16:06 09 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
324 0 0

OPEC artıq qlobal neft bazarında əsas oyunçu olmaqdan çıxır

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 14 iyul — Sputnik. "Artıq ABŞ neft bazarına elə bir güc ilə daxil olub ki, OPEC-in özünün bu bazara təsir imkanları məhdudlaşıb". Bunu iqtisadçı-ekspert Azər Mehtiyev Sputnik Azərbaycan-a açıqlamasında deyib.

Onun sözlərinə görə, əvvəllər OPEC bazarda prosesləri istədiyi kimi tənzimləyə bilirdi: "Ancaq ABŞ-ın yerli istehsalı artırması neft bazarında yeni bir vəziyyət yaradır. Artıq OPEC ölkələri, xüsusilə Səudiyyə Ərəbistanı görür ki, bazarlar uğrunda yeni mübarizə forması başlayıb. Neft hasilatını azaltmaqla əldən verilən bazarlar, ABŞ və digər OPEC üzvü olmayan və yaxud da bu sazişlərdə iştirak etməyən ölkələr tərəfindən tutulur. Nəticə olaraq artıq OPEC-in proseslərə təsir imkanları azalır. Bu da neft bazarında yeni vəziyyət yaradır ki, ölkələr neft hasilatını azaltmaqla bazarı əldən vermək istəmirlər".

İlham Əliyev 22-ci Dünya Neft Konqresində prezidentlərin tədbirində iştirak edib
© Official website of President of Azerbaijan Republic

Ekspertin fikrincə, hətta, OPEC-in neft hasilatının azaldılması ilə bağlı anlaşması qüvvədə qalsa belə, bazarda yeni situasiyanın yaranması qaçılmaz olduğuna görə, ölkələr bu razılaşmalardan imtina etməyə məcburdur: "Bu da onu göstərir ki, yaxın vaxtlarda neft bazarında tam bir rəqabətin şahidi olacağıq. Yəni, bazarda qiymətlər rəqabətin təsiri altında gah azalacaq, gah qalxacaq. Ancaq qiymətlərdə meyl, əsasən azalmaya doğru olacaq".

İqtisadçı-ekspert Natiq Cəfərli də Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, OPEC anlaşması bazarda qısamüddətli hərəkətlilik yaratsa da, qlobal anlamda bazara ciddi təsir etməyib: "Rusiya da bunu anlayır. Çünki ümidlər var idi ki, mayın 25-də OPEC anlaşmasından sonra neftin qiymətində ciddi artım olacaq. Yəni, OPEC anlaşmanı gələn ilin mart ayına qədər uzadıb. Amma əks proses başlayıb və bazarda qiymətlərin enməsini müşahidə edirik. Artıq neftin qiyməti 46-47 dollardır. Halbuki OPEC anlaşmasından öncə 54 dollar olub".

Onun sözlərinə görə, OPEC-in əsas oyunçu qismində rolunu itirməsi müşahidə olunur: "Hazırda neft bazarında əsas oyunçu kimi daha çox ABŞ önə çıxır. Çünki həm hasilatı artırır, həm də daxili ehtiyatları hesabına xaricdən aldıqları nefti azaldır. Eyni zamanda, ABŞ strateji ehtiyatlarını satmağa başlayıb. Çünki 1970-ci illərdə strateji ehtiyatların genişləndirilməsi haqqında qərar verilərkən düşünülürdü ki, dünyada qlobal neft böhranı yaşansa, ABŞ öz ehtiyatları hesabına bir müddət, azı bir neçə il bu böhrandan çıxa bilər".

"İndi elə bir ehtimal sıfıra yaxındır. Çünki qlobal neft bazarında bolluq müşahidə olunur. Ona görə də ABŞ-ın öz ehtiyatlarının artırmaq və yaxud saxlamaq ehtiyacı da gündəmdən düşüb. Ona görə ABŞ ehtiyatlarını satmaq barədə qərar verib. ABŞ-ın bu qərarı qlobal neft bazarına mənfi təsir göstərir və qiymətləri aşağı çəkən əsas amillərdən biridir" — N. Cəfərli bildirib.

Ekspertin fikrincə, Rusiyanın energetika nazirinin açıqlaması dolayısı ilə buna işarədir ki, OPEC artıq qlobal neft bazarında əsas oyunçu olmaqdan çıxır. Yəni, bu rol ABŞ-a keçir: "İlin sonuna kəskin qiymət enməsi olmasa da, ən azından 40-50 dollar arasında uzun müddət davam edə bilər. Yaxın gələcəkdə neftin qiyməti 40 dollar da ola bilər. Avqust ayında qlobal bazarlarda çox zaman sakitlik olur. Amma bu il ərzində neftin ortalama qiymətinin 45-48 dollar arasında olması ehtimalı daha yüksəkdir".

Qeyd edək ki, Rusiyanın energetika naziri Aleksandr Novak jurnalistlərə açıqlamasında OPEC və ona üzv olmayan ölkələrin neft hasilatının azaldılması ilə bağlı anlaşmasından çıxışın məqsədəuyğun olduğunu və bunun bir neçə ay zaman alacağını deyib: "Bu qərar hasilatın tədricən bərpa edilməsi anlamına gəlir. Bu, nazirlərin görüşündə müzakirə olunmalıdır".

Əlaqədar

Rusiya OPEC-in hasilatın daha da azaldılmasına qarşı çıxacaq
Ekspert: “OPEC-in qərarlarından ən çox ABŞ xeyir görür”
Daha bir ölkə OPEC-ə qoşuldu
OPEC-in hasilat anlaşması bu tarixədək uzadıla bilər
OPEC hasilat qərarını mayın 25-də verəcək
OPEC iclasa hazırlaşır: neft bazarı ilə bağlı qərar verəcək
İranla OPEC arasında gərginlik nədən qaynaqlanır?
Teqlər:
neft bazarı, Sputnik Azərbaycan, Azər Mehtiyev, Natiq Cəfərli, iqtisadçı-ekspert, OPEC, ABŞ

Əsas mövzular