İlham Mustafayev, Sputnik Azərbaycan
BAKI, 25 mart — Sputnik. Qazax rayon Ağköynək kənd sakini Siyavuş Eminov şəxsi təsərrüfatında dekorativ ev quşları saxlayır. Bunlar arasında vətəni Hindistan olan Brahma toyuqları gözəlliyi və gəlirliliyi ilə seçilir. Ekzotik görünüşü - kiçik saqqalı, tüklü ayaqları, istiyə və soyuğa davamlı olması ona qarşı marağı artırır. Brahma toyuqları ətlik cins olsa da, sonradan gözəl görünüşünə və sakit davranışına görə həvəskarlar tərəfindən bəzək quşu kimi saxlanılmağa başlanıb.
Eyni zamanda bu quşlar iqtisadi baxımdan da əlverişli hesab olunur. Sputnik Azərbaycan-a danışan S.Eminov toyuq təsərrüfatını elə maraqdan yaratdığını söyləyir: "Üç il əvvəl görünüşünə görə maraqlı gəldi, beş-altı toyuq alıb həyətə buraxdım. Sonradan həvəsim artdı, başladım əlavə növlər əldə etməyə. Tələbat artıb, istəyənlər çoxaldıqca təsərrüfata çevirdim. Hazırda həm yumurtası, həm də diri satışı ilə gəlir əldə edirəm".
S.Eminov Brahma toyuqlarının hazırda 5 növünü saxladığını, onların hər birinin rənginə, quruluşuna görə qiymətlərinin dəyişdiyini deyir.
"Hazırda məndə qara, qızılı, boz, ağ və qara mərmər növləri var. Sonuncu, "Black Motley Brahma" (Qara mərmər Brahma) adlanan növ Azərbaycanda, demək olar ki, yoxdur. Bu səbəbdən onların qiyməti daha bahadır. Onun bir dənəsini əldə etmək özümə 180 manata başa gəldi", - deyən təsərrüfat sahibi toyuqların cinsləri qarışmasın deyə hər bir növü ayrı-ayrılıqda bəsləməyi üstün tutur.
Qiymətlərinə gəlincə, xırdabuynuzlu heyvanın dəyərindən elə də fərqlənmir. Belə ki, ən ucuzu 30 manata başa gələn Brahma toyuqlarının bahası 180-200 manat aralığında satılır. Yumurtası isə 1 ədəd üçün 3-15 manat aralığında dəyişir. Yumurtaların ən bahalısı da çətin tapıldığına görə "Black Motley Brahma" növündə müşahidə edilir.
Təsərrüfat sahibi bu cins toyuqların əsasən ətlik olduğunu, hər birinin çəkisinin 3-5 kq arasında dəyişdiyini bildirir. Yeminə gəlincə isə yerli toyuqlardan daha az qida qəbul etdiyini və bəslənməsinin daha asan başa gəldiyini deyir. Onun sözlərinə görə, məhsullarını bazara çıxarmağa ehtiyac duymur. Azərbaycanın hər yerindən olan alıcılar internet üzərindən soraqlayıb taparaq istədikləri məhsulu alırlar.