20:08 03 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
108110

Millət vəkili Vahid Əhmədov qeyd edir ki, təkliflərdə kreditlərə güzəştlərlə yanaşı digər vacib məsələlər də yer alıb

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan.

BAKI, 19 mart — Sputnik. Gürcüstandakı bəzi iri kommersiya bankları müştərilərinə kreditlərin ödənilməsi üçün verilən vaxtı uzadacağını açıqlayıb. Bankların qərarı koronavirusun yayıldığı bir dövrdə mümkün riskləri azaltmaq məqsədi ilə qəbul edilib. 

Bildirilib ki, banklara borcu olanların ödənişlərini yerinə yetirməsi üçün əlavə 3 ay vaxt veriləcək.

Bu günlərdə Milli Məclisin plenar iclasında deputat Naqif Həmzəyev də buna bənzər təkliflə çıxış edib. O, deyib ki, vətəndaşların böyük əksəriyyəti toy məclislərini həyata keçirmək üçün kredit götürüblər: “Buna görə də, onlar banklara borcludur. Belə görünür ki, onlar mart və aprel ayında toy mərasimi etməyəcəklər. Mümkündürsə, banklara müraciət edək ki, gecikmələrə görə banklar cərimə tətbiq etməsinlər”.

Sputnik Azərbaycan bankların kreditlərə görə hansısa formada güzəştlər tətbiq etməsinin mümkünlüyünü araşdırıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov Sputnik Azərbaycan-açıqlamasında bildirib ki, artıq Milli Məclisdə bununla bağlı təkliflər hazırlanır: “Bu məsələ bizim diqqətimizdədir. Biz koronavirusun yayılması ilə əlaqədar bir sıra sahələrdə işləyən insanların öz gəlirlərindən məhrum olduğu, gəlirlərinin azaldığı üçün onların kredit ödənişlərinə güzəştlər edilməsi barədə hökumətə təkliflər hazırlamışıq. Bu təkliflərin içərisində bir sıra əhəmiyyətli məsələlər də öz əksini tapıb. Təkliflərə yenidən baxdıqdan sonra yaxın günlərdə hökumətə təqdim edəcəyik”.

V. Əhmədov təkliflərin nələrdən ibarət olduğu barədə ictimaiyyətə indidən açıqlama verməyin düzgün olmadığını söyləyibi. Deputat bildirib ki, hökumətin bu təkliflərə, həmçinin bankların kredit ödənişlərinə müəyyən güzəştlər etməsinə müsbət cavab verəcəyi gözləniləndir.     

Deputat Vüqar Bayramov isə deyib ki, Nazirlər Kabineti koronavirusun iqtisadiyyata təsirlərinin minimumlaşdırılması məqsədilə sahibkarlara dəstək üçün təkliflər hazırladığını bəyan edib. Bu baxımdan, məhdudlaşdırıcı tədbirlərin sahibkarlara və eləcə də vətəndaşlara iqtisadi təsirlərini minimumlaşdırılması üçün bu tədbirlərin də paketə daxil olunması məqsədəuyğun olar: 

“Həm sahibkarlar, həm də vətəndaşlar üçün kredit ödənişlərdə güzəştin verilməsi məqsədəuyğundur. Doğrudur 2 bank istisna olmaqla digər banklar özəl qurumlardır. Amma Mərkəzi Bank tərəfindən banklara belə tövsiyə xarakterli müraciət edilə bilər. Bizə olan müraciətlərdə də bəzi vətəndaşlarımız koronavirus səbəbindən gəlirinin azaldığını və kredit ödəməkdə çətinlik çəkdiyini bildirirlər. Məsələn, Almaniyadan avtomobil idxal etməklə gəlir əldə edən vətəndaşımız artıq maşın satışı ilə məşğul ola bilmir, amma onun ipoteka kredit borcu var. Və borcunu ödəməkdə çətinlik çəkir. Bu baxımdan, kommersiya bankları tərəfindən növbəti 3 ay müddətində kredit ödənişlərində zaman güzəştinin verilməsi və yubanmalara görə cərimə və  peniyaların hesablanmasının dayandırılması məqsədəuyğundur. Koronavirus ilə qlobal mübarizənin nəticəsindən asılı olaraq bu müddətə yenidən baxıla bilər. Sahibkarların, xüsusən də rayonlarda çalışan iş adamlarının güzəştli kreditlərə çıxış imkanlarının artırılmasına ehtiyac var. Xüsusən rayonlarda çalışan sahibkarların girov təklif edərək güzəştli kreditdən yararlanmaqda çətinlikləri var. Banklar girov üçün paytaxtdan əmlak tələb etdikləri üçün onların bir sıra hallarda bu imkandan faydalanmaqda çətinlikləri olur. Bu baxımdan girov mexanizminin təkmilləşdirilməsinə və xüsusən də rayonlarda yaşayan sahibkarlarımız üçün daha güzəştli sistemin formalaşdırılmasına ehtiyac var”.

Əsas mövzular