya geri qaytaracaq.

Əlaqədar

Daha qənaətə öyrəndik, limiti qaldırmaq olar
Prezidentdən pandemiyadan zərər çəkənlərə mühüm mesaj
Birilərinin "hava udmaq" istəyinin güdazına gedənlər: dövlət onlar üçün paket hazırlayır
Bu təkliflər keçsə, hər kəsə yardım olunacaq
Bir gün yeməsək, marketdən uzaq dursaq, okeana bərpa olmaq şansı verərdik

Əsas mövzular