Nigar Məhərrəm, Sputnik Azərbaycan
BAKI, 12 fevral — Sputnik. "Azərbaycanda müflis olmuş banklarla bağlı əsas problem sığortalanmayan əmanətlərin qaytarılmaması məsələsidir. Artıq bir neçə ildir ki, bu problemlər hələ də həllini tapmır".
Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında iqtisadçı-alim Vüqar Bayramov deyib. O, bankların müflisləşməsinin qarşısının alınması üçün təklif səsləndirib: "Yaxşı olardı ki, 2016-cı ildə bankların müflisləşməsi prosesi cari ildə müşahidə edilməsin. Bu səbəbdən hazırda Maliyyə Bazarlarına Nəzarət Palatası çalışır ki, bankların müflisləşməsini deyil, birləşdirilməsini həyata keçirsin".
V.Bayramov aparılan qiymətləndirmənin nəticələrindən danışıb: "Aparılan qiymətləndirmə onu göstərir ki, sektorda hələ də zəif banklar var. Bizim qiymətləndirməmizə görə, bu gün belə bankların sayı dörddür. Maliyyə Bazarlarına Nəzarət Palatası bu bankların birləşdirilməsinə çalışmalıdır".