Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Əvvəlcə aydınlaşdırmaq lazımdır ki, kəndli o torpağı niyə əkib-becərmir"

© Sputnik / Kamal AlmuradlıƏkin sahəsi
Əkin sahəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Fermerin torpağı var, amma həmin torpağı becərmək üçün pulu yoxdur. Buna görə cərimələnməsi doğru deyil."

BAKI, 26 dek — Sputnik. Kənd Təsərrüfatı Nazirliyi "Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqlarının müəyyən edilməsi meyarları və Qaydası" layihəsini hazırlayıb. Meyarlar və qayda kənd təsərrüfatı torpaqlarına tətbiq ediləcək vergi dərəcəsini müəyyənləşdirmək üçün hazırlanıb.

Cəbhəyanı kəndlərdə həyat öz axarı ilə davam edir - Sputnik Azərbaycan
Yanvarın 1-də Azərbaycan əhalisini sürpriz gözləyir

2017-ci il yanvarın 1-dən etibarən kənd təsərrüfatı torpaqlarına yeni vergi dərəcəsi tətbiq ediləcək. Vergi Məcəlləsində, Prezidentin 6 may 2016-cı il tarixli fərmanı ilə edilmiş dəyişikliklərə əsasən, torpaq sahibləri istifadəsiz kənd təsərrüfatı torpaqlarının hər 100 kvadrat metrinə görə 1 manat məbləğində vergi ödəyəcəklər.

"Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanuna görə, müvafiq icra hakimiyyəti orqanının verdiyi arayışa əsasən, təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manatdır. Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları müvafiq icra hakimiyyəti orqanının — Kənd Təsərrüfatı Nazirliyinin təsdiqlədiyi qayda və meyarlar əsasında müəyyən edilir.

© Photo : Social media page of Vugar BayramovVüqar Bayramov
Vüqar Bayramov - Sputnik Azərbaycan
Vüqar Bayramov

Məsələ ilə əlaqədar iqtisadçı-ekspert Vüqar Bayramov Sputnik-ə açıqlamasında deyib ki, burada əsas məqsəd istifadəsiz kənd təsərrüfatı torpaqlarının dövriyyəyə cəlb edilməsinə nail olmaqdır: "Əslində burada əsas yanaşma ondan ibarətdir ki, əgər vergilər tətbiq olunarsa, o zaman istifadəsiz torpaqları, kənd təsərrüfatı üçün yararlı torpaqları istifadəyə cəlb etmək mümkündür. Belə təcrübə digər ölkələrdə var".

"Amma burada çox önəmli məqam, məhz bunun icrası ilə bağlıdır ki, bu, hansı səviyyədə reallaşa biləcək və ümumiyyətlə, vergiyə cəlb edilmə prosesi hansı torpaqları əhatə edəcək. Çünki, bəzi hallarda fermerin torpağı var, amma həmin torpağın yetişdirilməsi üçün maliyyə resursları, yəni, pulu azdır. Bu torpağı yetişdirmək istəyir, amma yetişdirə bilmir. Həmin torpaqlara verginin tətbiq edilməsi arzuolunan deyil", — ekspert bildirib.

Onun fikrincə, belə halda, istifadəsiz qalan torpaqların nə üçün istifadəsiz qaldığının səbəblərinə baxmaq lazımdır: "Torpaqların istifadəsiz qalma səbəbi, sadəcə həmin torpaqlardan istifadə etməməkdir, yoxsa onların istifadəsi ilə bağlı maliyyə vəsaitlərinin azlığıdır? Bax, bu suala aydınlıq gətirilməlidir".

Bayramova görə, kənd təsərrüfatı torpaqlarının istifadəsiz qalma səbəblərinin ayrılıqda araşdırılması çox vacibdir: "Nəzərə alaq ki, xeyli sayda və sahə etibarı ilə böyük həcmdə torpaqlar istifadəsizdir və həmin torpaqların bir qismi fərqli iş adamları, hətta hökumətdə təmsil olunan şəxslər tərəfindən alınıb və ya tutulub. Onlar istifadə edilmir. Həmin torpaqlara vergi tətbiq olunmalıdır və onların yenidən istifadəyə qaytarılmasına ehtiyac var".

"Məhz, bundan sonra bəlli olacaq ki, yeni qərar nə dərəcədə təsirli olacaq, nə qədər əraziləri əhatə edəcək, bütün istifadəsiz torpaqları əhatə edəcəkmi və s. Yalnız o torpaqları əhatə etməlidir ki, onlar istifadəsizdir, zəbt olunub və sadəcə o torpaqlardan istifadə etmək istəmirlər", — iqtisadçı vurğulayıb.

Xəbər lenti
0