12:14 21 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
Balıqlar

Sahibkar üçün yeni fürsət - Balığı ver balıqçıya

© Sputnik / Murad Orujov
İQTİSADİYYAT
Qısa URL
4847 0 0

"Balıqartırma zavodlarının özəlləşdirilməsi yerli istehsalın artmasına stimul yarada bilər"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 13 may — Sputnik. "Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan bütün balıqartırma zavodları özəlləşdirməyə açıq elan olunacaq. Artıq bununla bağlı Nazirlər Kabineti və Əmlak Məsələləri Dövlət Komitəsi ilə lazım olan yazışmalar aparılır".

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova açıqlama verib. Onun sözlərinə görə, bu məsələ ilə bağlı maraqlı təklifləri, biznes planları olanlar Nazirliyə müraciət edə bilərlər.

Ekspertlər balıqartırma zavodlarının özəlləşdirməyə çıxarılmasını Sputnik Azərbaycan-a şərh ediblər.

İqtisadçı-ekspert Vüqar Bayramov deyib ki, dövlət mülkiyyətində olan müəssisələrin mərhələli şəkildə özəlləşdirilməsi müsbət haldır: "Çünki bütün hallarda özəl kapitalın cəlb edilməsi və özəl kapital hesabına həm iqtisadiyyatın liberallaşdırılması, həm də həmin sektorların inkişafı daha realdır. O baxımdan balıqartırma zavodlarının özəlləşdirilməsinə ehtiyac var idi. Xüsusilə son illər ölkəmizdə balıq məhsullarına tələbatın artması müşahidə edilir. Azərbaycan həm balıq idxal edən, həm də ixrac edən ölkələrdəndir".

Mütəxəssis bildirib ki, rəsmi statistikaya görə, 2018-ci ildə Azərbaycan 9 min 880 ton balıq idxal edib: "Balıq idxalına 15 milyon 569 min dollar vəsait sərf olunub. Statistika göstərir ki, Azərbaycan balıq idxal etməkdə davam edir və balığa olan tələbatın bir hissəsi məhz idxal hesabına ödənilir. Ölkəmiz təzə balıq ilə yanaşı, balıq konservləri də idxal edir. Rəsmi statistikaya görə, ötən il Azərbaycan 5 min 925 ton balıq konservləri idxal edib. Bu da o deməkdir ki, təxminən, 16 milyon dollara yaxın vəsait ət və balıq konservlərinin idxalına sərf edilib".

"Azərbaycan, eyni zamanda balıq ixrac edən ölkədir. Ölkəmizin balıq ixracı nisbətən azdır və daha çox kürü məhsullarının ixracı həyata keçirilir. Amma idxalımız daha çoxdur. Rəsmi statistikaya əsaslansaq, biz daha çox idxal edirik. Bu da daxili tələbatın yüksək olması ilə bağlıdır. Hər il Azərbaycan, təxminən 30 milyon dollardan çox vəsaiti balıq və balıq konservlərinin idxalına sərf edir. Əslində, idxal böyükdür. Bu baxımdan yerli müəssisələrin inkişaf etdirilməsinə və idxaldan asılılığın aradan qaldırılmasına ehtiyac var" - ekspert qeyd edib.

Bayramovun fikrincə, balıqartırma zavodlarının özəlləşdirilməsi yerli istehsalın artmasına stimul yarada bilər: "Özəlləşdirmə rəqabətin gücləndirilməsinə dəstək ola bilər. Balıq sənayesində ən ciddi problemlərdən biri rəqabətin zəif olmasıdır. Rəqabətin zəif olması nəticədə yerli istehsala və qiymətə təsir göstərir. Praktiki olaraq qiymətlərin yüksək olduğunu qeyd etmək lazımdır. O baxımdan rəqabətin gücləndirilməsi, özəl müəssisələrin sayının artması daxili bazarda qiymətlərin optimallaşdırılmasına və müəyyən qədər ucuzlaşmasına gətirib çıxarır. Balıqartırma zavodlarının özəlləşdirilməsi məqsədəuyğundur".

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli
Kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli isə deyib ki, balıqartırma zavodları özəlləşdiriləcəksə, bu sahəni bilən kadrlar hazırlanmalıdır: "Yəni kadr təminatı olmalıdır. Kənd təsərrüfatında problemlərdən biri kadr təminatıdır. Bu gün sahibkarlar istixanalar, taxılçılıq təsərrüfatları və s. üçün xaricdən kadr gətirir. Bu sahədə risklər təhlil olunmalıdır".

"Hazırda Azərbaycanda kifayət qədər nohur balıqçılığı (akvakultura) var. Satışda olan balıq məhsullarının 90 faizi nohur balıqçılığı təsərrüfatlarından gəlir. Nohur balıqçılığının gələcəyi var, iqtisadi baxımdan çox sərfəlidir və rentabelli sahədir" - deyə mütəxəssis bildirib.

Nəsirlinin fikrincə, əhalinin tələbatını şaxələndirmək lazımdır: "Bu gün əhali tələbatını bütünlüklə qırmızı ətin üzərinə qurub. Şaxələndirmə apara bilsək, idxaldan asılılığımız azalar, ümumi tələbatdakı gərginlik də aşağı düşər".

"Balığçılığı inkişaf etdirməliyik ki, insanlar tələbatını müəyyən qədər buraya yönəltsinlər. Məsələn, dünyada dovşan ətinə çox böyük maraq var, bizdə isə buna maraq çox aşağıdır. Ənənəvi kənd təsərrüfatı ölkəsi olsaq da, camışçılıq məhsulları demək olar ki, yer tutmur, keçi məhsulları isə çox cüzidir" - o vurğulayıb.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev də bu istiqamətdə fikirlər səsləndirib. O bildirib ki, Azərbaycanda balıqçılığın inkişafı üçün potensial var: "Balıqartırma zavodlarının özəlləşdirməyə açıq elan olunmasında məqsəd ölkədə balıq bolluğu yaratmaqdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi olaraq, biz maraqlıyıq ki, hər kəsin süfrəsində insan sağlamlığı üçün çox önəmli qida olan balıq olsun. Sahibkarlar bu zavodları özəlləşdirməklə müasir standartlara uyğun balıq sənayesinin qurulmasına öz töhfələrini verəcəklər".

Əlaqədar

Dəniz məhsulları sevənlərə xəbərdarlıq: Elə balıq növləri var ki, yeyilən kimi öldürür
Ötən illə müqayisədə balıq ovunun sayı artıb
Balıq ovu kəskin azaldıldı, qadağa qoyuldu
Neftçalada 10 min manatlıq balıq oğurlanıb
Balıq həvəsi Lənkəran sakininə baha başa gəldi
Teqlər:
Vüqar Bayramov, mütəxəssis, ekspert, ixrac, idxal, ETSN, özəlləşmə, zavod, balıq

Əsas mövzular