19:11 05 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

Təsəvvür edin, Neft Fondu olmasaydı, nə baş verərdi...

İQTİSADİYYAT
Qısa URL
148 0 0

Ekspert: "Artıq neftin qiyməti 50 dollara çatıb, bir az da bahalaşarsa, hökumətin bundan sonrakı davranışları maraqlı olacaq. Yəni islahatları davam etdirəcək, ya əvvəlki qaydaya qayıdacaq".

Neft Fondu olmasaydı nə edərdik?
BAKI, 19 may — Sputnik. Prezident İlham Əliyev Dövlət Neft Fondunun (ARDNF) 2015-ci il büdcəsinin icrası haqqında sərəncam imzalayıb. DNF-in 2015-ci il büdcəsinin icrası, gəlirlər 7 721 084,9 min manat, xərclər 9 187 826,9 min manat və ya Fondun 2015-ci il büdcəsində nəzərdə tutulana nisbətən gəlirlər üzrə 75,4%, xərclər üzrə 77,8% səviyyəsində təsdiq edilib.

Nicat Hacızadə, iqtisadçı ekspert
© Photo : APA
Nicat Hacızadə, iqtisadçı ekspert

İqtisadçı ekspert Nicat Hacızadə Sputnik-ə şərhində bildirib ki, ötən il Neft Fondu müəyyən qədər defisitlərlə icra olunub. Onun sözlərinə görə, yanvar-iyun aylarında gəlirlər daha yüksək dərəcədə qeyd olunub: "Yəni 4,54 milyard gəlirlər təşkil edib, xərclər isə 4, 42 milyard səviyyəsində qeyd olunub".

N.Hacızadə deyir ki, fondun aktivlərindən düzgün və səmərəli şəkildə istifadə etmək lazımdır: "Dünya təcrübəsinə baxsaq, görərik ki, neft fondlarının əksəriyyəti vəsaitlərin idarə olunmasından daha çox gəlirlər götürürlər. Nümunə kimi isə Norveç Neft Fondunu qeyd eləmək mümkündür. Azərbaycanın Neft Fondunun gəlirlərində isə neftdən gələn gəlirlər daha çoxdur".

"Biz bilirik ki, DNF Rusiyada və Avropada bir sıra daşınmaz əmlaklara malikdir. Fondun investisiya qoyduğu daşınmaz əmlakların həmin ölkələrdəki dəyərləri aşağı düşüb. Xüsusilə Rusiyada daşınmaz əmlak bazarında enmələr mövcuddur və bazarda müəyyən qədər böhran yaşanır. Amma, Neft Fondunun aldığı daşınmaz əmlakın əsasən götürdüyü gəlir mənbəyi onların icarəyə verilməsi ilə bağlıdır. Ondan qazandığı gəlirlər vəsaitlərin idarə olunmasından qazandığı gəlirlərə daxil edilir", — ekspert deyib.

İqtisadçının fikrincə, Azərbaycanın DNF-siz qazandığı gəlirlər belə, qonşu ölkələrin gəlirlərindən çoxdur: "Ölkənin DNF-siz qazandığı gəlirlər Cənubi Qafqaz cəhətdən götürsək, yenə də Gürcüstan və Ermənistanı üstələyir. Biz hətta DNF olmadan belə, vergi və gömrük rüsumları hesabına Ermənistan və Gürcüstandan daha irəlidəyik".

Ekspert bildirir ki, burada da əsas rolu neft şirkətlərindən alınan vergilər təşkil edir. Bununla yanaşı, onun sözlərinə görə, hazırkı büdcə ilə DNF-nin icra edəcəyi bəzi layihələr ixtisar olunmalıdır.

Samir Əliyev, iqtisadçı-ekspert
© Sputnik / Murad Orujov
Samir Əliyev, iqtisadçı-ekspert

Digər iqtisadçı Samir Əliyev isə, DNF-in Azərbaycanın strateji valyuta ehtiyyatının əsas hissəsini təşkil edən qurum olduğunu deyir. "Mərkəzi Bankda 4 milyard, DNF-də isə 34 milyarda yaxın vəsait olduğunu nəzərə alsaq, ölkənin 38 milyarda yaxın valyuta ehtiyatı var. Bu gün bazara baxsaq, dollar satışını DNF həyata keçirir. Nəinki bu ay, aprel və mart aylarında da əsas satış DNF vasitəsi ilə gerçəkləşib. Ümumiyyətlə, 2016-cı ilin bugünkü tarixinə qədər DNF tərəfindən 1,8 milyarddan çox, MB tərəfindən təxminən 600 milyona yaxın dollar satılıb. Təsəvür edin ki, Neft Fondu olmasaydı, bu 1,8 milyard satılmasaydı, nə baş verərdi".

Ekspert iddia edir ki, DNF olmasaydı, bu gün dollar bir manat əlli qəpik yox, bir neçə manat olardı: "Büdcənin əsasını da DNF təşkil edir. Neft Fondunun dövlət büdcəsində payı 50%-dan yüksək olub. Bu, böyük vəsaitdir, bu il də 6 milyard pul köçürülüb. Yəni, Neft Fondu olmasaydı, bizim büdcəmiz indikindən 2 dəfə və ya 30-40% az olardı".

"Bu baxımdan Neft Fondu ölkə iqtisadiyyatında birbaşa iştirak etməsə də, dövlət büdcəsinə böyük transfer edib. Belə olmasaydı, büdcə xərcləri də az olardı. Bu baxımdan, mən Neft Fondunun Azərbaycan iqtisadiyyatındakı rolunu əhəmiyyətli hesab edirəm", — ekspert vurğulayıb.

S. Əliyev eyni zamanda, indiki iqtisadi böhranın da əsas səbəbinin neftlə bağlı olduğunu nəzə çatdıraraq, deyir ki, neftdən asılı olmasaydıq, böhranın miqyasını bu qədər geniş hiss etməzdik: "İqtisadi diversifikasiya və sahibkarlıq yoxdur. Bunların səbəbi havayı neft pullarının gəlməsi olub ki, hökumət nə islahatlarda, nə də sahibkarlığın inkişafında maraqlı olub. İndi neft pullarının azalması fonunda artıq hökumət düşünməyə başlayıb, bu sahədə müəyyən addımlar da atır. İndi neftin qiyməti 50 dollara çatıb, bir az da bahalaşarsa, hökumətin bundan sonrakı davranışları maraqlı olacaq. Yəni islahatları davam etdirəcək, ya əvvəlki qaydaya qayıdacaq".

Qeyd edək ki, mayın 19-da "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 0,43 dollar və ya 0,85% artaraq 51,16 dollar təşkil edib.

Əlaqədar

Dövlət Neft Fondu 48,4 milyon dollar satıb
Dövlət Neft Fondu hərracda 49 milyon dollar satıb
Neft Fondu büdcəyə 1,7 mln manat köçürüb
Banklar Neft Fondundan 100 milyon tələb edir, dollar yenidən qalxdı
Neft Fondu 23 banka 100 mln. dollar satıb
Neft Fondu 13 banka 177,5 milyon dollar satdı
Teqlər:
ARDNF, Dövlət Neft Fondu, Nicat Hacızadə, Samir Əliyev, dollar, neft

Əsas mövzular