Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 29 avqust — Sputnik. "Cırılmış, yararsız pulların kommersiya banklarına, Mərkəzi Banka təqdim edilməsi hüquqi baxımdan mümkündür. Amma əksər hallarda praktikada müşahidə edirik ki, kommersiya bankları bu prosesin iştirakçıları olmaq istəmirlər".
Bunu iqtisadçı-ekspert Rəşad Həsənov cırılmış, yararsız pulların dəyişdirilməsindən danışarkən Sputnik Azərbaycan-a deyib.
O bildirib ki, bir sıra hallarda kommersiya bankları vətəndaşlar tərəfindən təqdim olunmuş köhnəlmiş, yararsız əsginasları qəbul etmirlər: "Amma qanunvericiliyə uyğun olaraq Mərkəzi Bank bu əsginasların dəyişdirilməsi, yəni qəbul edilməsi və əvəzləşdirilməsi ilə bağlı birbaşa məsuliyyət daşıyan tərəfdir. Vətəndaşlar bu imkanlardan yararlana bilərlər".
Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov isə Sputnik Azərbaycan-a deyib ki, hazırda "Bank sistemində pulların ekspertizasının təşkili və aparılması Qaydaları" mövcuddur və bu qaydalar 2005-ci ildə təsdiq edilib: "Bu qaydalarda tədavülə yararlı, yararsız pullar məsələsi öz əksini tapıb. Yəni banklar hansı hallarda pulu qəbul etməli və ya qəbul etməməli, hansı hallarda qəbul edib Mərkəzi Banka ekspertizaya göndərməlidirlər".
Ekspert bildirib ki, cırılmış pulu kommersiya bankına vermək olar: "Qaydalara görə, banklar məhdudiyyət qoyulmadan tədavülə yararlı, tədavülə yararsız və həqiqiliyi şübhə doğurmayan (saxta olmayan), bütöv bir hissədən ibarət səthinin 60%-dən az olmayan hissəsini saxlamış milli pul nişanlarını qəbul etməli və dəyişdirməlidir. Əgər kommersiya bankında şübhələr yaranırsa, yəni müəyyən edə bilmirsə, onu Mərkəzi Bankın ekspertizasına göndərə bilər. Banklar yararsız pulları Mərkəzi Banka göndərirlər. Sonra bu pullar məhv edilir".
Onun sözlərinə görə, vətəndaş cırılmış, yararsız pula görə birbaşa Mərkəzi Banka da gedə bilər: "Qaydalara görə, Milli Bank tədavülə yararlı, tədavülə yararsız və həqiqiliyi şübhə doğurmayan (saxta olmayan), bütöv bir hissədən ibarət səthinin 60%-dən az olmayan hissəsini və ya eyni əsginasa məxsus hissələrdən ibarət olan səthinin 100%-ni saxlamış milli pul nişanlarını qəbul edir və dəyişdirir. Hissələrin eyni əsginasa məxsus olması yalnız Milli Bank tərəfindən müəyyən edilir".
Qeyd edək ki, pulların ekspertizası xüsusi avadanlıq və vasitələrdən istifadə etməklə pul nişanlarının səthinin, qüsurlu, saxtakarlıq əlamətlərinin və saxta olub-olmamasının müəyyən edilməsidir.
Onu da qeyd edək ki, Mərkəzi Bank "Tədavülə yararsız milli pul nişanlarının əlamətlərinin müəyyən edilməsi, dəyişdirilməsi və pulların ekspertizası Qaydaları"nı hazırlayıb. "Report"un məlumatına görə, qaydalar hazırda ölkənin maliyyə sektorunun təmsilçiləri və müstəqil ekspertlərlə müzakirə olunur. Yeni qaydalar saxta və həqiqi pulun fərqi, əsginasın yararlı olub-olmaması kimi məsələləri əhatə edir. Həmçinin yeni qaydalarda hansı həddə qədər yararsız olan pulların dəyişdirilməsi, yaxud əvəzinin ödənilməsi məsələsi öz əksini tapacaq.