17:19 19 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
Ərzaq dükanı - supermarket, arxiv şəkli

Əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri niyə bahalaşıb?

CC0 / Heamer / market
İQTİSADİYYAT
Qısa URL
2165 0 0

Ekspert: "Xüsusilə 2016-2017-ci illərlə müqayisədə hazırda bazarda qiymətlərdə tarazlaşma müşahidə olunur"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 26 iyun — Sputnik. 2019-cu ilin yanvar-may aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,4 faiz bahalaşıb. Ayrıca götürüləndə, bu ilin may ayında aprel ayına nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,1 faiz bahalaşıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Ekspertlər əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərinin bahalaşmasını Sputnik Azərbaycan-a şərh ediblər.

İqtisadçı-ekspert Rəşad Həsənov deyib ki, bu proses təbii olaraq getməkdədir: "Məsələn, 4 ayda idxalın həcmində 50 faiz artım olub, real artım səviyyəsi 20 faiz təşkil edib. İdxal olunan məhsulların əksəriyyətinin qiymətlərində artımlar baş verir, yəni dünya bazarlarında qiymətlər artır. Bu isə son nəticədə idxal inflyasiyasını ölkəyə daşıyır. Xidmətləri təklif edən tərəfin özü istehlakçıdır. Xidmətləri təklif edən ortaya çıxan xərcləri kompensasiya etmək üçün müəyyən qədər öz xidmətlərini daha baha qiymətə satmalıdır".

Onun sözlərinə görə, burada kəskin inflyasiya, kəskin artımdan söhbət getmir: "Tələb və təklif arasında baş verən dəyişikliklər prosesə təsir göstərir. 2019-cu ildə Mərkəzi Bank tərəfindən həyata keçirilən monetar siyasət 2018-ci illə müqayisədə yumşaldılıb, eyni zamanda, fiskal siyasətdə də yumşalmalar var. Çünki büdcə xərcləmələri daha artıq nəzərdə tutulub və bu mənbə hesabına dövriyyəyə daxil olan vəsaitlərin həcmi artır. Bu isə öz növbəsində istehlak formalaşdırır. Bu istehlak kontekstində xidmətlərin qiymətlərində artımın baş verməsi başa düşüləndir. Tələb və təklif arasında bazarda qiymətin optimallaşdırılması prosesi gedir".

O bildirib ki, bu səviyyə riskli səviyyə deyil: "Xüsusilə 2016-2017-ci illərlə müqayisədə hazırda bazarda qiymətlərdə müəyyən qədər tarazlaşma müşahidə olunur. Prosesə təsir göstərən digər bir faktor 2019-cu ilin əvvəlindən etibarən Vergi Məcəlləsinə edilən dəyişikliklərin tətbiq edilməsi və gizli iqtisadiyyatla daha effektiv mübarizə aparılmasıdır. Çünki bunlar özü də əlavə xərc mənbəyinə çevrilir və bu, son nəticədə göstərilən xidmətlərin qiymətlərində öz əksini tapır".

Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov isə deyib ki, 2018-ci ilin sonunda Vergi Məcəlləsinə edilən dəyişikliklərin əsas məqsədi kölgə iqtisadiyyatı ilə mübarizədir, yəni gəlirlərin gizlədilməsi və vergidən yayınmanın qarşısının alınmasıdır: "Bu dəyişikliklərin tətbiqi öz nəticəsini verməyə başlayıb. Məsələn, əvvəllər bərbər göstərdiyi fəaliyyətinə görə vergi ödəmirdi və yaxud da çox az vergi ödəyirdi, yəni gəlirlərini gizlədirdi. İndi onların fəaliyyəti tənzimlənir və vergisi bir az artıb. Ona görə də bəziləri xidmət haqqını qaldırır. Amma hesab edirəm ki, bu ilin 5 ayında əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərinin 3,4 faiz bahalaşması böyük göstərici deyil".

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin may ayında aprel ayına nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən mənzillərin icarə haqqı, paltarların təmiri, təmizlənməsi və kirayəsi, məişət cihazlarının təmiri, stomatoloji, bərbərxana və kosmetoloji xidmətlərin, otel və mehmanxanalar tərəfindən göstərilən gecələmə xidmətlərinin, dəmir yolu və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətləri bahalaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Əlaqədar

Neftimiz bahalaşmaqda davam edir
Hökumətdən bahalaşan məhsullarla bağlı kritik açıqlama gəldi
Azərbaycanda bazarda bahalaşmaya səbəb olan amillər açıqlandı
Dollar bahalaşmayıb, manat isə ucuzlaşıb

Əsas mövzular