16:26 19 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8828
Transformator, arxiv şəkli

Büdcəmiz pul qazanacaq, amma özümüz təhlükədə olacağıq

© TREND
İQTİSADİYYAT
Qısa URL
679 0 0

"Paylayıcı şəbəkələrin özəlləşdirilməsi, uzun müddətli icarəyə verilməsi kifayət qədər normal bir addımdır. Bu, dövlət büdcəsinin yükünü azaldacaq, xidmətin keyfiyyətini yüksəldəcək və ölkəyə yeni növ investisiyaların cəlb olunmasına şərait yaradacaq"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 23 oktyabr — Sputnik. Azərbaycan hökuməti "Azərenerji" ASC-nin tabeliyində olan elektrik stansiyalarının özəlləşdirilməsinə hazırlaşır. Bu barədə "Report"a qurumdakı mənbə bildirib. Onun sözlərinə görə, bununla bağlı hökumətlə "Azərenerji" arasındakı danışıqlar yekunlaşmaq üzrədir: "Mingəçevirdəki "Azərbaycan" İES istisna olmaqla bütün stansiyalar mərhələli şəkildə özəlləşdirməyə çıxarılacaq. Adı çəkilən stansiya ölkənin elektrik enerjisinə olan tələbatının 30%-ni ödəyir və strateji əhəmiyyət daşıyır. Buna görə də onun özəlləşdirilməsinə razı ola bilməzdik. Hökumətlə müzakirələrdə bu istəyimiz nəzərə alındı. Digər stansiyaların özəlləşdirilməsi prosesinin 5-10 il ərzində yekunlaşacağını güman edirik".

“Şimal-2” elektrik stansiyası
© Official website of President of Azerbaijan Republic

Elektrik stansiyalarının özəlləşdirilməsi ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, bir neçə ildir bunula bağlı müzakirələr aparılır: "Paylayıcı şəbəkələrin özəlləşdirilməsi və yaxud da uzun müddətli icarəyə verilməsi məqbuldur, hətta lazımdır. Çünki paylayıcı şəbəkələrin özəlləşdirilməsi və yaxud da uzun müddətli icarəyə verilməsi dövlət büdcəsi üzərində olan yükün xeyli dərəcədə azalmasına səbəb olacaq. Bu addım xidmətin keyfiyyətinin artmasına dair əhali ilə paylayıcı şirkətlər arasında müqavilə öhdəliklərinin normal yerinə yetirilməsi ilə bağlı məsələləri də həll edəcək".

O bildirib ki, indi tipik müqavilələrdir: "Paylayıcı şirkətlər dövlət inhisarçı şirkətləridir. İstər elektrik enerjisi olsun, istər qaz, istər su olsun. Tipik müqavilələrlə məsuliyyət hər bir halda əhalinin üzərindədir, yəni istənilən halda əhalinin üzərinə məsuliyyət düşür. Məsələn, qaz, işıq və su kəsintisi olanda paylayıcı şirkətin heç bir məsuliyyəti olmur. Bununla özəl şirkətlər məşğul olanda artıq müqavilələr başqa cür bağlanacaq və bu müqavilə öhdəlikləri paylayıcı şirkətlərin səhvi ucbatından kəsintilər olanda vətəndaşlara kompensasiya almağa imkanlar yaradacaq".

Onun sözlərinə görə, burada yeganə iki məsələ önəmlidir: "Birincisi, istehsalçı şirkətlər dövlətin əlində qalmalıdır. Çünki bu, təhlükəsizlik məsələsidir və enerji təhlükəsizliyi, işıq, su və qazla təminat məsələsi dövlətin prioritet sahələridir. Amma paylayıcı şirkətlər ilə müqavilələr bağlanarkən qiymətlərin tənzimlənməsi üçün dövlətin əlində mexanizmlər olmalıdır. Belə bir vəziyyət yaranmamalıdır ki, özəl şirkət hər hansı bir paylayıcı şəbəkəni uzun müddət icarəyə götürür və ya özəlləşdirmədə tenderi udur amma sonra qiymətləri kəskin qaldırır. Bu, əhalinin bir başa cibinə ziyan vura bilər. Belə bir halın aradan qalxması üçün öncədən şərtlər müəyyən edilməli və dövlətin qiymətin tənzimlənməsində müxtəlif yollarla iştirak payı aydın şəkildə bəlli olmalıdır ki, gələcəkdə qiymətlərdə kəskin bahalaşma olmasın".

Ekspertin fikrincə, istehsal sahəsi və nəzarət mexanizmləri dövlətin əlində olacaqsa, təhlükəsizlik ilə bağlı ciddi məsələlər olmayacaq: "Amma istehsal mütləq dövlətin əlində olmalıdır. Əgər enerji istehsalı və yaxud da suyun, qazın istehsalı ilə bağlı özəl şirkətlərin müdaxiləsi ilə qarşı-qarşıya qalsaq, o zaman təhlükəsizliyə dair müəyyən problemlər yaşana bilər. Amma sırf paylayıcı qurumlar kimi özəl şirkətlərin iştirakında təhlükəsizliklə bağlı ciddi problemin olacağını düşünmürəm".

"Amma ümumilikdə paylayıcı şəbəkələrin özəlləşdirilməsi, uzun müddətli icarəyə verilməsi kifayət qədər normal bir addımdır. Bu, dövlət büdcəsinin yükünü azaldacaq, xidmətin keyfiyyətini yüksəldəcək və ölkəyə yeni növ investisiyaların cəlb olunmasına şərait yaradacaq"-deyə o qeyd edib.

Qeyd edək ki, Energetika naziri Pərviz Şahbazov jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycanda elektrik enerji bazarının liberallaşması prosesi mərhələli olaraq həyata keçiriləcək: "Nazirlik rəqabətə əsaslanan, liberal enerji bazarının yaranması üzrə işlər aparır. Artıq beynəlxalq ekspertləri cəlb etməklə bu istiqamət üzrə ilk təkliflər hazırlanıb və hökumətə təqdim olunub. Bu özü özlüyündə mürəkkəb bir prosesdir. Bizim yanaşmamız, mərhələli yanaşmadır. Hazırda biz enerji təhlükəsizliyimizi təmin etmişik, ona görə də, hansısa bir tələsik qərarların verilməsinə ehtiyac yoxdur. Biz bunu düşünülmüş şəkildə həyata keçiririk".

Nazir bildirib ki, enerji sahəsinin inkişafına dair böyük həcmdə işlər aparılır: "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında", "Bərpa olunan enerjidən istifadə haqqında" qanun layihələri hazırlanıb və hökumət tərəfindən baxılmaqdadır. Yaxın dövrdə bu qanunların həyata keçirilməsini gözləyirik. Bu da, sözsüz ki, elektroenergetika sahəsində köklü islahatların aparılması deməkdir". Nazir onu da vurğulayıb ki, hazırda ölkədə energetika sahəsinin inkişaf strategiyasının hazırlanması üzərində iş aparılır.

Əsas mövzular