02:55 25 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0657
İQTİSADİYYAT
Qısa URL
269 0 0

Samir Əliyev: "Bugünkü vəziyyət mövcud iqtisadiyyatın yaratdığı fəsaddır. O baxımdan Mərkəzi Bank bu işi həll edə bilməz"

BAKI, 23 avq — Sputnik. "Əgər məzənnə tələb və təklif əsasında formalaşırsa, bu halda Mərkəzi Bankın "devalvasiya ilə bağlı şayiələr əsassızdır" fikri düzgün deyil. Yəni, əgər prosesi tələb və təklif müəyyən edirsə, devalvasiyanın olmayacağını Mərkəzi Bank necə müəyyən edəcək? Bu baxımdan Mərkəzi Bankın bu fikri daha çox bazarı sakitləşdirməyə yönəlib".

Samir Əliyev, iqtisadçı-ekspert
© Sputnik / Murad Orujov
Samir Əliyev, iqtisadçı-ekspert

Bunu iqtisadçı-ekspert Samir Əliyev Sputnik-ə açıqlamasında deyib. Onun fikrincə, Mərkəzi Bankın bazarı dollarla təmin etmək barədə düşünməsi yaxşı olardı: "Bu, təkcə Mərkəzi Bankın işi deyil. Bugünkü vəziyyət mövcud iqtisadiyyatın yaratdığı fəsaddır. O baxımdan Mərkəzi Bank bu işi həll edə bilməz".

Ekspert Dövlət Neft Fondunun valyuta hərraclarında dollar satışı təşkil etdiyini xatırladıb: "Hərrac həftədə iki dəfə — 2-ci və 4-cü günlər keçirilir. Hərraclara 50 milyon dollar çıxarılır və həmişə tələb təklifə nisbətdə 10-12 dəfə çox olur. Yəni, 500-700 milyon dollarlıq tələbə qarşı cəmi 50 milyon dollar satılır. Bankların tələbi çoxdur. Bu, artıq bazarda dollara olan tələbatı göstərir. Artıq 3 aydır başlayaraq bu proses belədir".

"Bu gün bankların 600-700 milyon dollarlıq tələbini ödəməklə problem həll olunmayacaq. Tələbat getdikcə artacaq. Bunun səbəbi bir tərəfdən idxalın artmasıdır. İdxal artanda dollar ölkədən xaricə daha çox gedir. İkinci səbəb bankların borc öhdəlikləridir ki, bunu qaytarmalıdırlar. Bu borc öhdəlikləri xarici valyutadadır. Digər kiçik səbəblər də var, amma əsas bu iki səbəbdir. Tədiyyə balansına baxsaq, ölkəyə gələn dollar ölkədən çıxan dollardan azdır. Yəni, mənfi kəsir var", — S. Əliyev vurğulayıb.

İqtisadçı problemdən çıxış yollarını da qeyd edib: "Dövlət Neft Fondu xaricdə böyük həcmdə aktivlər saxlayır. Bunların hamısının illik gəlirini hesablayanda 1 faizdən çox deyil. Yəni, xarici depozit kimi yatırdığı dollar vəsaitlərinin müəyyən bir hissəsini Azərbaycanın banklarında depozit şəklində aşağı faizlə yerləşdirə bilər. Məsələn, illik 3-4 faizlə yerləşdirə bilər. Bununla həm bankların dollar təminatı həll olar, həm də Dövlət Neft Fondunun özünün gəlirliyi artar. Yəni, başqa bankda 1-2 faizlə yerləşdirincə, elə öz banklarımızda yüksək faizlə yerləşdirmək olar. Bu variantdan istifadə etmək olar".

"Dollara olan yüksək tələbat hələ bir müddət davam edəcək. Tələbat yüksək qaldıqca da manata təzyiq artacaq və manat dəyər itirəcək. Son 3 aya yaxın müddətdə manat dollara münasibətdə 10 faiz dəyər itirib. Bu gün faktiki olaraq devalvasiya prosesi baş verir. Yumşaq devalvasiya gedir və bu, ilin sonuna kimi belə tərzdə davam edəcək. Ölkədə devalvasiya var, sadəcə kəskin deyil, yumşaq devalvasiyadır", — ekspert vurğulayıb.

Dollar və manat
© Sputnik / Murad Orujov

O, hesab edir ki, manatın tədricən ucuzlaşdırılması prosesi düzgün addımdır: "Bunu əvvəlki 2 devalvasiyadan qabaq etmək lazım idi. İndi çox gec də olsa, bu addımı atırlar. Hər bir halda manatı süni yolla saxlamağın yolu yoxdur, onun perspektivi, gələcəyi yoxdur. Tədricən manat ucuzlaşmalıdır".

Qeyd edək ki, ötən gün Mərkəzi Bank ölkədə devalvasiya olacağı xəbərlərini təkzib edib: "Devalvasiya ilə bağlı şayiələr əsassızdır. Belə ki, manatın məzənnəsi mövcud məzənnə rejiminə uyğun olaraq valyuta bazarında tələb və təklifdən asılı olaraq formalaşır".

MB-dən bildirilib ki, valyuta satışı hərraclarının keçirilmədiyi günlərdə banklararası valyuta bazarı fəaliyyət göstərir və banklar valyuta tələblərini bu bazar vasitəsilə ödəyə bilərlər.

Əlaqədar

Devalvasiya avtomobil bazarına ciddi ziyan vurub
"Formula 1-ə qərar veriləndə devalvasiya olacağı ağıla gəlmirdi"
Devalvasiya bunu da bacardı: el adətləri dəyişir
Növbəti devalvasiya təhlükəsi: Mərkəzi Bank uçot dərəcəsini artırdı
Devalvasiya yüklü 8 mart: qadın nə düşünür?
"Devalvasiya gözləntisi var, insanlar əmanət qoymaqda maraqlı olmayacaq"
Teqlər:
devalvasiya, məzənnə, Samir Əliyev, Mərkəzi Bank, manat, dollar

Əsas mövzular