CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Teatr, petisiya və iki növ etirazçı: "İnsanlarda da vicdan olmalıdır"

© AFP 2024 / NATALIA KOLESNIKOVABoş teatr səhnəsi, arxiv şəkli
Boş teatr səhnəsi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 24.08.2021
Abunə olmaq
Xalq artisti Nurəddin Mehdixanlı bildirib ki, insanlar təkcə fiziki xəstəliklərə tutulmur, mənəvi xəstəliklərə də yoluxurlar. Boşluq olanda nəticə etibarı ilə humanitar fəlakətə gətirib çıxara bilir. Afaq Bəşirqızı isə həmkarları ilə razı deyil.
BAKI, 24 avqust — Sputnik. Prezident Administrasiyasının (PA) İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümovun Nazirlər Kabineti yanında Operativ Qərargahın ötən həftə keçirilən brifinqində çıxışı zamanı "Teatr və kinoteatrların fəaliyyəti hələ ki, məhduddur" fikri sənət adamlarının böyük bir qismini məyus edib.
Sputnik Azərbaycan xəbər verir ki, sosial şəbəkələrdə #teatrlaraçılsın #teatrlarıaç #teatrlarıaçın həştəqi altında paylaşım edən sənət adamları petisiya hazırlamağı qərara alıblar.
Barəsində danışdığımız məsələyə ən çox etiraz edən Gənc Tamaşaçılar Teatrının aktyoru və rejissoru, Əməkdar artist Nicat Kazımovdur. N.Kazımov bildirir ki, Operativ Qərargah düşünməliydi ki, teatrlar açılandan sonra köhnə tamaşaları yada salmaq üçün ən azından 20 gün, 1 ay vaxt lazımdır. Əgər sentyabrın 1-i teatrlar açılsa, bu o deməkdir ki, onlar sentyabrın 20-dən sonra tamaşaları oynamağa başlaya bilərlər: "İkinci mövsüm gəlir ki, biz teatrsızıq. Başa düşürəm, indi məzuniyyət vaxtıdır, teatr mövsümü deyil. Amma qətiyyən bu haqda düşünmək istəmirlər, deyəsən. Teatrı, kinoteatrı, mədəniyyət ocaqlarını ən son ana saxlamaqlarının nə məqsədi, nə də səbəbi mənə aydındırl. Teatr ticarət mərkəzlərindən, toylardan, diskotekalardan, gecə klublarından çoxmu yayır xəstəliyi?"
Aktyor Operativ Qərargahın bu addımını məntiqsiz hesab edir. Onun fikrincə, tamaşaçıları məsafəli şəkildə otuzdurmaq olar. Rejissor əlavə edib ki, həmkarları fəaliyyətsiz qalmaqla formadan düşürlər. Bildiklərini belə unudurlar: "Bilmirəm, bəlkə də bu çoxlarına sərf edir, çünki çox ağzıgöyçəklər deyirdilər ki, Azərbaycanda teatr yoxdur. Amma belə deyil axı. Bilərəkdən teatrı koma vəziyyətinə salırlar. Mən Operativ Qərargahdan, aidiyyəti şəxslərdən çox xahiş edirəm, düşünsünlər, Azərbaycan teatrını məhv etmək olmaz. Qətiyyən olmaz. Tezliklə bu məsələyə baxsınlar, axırıncı sıraya atmasınlar. Hər şey müzakirə olunur, ən sonda fikirləşirlər ki, bəlkə, teatr haqda düşünsünlər. Məncə, belə olmaz. Çox xahiş edirəm, tez bir zamanda teatrlar açılsın.
"Hamısı bizim ömrümüzdən gedir. Teatrların psixoloji təsiri xəstəliyin özündən daha çox təsir edir. Bu xəstəlik dünya durduqca durmayacaq. Bu xəstəlik bitəndə teatrın bitməsinimi istəyirik? Biz 1 ay məzuniyyətdə oluruq, məzuniyyətdən qayıdandan sonra özümüzdə ağırlıq hiss edirik. Bütün gecə klubları, restoranlar işləyir, orada xəstəliklər yayılmır, təkcə teatrda yayılır? COVID pasportu ilə, zala daxil olan tamaşaçının hərarətini ölçməklə bunun qarşısını almaq olar. İnsanlarda da vicdan olmalıdır. Əgər məndə xəstəlik varsa, mən özümü təcrid etməliyəm, cəmiyyət içinə çıxmamalıyam", - deyə Əməkdar artist qeyd edib.
Məlum məsələyə Xalq artisti Nurəddin Mehdixanlı da səssiz qalmayıb. Aktyor bildirir ki, Akademik Milli Dram Teatrının tamaşaçı zalında 500 nəfərlik yer var. 100 nəfəri qəbul edə bilərlər, ara məsafəsi saxlamaqla, maskalardan istifadə etməklə, gigiyena qaydalarını gözləməklə tamaşalar təşkil edilə bilər. Aktyor düşünür ki, teatrlara qadağa Azərbaycanda teatr mədəniyyətinin tədrici ölümünə aparıb çıxarır: “Bunu düşünmək lazımdır. Bilmirəm, Operativ Qərargah üzvləri arasında bu sahəni bilən adamlar var, yoxsa yoxdur, amma insanlar təkcə fiziki xəstəliklərə tutulmurlar, mənəvi xəstəliklərə də yoluxurlar. Boşluq olanda nəticə etibarı ilə humanitar fəlakətə gətirib çıxara bilir".
Aktyorların bir araya gələrək Operativ Qərargaha rəsmi şəkildə müraciət edib-etməyəcəyinə gəlincə, Nurəddin Mehdixanlı buna ehtiyac olmadığını söyləyib: "Azərbaycanda bu sahə ilə bağlı kifayət qədər dövlət strukturları var. Dövlətin büdcəsindən maaş alırlar, yaşayıb, dolanırlar. Aktyorların müraciət, məktub ünvanlanmasına ehtiyac yoxdur. Sadəcə olaraq hər kəs öz yerindən öz işini görməlidir. Sözdə deyil, əməlində hərəkəti ilə bu dövlətin, bu ölkənin yanında olduğunu göstərməlidir. Teatr rəhbərləri bu sahəyə diqqət edib, sentyabr ayından öz fəaliyyətlərində dönüş yaratsınlar. İstəsələr, edə bilərlər".
Xalq artisti Afaq Bəşirqızı isə həmkarları ilə həmfikir deyil. Onun fikrincə, hazırda teatrların açılması doğru deyil. Xalq artisti fikrini belə izah edib:
"Mən teatrların açılmasına qarşıyam. Petisiyaya o zaman imza ataram ki, bu, qanuni olsun. Teatrın indi açılmasını istəyənlər teatrımızın məhvini istəyənlərdir. Biz tamaşaçı ilə ünsiyyətdə oluruq. Nə məlumdur ki, tamaşaya gələn tamaşaçı sağlamdır. Fikir verin, toylar açılan gündən yoluxma sayı kəskin şəkildə artdı. Ona görə də mən hələlik teatrların açılmasına qarşıyam".
"Toylara, şadlıq saraylarına, idman zallarına COVID pasportu ilə daxil olmaq mümkün olduğu halda, teatra niyə mümkün olmasın?" sualına aktrisanın cavabı belə olub: "Mərhum Əjdər Həmidovun da, Səməd Səmədovun da COVID pasportu var idi. Amma onlar dünyasını dəyişiblər. Deməli, COVID pasportu məsələsi hələ o demək deyil ki, tamaşaya gələn adam vaksin olunub, xəstə deyil".
Abdulla Şaiq adına Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova bildirir ki, vaksinasiya məsələsi gündəmə gələn gündən teatrın bütün kollektivi – direktorundan ta mühafizəsinə qədər hər kəs vaksin vurdurdu ki, bəlkə, teatrları açarlar. Operativ Qərargahın qoyduğu bütün tələbləri yerinə yetirdiklərini deyən mətbuat katibinin sözlərinə görə, teatr vaxtaşırı dezinfeksiya olunur: "Teatrın binası başdan-ayağa – qrim otaqları, səhnə, kuklalar, geyim otaqları və s. mütəmadi olaraq dezinfeksiya olunub. Bizdən tələb olunan hər şeyi etmişik, təki teatrlar açılsın. Heç olmasa yeni mövsümdə məşqlərə başlanılsın. Aktyorlarımız, rejissorlarımız artıq ruhən sönüblər. Bunu təkcə öz teatrımızın aktyorlarına şamil etmirəm. Bu, başqa teatrlara da aiddir. Bizim etirazımızın, petisiya qaldırmağımızın bir səbəbi var ki, teatrlar tezliklə açılsın".
Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı bildirir ki, teatrın yaradıcı və inzibati heyəti 80 faiz vaksin olunub. 20 faiz isə müxtəlif üzrlü səbəblərdən vaksin olunmayıb:
"Teatrın bu qədər müddətdə bağlı qalmasının fəsadları çox böyükdür. Həm tamaşaçı baxımından, həm aktyorların sənət vərdişlərinin itirilməsi baxımından və s. Aktyorlar bu səbəbləri zaman-zaman media vasitəsilə çatdırıblar. Bizə ümid etmək qalır. Hələ ki teatrın açılıb-açılmayacağı barədə dəqiq məlumat yoxdur. Mədəniyyət Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsi də bununla bağlı açıqlama verib ki, nazirlik tərəfindən Operativ Qərargaha müraciət olunub. Ümid edirik ki, tezliklə teatrlar açılar".
Mövzu ilə bağlı Mədəniyyət Nazirliyinə sorğumuza cavab olaraq bildirildi ki, Azərbaycanda xüsusi karantin rejimi müddətində teatr-konsert müəssisələrinin fəaliyyətinin davam etdirilməsi barədə qərar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilə bilər. Nazirlik tərəfindən bu məsələ ilə bağlı müraciət Operativ Qərargaha ünvanlanıb. Teatrların fəaliyyəti ilə bağlı hər hansı qərar verilərsə, ictimaiyyətə bu barədə məlumat veriləcək. Ümid edirik ki, epidemioloji vəziyyət tezliklə stabilləşər və ölkəmizin mədəni həyatı öz axarına qayıdar.
Eləcə də oxuyun:
Sənət adamları Operativ Qərargahın qərarına üsyan etdilər: Çörçili yada salan da var
Xəbər lenti
0